Dahi şəxsiyyət və müdrik
lider:
Ulu Öndər Heydər
Əliyevi anarkən...
Hər bir xalqın tarixində
layiqli rəhbərin özünəməxsus rolu olur. Müstəqil
dövlət qura bilən millətlər isə öz daxilindən
lider-siyasətçi yetişdirir. Bunu bacarmayanlar gec və ya
tez tarixin böyük xalqlarının səhnəsindən
silinirlər. Azərbaycan xalqı çox müdrik
xalqdır. Keçən əsrin 90-cı illərinin çox
mürəkkəb dönəmində Heydər Əliyevin
yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk
etdi və sonra ona nail oldu. Bununla müasir dövlətçilik
tarixində ciddi bir dönüş başladı. Heydər
Əliyev fəaliyyəti ilə müstəqil Azərbaycan
dövlətçiliyinin inkişafında müstəsna xidmətlər
göstərdi. Bütün dünya gördü ki, Azərbaycan
yüksək iradə, inam, ağıl və sistemliliklə
çətinliklərdən çıxıb,
inkişafın zirvəsinə qalxır. Bu gün artıq Azərbaycan
Cənubi Qafqazın lideri və geosiyasi dayaq nöqtəsidir.
Bütün bu məqamlar işığında Ulu Öndərin
dahiliyi, yüksək şəxsi keyfiyyətləri, liderliyi və
müdrikliyi üzərində geniş dayanmağa ehtiyac
görürük.
Çətin zamanlar, sınaqlar
dövrü və xalqın iradəsi
Heydər Əliyev həyat və fəaliyyəti daim araşdırılmalı olan dahi şəxsiyyətlərdəndir. Ulu Öndərin irsi bütün zamanlarda dövlət quruculuğu yoluna işıq salan, özündə dərin konseptual məqamları əks etdirən mükəmməl sistemdir. Dünyada geosiyasi proseslərin sürətlənməsi ilə meydana çıxan riskləri aradan qaldırmaq, təhdidlərin öhdəsindən layiqincə gəlmək və müstəqil demokratik dövlət quruculuğunu daha da yüksəkliklərə qaldırmaq üçün mütləq Ümummilli Liderin irsinə müraciət etmək gərəkdir.
Əlbəttə, bir məqalədə bu dahi insanın siyasi irsinin bütün aspektlərini əhatə etmək mümkün deyildir. Yalnız bir sıra məqamların üzərində dayanaraq, müəyyən fikirlər ifadə etmək olar. Biz Heydər Əliyevin fəaliyyətinə onun malik olduğu dahilik, yüksək şəxsiyyətlilik və müdriklik aspektlərində nəzər salmaq istərdik. Bu keyfiyyətlər elmdə çoxdan öyrənilir. Onların fəlsəfi, psixoloji, sosial və digər aspektləri haqqında alimlərin fikirləri mövcuddur.
Ancaq Heydər Əliyev bir fenomendir. Onun vurğulanan üç
ali keyfiyyəti özündə birləşdirməsi
və konkret fəaliyyətində onları nümayiş
etdirə bilməsi ayrıca araşdırma tələb edir. Özü də bütün bunlar Azərbaycan
dövlətçiliyi, siyasəti, iqtisadiyyatı, mənəvi-əxlaqi
dəyərləri üçün çox çətin
olan bir mərhələdə təzahür edib. Dünyada ikinci belə nümunə yoxdur. Buna əmin olmaq üçün ötən əsrin
90-cı illərinə qısa nəzər salaq.
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini
bəyan edəndə bütün dünya qarışıq vəziyyətdə
idi. Sosialist
düşərgəsinin dağılması fonunda Qərbin
siyasi dairələri özlərini mütləq qalib kimi hiss
edərək, güclə də olsa dəyələrini
bütün dünyaya qəbul etdirməyə çalışırdılar.
Xüsusilə müstəqilliyini əldə
etmiş ölkələrə özlərindən tam
asılı olan məkan olaraq yanaşırdılar. Həmin
ölkələrin milli özünəməxsusluğu Qərb
üçün bir köhnəlik əlaməti idi və buna
görə də liberalizm, demokratiya, insan haqları, iqtisadi
inteqrasiya, islahatlar, azad ticarət və digər bu kimi təmtəraqlı
ibarələrdən istifadə edərək, öz iradələrini
qəbul etdirməyə aramsız cəhdlər göstərirdilər.
Onlara dünyaya açılan yeni bazarlardan daha çox
faydalanmaq hərisliyi də xas idi. Bu zaman yerli
xalqların və dövlətlərin maraqlarını nəzərə
almaq istəmirdilər. Hər kəsi
özlərinə borclu sayırdılar. Etiraf
etmək lazımdır ki, postsovet məkanının əksər
dövlətləri bu yanlışlığa aldandı.
Onlar liberalizm və demokratiya ifadələrindən
istifadə edənlərin tələsinə düşdülər.
Azərbaycan da 1993-cü ilin birinci
yarısına qədər kənar təsirlərin altında
idi.
Bunlardan əlavə, Azərbaycan üçün
başqa çətinlik də yaranmışdı – havadarlarının
böyük yardımı ilə Ermənistan silahlı quldur
dəstələri Azərbaycan ərazisinə aramsız
hücumlar edirdi. Nəticədə, ölkədə siyasi
xaos yaranır, ərazilər işğal olunurdu. Azərbaycana o dövrdə rəhbərlik edənlər
isə lazımi səviyyədə peşəkar
olmadıqlarından vəziyyəti nizama sala bilmirdilər.
Əksinə, ölkə parçalanmaq təhlükəsi
ilə üz-üzə qalmışdı.
Bütün bunlar həm insanlarda psixoloji bədbinlik
yaradır, həm də dövlətçiliyin məhv
olması təhlükəsini meydana gətirmişdi. Sosial-iqtisadi vəziyyət
acınacaqlı idi. Ən pis olanı o idi
ki, Azərbaycana rəhbərlik edənlər
çıxış yolu tapa bilmirdilər. Hər tərəfdən ölkəyə təzyiqlər
olunurdu. Getdikcə daha çox
torpaqlarımız işğal altına
düşürdü. Bu prosesin
qarşısı alınmasa idi, Azərbaycan ölkə və
dövlət olaraq çox acınacaqlı problemlərlə
üzləşəcəkdi.
Azərbaycan üçün çox mürəkkəb
olan bu mərhələdə tarixi təcrübə Heydər
Əliyevin yenidən hakimiyyətə gəlməsi zərurətini
ortaya qoyurdu. Müdrik Azərbaycan xalqı bu tarixi zərurəti
dərk etdi və Ulu Öndər ölkəyə rəhbərliyə
başladı. Həmin məqamda Heydər
Əliyevin dahiliyi bütün parlaqlığı ilə
özünü göstərdi.
Dahilik: yüksək zəka və
strateji təfəkkür
Məlumdur ki, dahi insan yüksək zəkaya sahib olur. Hər bir
insan şüura malikdir, məntiqi düşünə bilən
insanlarda təfəkkür vardır. Lakin
ancaq dahilər yüksək zəkaya sahibdirlər ki, onun da əlamətlərindən
biri uzaqgörənlik, heç kəsin görə bilmədiyi
məqamları görə bilmək qabiliyyəti ilə
bağlıdır. Qısa desək, dahilik
strateji təfəkkürə malik olmaqla sıx
bağlıdır.
Heydər Əliyevin dahiliyi yuxarıda vurğulanan mərhələdə
qəbul etdiyi bir çox qərarlarda özünü göstərdi. Onların
içərisində Ulu Öndərin güclü dövlət
quruculuğu kursunu seçməsi ayrıca yer tutur. Məsələ ondan ibarətdir ki, keçən əsrin
90-cı illərinin əvvəllərində liberalist
baxışlar daha çox dəbdə idi. Heydər
Əliyev isə kimin nəyi dəb hesab etməsinə deyil,
Azərbaycanın keçdiyi tarixi yola, dövlətçilik
ənənəsinə, xalqın iradəsinə və
mövcud reallığa baxaraq çoxlarından fərqli qərar
qəbul etdi: öncə güclü dövlət yaratmaq
lazımdır! Təcrübə sübut edir
ki, bu, əslində, dahiyanə bir seçim idi.
Demokratik cəmiyyət yalnız güclü dövlətin
mövcud olduğu yerdə bərqərar ola
bilər. Qanunun aliliyinin təmin
olunmadığı bir cəmiyyət demokratiya şəraitində
yaşaya bilməz. Burada şəffaflıq,
insan haqları, vətəndaşın sosial təminatı
kimi vacib faktorlar inkişaf edə bilməz. Həmin səbəbdən ilk növbədə
güclü dövlət yaratmaq gərəkdir.
Bunun üçün isə iqtisadiyyat güclü
olmalıdır. Heydər Əliyevin siyasətində bu
istiqamət konkret proqramlar şəklində sistemli olaraq yer
alıb. Azərbaycanın neft siyasəti,
enerji strategiyası həmin meyarlar üzərində
formalaşdırılıb. Yeri gəlmişkən,
onu mütləq qeyd edək ki, indi siyasi liderlərin milli təhlükəsizliyin
təminini enerji təhlükəsizliyi ilə bağlaması
da məhz yuxarıda vurğulanan məqamdan qaynaqlanır.
Heydər Əliyev öncədən dahiyanə surətdə
bütün bunları görə bilmişdi. Ulu Öndər siyasi iradə
nümayiş etdirərək "Əsrin müqaviləsi"ni imzaladı, Bakı-Tbilisi-Ceyhan boru xəttinin
reallaşması prosesinə start verdi, böyük dövlətlərlə
bərabərhüquqlu normal münasibətlər yarada bildi.
Həmin dövr üçün çox mühüm olan əsas
faktor isə Ümummilli Liderin daxili sabitliyə nail olması
idi.
Bu məqamı dünyanın böyük dövlətlərinin
hər biri açıq etiraf ediblər. Doğrudan da,
daxili sabitliyin təmin olunmadığı bir cəmiyyətdə
güclü dövlət qurmaq, qanunun aliliyini təmin etmək
mümkün deyildir. Sabitliyin təmin
olunması ilə Azərbaycan stabil inkişaf üçün
real zəmin əldə etdi. Bütün
istiqamətlərdə sürətli inkişaf
üçün əsas yarandı. Bununla
da Heydər Əliyevin 1993-cü ildə etdiyi dahiyanə
seçim Azərbaycanı dövlət və xalq kimi
labüd fəlakətdən xilas etdi və tarixi tərəqqi
üçün geniş imkanlar açıldı.
Mükəmməl şəxsiyyət
və xarizmatik lider
Heydər Əliyevin dövlət xadimi, ölkə rəhbəri
kimi bu uğurunun kökündə isə yüksək şəxsiyyət
olması faktoru dayanır. Heydər Əliyev
şəxsiyyət kimi yüksək liderlik keyfiyyətlərinə
malik idi. Hər bir şəxsiyyət lider
olmur. Ancaq Heydər Əliyev dünya səviyyəsində
xarizmatik lider idi. Ulu Öndər usta diplomatik
addımları ilə ən güclü dövlətlərin
başçılarını belə ram edə bilirdi. Bu cür faktlar Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı aparılan müzakirələrdə kifayət qədərdir.
Həmin danışıqlarda ABŞ, Rusiya və
Fransanın dövlət rəhbərləri, təcrübəli
diplomatlar, nazirlər iştirak edirdilər və həmin
insanlarla Heydər Əliyev gərgin mübarizə apararaq Azərbaycan
dövlətinin maraqlarını təmin edirdi. Heydər
Əliyevin ABŞ-ın o dövrdəki vitse-prezidenti Alber Qora
verdiyi usta və çox məntiqi cavabı diplomatiyaya tarixi
naxışdır. A.Qor Azərbaycan Prezidentinə
dünya ilə savaşmamağı və Dağlıq
Qarabağdan vaz keçməyi eyham etmişdi. Onda Heydər Əliyev "Siz Prezident
Administrasiyasını təmsil edirsiniz, mən isə Azərbaycan
xalqını, mən xalqımın mənafeyinə uyğun
olmayan sənədə imza ata bilmərəm"
cavabını vermişdi. Yalnız bu
cavabdan sonra sənəddə düzəliş edilmişdi.
Rusiyanın keçmiş Prezidenti Boris Yeltsinlə də
bir neçə dəfə analoji dialoqlar olubmuş. Bütün
bu misallarda Heydər Əliyevə yüksək sayğı
nümayiş etdirilməsi dünya liderlərinin onun şəxsiyyətinə,
liderlik keyfiyyətinə böyük hörmətlə
yanaşmasının nəticəsi idi. Sözün
həqiqi mənasında Heydər Əliyevin şəxsiyyət
kimi yüksək keyfiyyətləri mükəmməl şəkildə
onun liderlik qabiliyyətində öz ifadəsini
tapmışdı.
Elmdə şəxsiyyətin liderliyinin müəyyən
aspektləri araşdırılıb. Bu bağlılıqda
şəxsiyyətin iradi və psixoloji özəllikləri
ayrıca vurğulanır. Lakin onlarla
yanaşı, analitik təfəkkür, çevik qərar qəbul
etmək və dürüst olmaq kimi faktorlara da yüksək
qiymət verilir. Heydər Əliyev lider
kimi verdiyi vədlərin hər birinə dəqiq əməl
edib. Onunla danışıqlar aparan hər
bir siyasi lider bu özəlliyi ayrıca vurğulayır.
Sözün bütövlüyü hər bir
siyasi lider üçün çox önəmlidir,
çünki bununla onun etibarlılıq səviyyəsi
müəyyən edilir. Təbii ki, belə
bir keyfiyyətə yalnız yüksək siyasi iradəsi olan
insanlar malik olurlar. "Əsrin müqaviləsi"nin baş tutması, Bakı-Tbilisi-Ceyhan layihəsinin
reallaşması Heydər Əliyevin yüksək siyasi iradəsi
hesabına mümkün oldu. Bu barədə
Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl,
Gürcüstan rəhbəri Eduard Şevardnadze və
başqaları dəfələrlə fikir söyləyiblər.
Təbii ki, şəxsiyyətin kamilliyinin mühüm
bir aspektini də müdriklik təşkil edir. Heydər
Əliyev çox müdrik siyasətçi və lider idi.
Platon müdrikliyi xeyirxahlıq və ədalətlə
əlaqələndirirdi. Heydər
Əliyev hər iki keyfiyyətə yüksək səviyyədə
malik idi. Ədalətli olmaq haqdandır.
Ulu Öndər daim ədalətli və xeyirxah
olanı edirdi. Əlbəttə,
bütövlükdə Azərbaycan xalqı müdrikdir.
Lakin xalq müdrikliyindən siyasi müdrikliyə
yüksəlmək xüsusi qabiliyyət və istedad tələb
edir. Bu baxımdan Heydər Əliyev öz
xalqının mənəvi, tarixi, əxlaqi dəyərlərinə
böyük diqqətlə yanaşırdı. Hələ sovet dövründə Azərbaycan
dilinin, adət-ənənələrinin, ədəbiyyatının,
musiqisinin və tarixinin qorunmasında misilsiz xidmətlər
göstərmişdi.
Ulu
Öndər 1981-ci il iyunun 12-də Azərbaycan
yazıçılarının VII qurultayında geniş nitq
söyləmişdi. Orada Heydər Əliyev ifadə
etmişdi: "Yazıçı sözü xalqın əməllərinə
uyğun gəlməlidir... Tarixi simaların
obrazları yaradılan və tariximizin çox mühüm
dövrləri tərənnüm olunan ədəbi əsərlər
ən yüksək səviyyədə yazılmalıdır.
Bunlar çox mühüm, artıq deyək ki,
mürəkkəb mövzulardır". Fikrini
inkişaf etdirərək Ulu Öndər "tarix tələbkar
imtahançıdır" deməklə, milli mədəniyyət
qarşısında böyük məsuliyyəti də önə
çəkmişdi. Heydər Əliyev
xalqın yaşamasında, inkişafında, özünü
qorumasında xalq yaradıcılığının, ədəbiyyatın,
mənəvi-əxlaqi dəyərlərin yerini və rolunu
sözün həqiqi mənasında müdrikcəsinə
ifadə etmişdi. Onun bu mövqeyi Azərbaycan
tarixi, fəlsəfi, ədəbi-bədii fikrinə dərindən
bələd olması və mütəfəkkirlərimizin
yaradıcılığını dəqiq bilməsi ilə
şərtlənirdi. Yəni faktiki olaraq
Heydər Əliyev xalq müdrikliyini siyasi fəaliyyətə
proyeksiya edə bilən nadir siyasətçi olaraq tariximizdə
yer almaqdadır.
Xarici siyasət: müdrikliyin zirvələrindən
biri
Ulu Öndər xarici siyasətdə də yüksək
şəxsiyyət, xarizmatik lider və müdrik dövlət
xadimi kimi özünü təsdiq edib. Heydər
Əliyevin ABŞ, Avropa ölkələri, Rusiya, Türkiyə,
İran, Çin və digər dövlətlərə etdiyi
hər bir səfər münasibətlərdə yeni mərhələnin
əsasını qoyurdu. Dünyanın
bütün böyük dövlətləri ilə əlaqələrin
qarşılıqlı faydalı əməkdaşlıq
müstəvisinə keçməsində Ulu Öndərin
müstəsna xidmətləri böyük minnətdarlıqla
xatırlanır.
Xarici siyasət kursunu suverenlik prinsipi əsasında
mükəmməl qaydada aparan Heydər Əliyev Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun daim artması prosesinə
şərait yaratdı. Bir zamanlar Azərbaycana yuxarıdan
aşağı baxanlar Heydər Əliyevin səyi nəticəsində
strateji tərəfdaşa çevrildilər. Ulu Öndər
1995-ci il oktyabrın 22-də Nyu-Yorkda BMT
Baş Məclisinin xüsusi təntənəli iclasında Azərbaycanın
xarici siyasətinin əsas məğzini dünyaya bəyan
etmişdi. Heydər Əliyev ifadə etmişdi: "Azərbaycan
xalqının iradəsini ifadə edərək bəyan edirəm
ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində
və hər hansı bir formada təcavüzkarlığı
pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim
regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə
sülh və mehriban münasibətlər istəyirik".
İndi dünyanın böyük dövlətləri də
açıq etiraf edirlər ki, Azərbaycan Cənubi Qafqazda ən
etibarlı tərəfdaşdır. Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmini prosesində
özünəməxsus statusu olan dövlətə
çevrilib. Hazırda Azərbaycan Cənubi
Qafqazın geosiyasi dayaq nöqtəsi kimi qəbul edilir. Bu isə birbaşa olaraq Heydər Əliyevin
uğurlu xarici siyasət kursu yaratması sayəsində
mümkün olub.
Vurğulanan kontekstdə onu da qeyd etmək gərəkdir
ki, Heydər Əliyevin Azərbaycan üçün etdiyi ən
gözəl işlərdən biri çox layiqli siyasi varis
yetişdirməsidir. Bu məsələ hazırda bütün
dünya üçün aktual məsələlərdəndir.
Layiqli siyasi varisliyin təmin edilmədiyi ölkələrdə
indi sabitlik ya yoxdur, ya da çox zəifdir. Bunu qonşu ölkələrdə, Şərqi
Avropada, Asiyada və başqa məkanlarda görə bilərik.
Heydər Əliyev isə öz siyasi varisini dəqiq
müəyyənləşdirdi, təcrübə də
göstərdi ki, millət fədaisi qətiyyən
yanılmayıb.
Prezident İlham Əliyevin son 15 ildə göstərdiyi
fəaliyyət həmin tezisin doğruluğunu tam təsdiq
edir. Dövlət başçısı dəfələrlə
vurğulayıb ki, Ulu Öndərin əsasını
qoyduğu siyasi kursu həyata keçirir, zamanın tələbinə
uyğun inkişaf etdirir. Keçən 15 il ərzində
Azərbaycan iqtisadiyyatı 3,2 dəfə
böyüyüb. Qeyri-neft sektorunda artım 2,8,
sənaye istehsalında 2,6, kənd təsərrüfatında
isə 1,7 dəfə olub. Bu müddətdə ixracat 4,1 dəfə artıb. Azərbaycanın
valyuta ehtiyatları 46 milyard dollara (2018) çatıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına
qoyulan sərmayənin həcmi 250 milyard dollar təşkil
edir. 2019-cu ilin ilk üç ayı ərzində sənaye
istehsalı 4,4 faiz artıb. Qeyri-neft
sektorunda bu göstərici 15,6 faiz təşkil
edib. Üç ayda kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz
artıb. Bu müddətdə ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub.
Bütün bunları Baş Nazir Novruz Məmmədovun
bütövlükdə Azərbaycanda yeni keyfiyyətli
inkişaf modelinin formalaşması kimi xarakterizə etməsi
maraq doğurur. Bu baxımdan bütün istiqamətlərdə
islahatların dərinləşməsi əlamətdardır.
Bir qədər
əvvələ qayıtsaq, 2014-cü il
sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlinin
qoyulmasını ayrıca vurğulamalıyıq. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində irəliyə doğru böyük bir
addım idi. Həmin dəhlizin uzunluğu
3500 kilometrdir. Ümumi dəyəri 40
milyard dollardan artıqdır. 2018-ci il
iyunun 12-də isə TANAP boru kəmərinin rəsmi
açılış mərasimi keçirildi. Prezident
İlham Əliyev 1994-cü il sentyabrın 20-də Bakıda
imzalanmış "Əsrin müqaviləsi"nin – "Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri",
"Çıraq" yataqlarının və "Günəşli"
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və hasilatın pay
bölgüsü haqqında Saziş"in müddətinin
2050-ci ilə qədər qüvvədə qalmasını təmin
edən müqaviləni imzaladı. Yeni şərtlərə
görə, SOCAR-ın payı 11 faizdən 25 faizə
qaldırılıb. Mənfəət
neftinin 75 faizi Azərbaycana veriləcək. Həmin
saziş çərçivəsində 8 il ərzində
xarici investorlar tərəfindən ölkəyə bərabər
hissələrlə bonus kimi 3,6 milyard
dollar ödəniləcəkdir.
Bunlardan başqa, böyük geosiyasi, iqtisadi, ticari və
tranzit əhəmiyyəti olan bir neçə layihə
artıq reallaşdırılıb. Onlardan
Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı Beynəlxalq Dəniz
Ticarət Limanını, Abşeron Logistika Mərkəzini
ayrıca vurğulamaq lazımdır. Bunlar
Avrasiya məkanında Azərbaycanı əhəmiyyətli
tranzit daşımaları mərkəzlərindən birinə
çevirir. Əlbəttə,
bütün bu uğurların kökündə Ulu Öndərin
keçən əsrin 90-cı illərində
formalaşdırdığı siyasi kurs dayanır.
Ulu Öndərin siyasi kursunun məzmun və mahiyyətinə
uyğun olaraq, Prezident İlham Əliyev Azərbaycanın
xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həllinə
nail olmağa xüsusi diqqət yetirir. 2016-cı il
Aprel döyüşləri və Naxçıvanda
keçirilən xüsusi əməliyyat sübut etdi ki, Azərbaycan
güclü orduya malikdir və ordu ölkə rəhbərliyinin
qarşıya qoyduğu vəzifələri yerinə yetirmək
iqtidarındadır. Bununla yanaşı, Prezident
İlham Əliyev münaqişənin danışıqlar
yolu ilə ədalətli həllinə üstünlük
verir. Bu istiqamətdə dövlət
başçısı son dərəcə aydın və
prinsipial mövqe nümayiş etdirir. Konkret
olaraq, münaqişə yalnız Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi şərti
ilə həll oluna bilər.
Ermənistanın yeni rəhbərliyinin Dağlıq
Qarabağ nizamlanması üzrə danışıqların
formatının dəyişdirilməsi üçün
göstərdiyi cəhdin qarşısını da ölkə
rəhbəri qətiyyətlə aldı. İndi
münaqişənin həlli ilə bağlı müzakirələr
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi
ilə öncələr müəyyən edilmiş formatda
davam edir.
Heydər Əliyevin siyasi kursunu inkişaf etdirən
Prezident İlham Əliyevin fəallığı sayəsində
2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçildi. Azərbaycan, eyni zamanda, 120 dövlətin
təmsil olunduğu Qoşulmama Hərəkatında da
uğurla fəaliyyət göstərir. Ölkəmiz
Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq
sənədi imzalayıb. Beynəlxalq aləmdə
nüfuzunu daim yüksəldən Azərbaycan "Qlobal Rəqabətlilik
Hesabatı"nda 35-ci yeri tutur. "Doing
Business 2018" hesabatında isə inkişaf göstəricisinə
görə 57-ci yerdədir. Azərbaycan
Avropa və Mərkəzi Asiya regionu üzrə 3 ən
islahatçı ölkədən biridir.
Ulu Öndərin siyasətinin davamı olaraq Azərbaycan
rəhbərinin əldə etdiyi digər nailiyyətləri də
yada salmaq olar.
Ancaq yuxarıda vurğulanan məqamlar da tam təsdiq
edir ki, Heydər Əliyev həm mükəmməl dövlət
quruculuğu kursu işləyib hazırlamış, həm də
başlanan işləri böyük uğurla davam etdirə
bilən layiqli siyasi varis yetişdirmişdir. Heydər
Əliyev Azərbaycan dövlətçiliyinin
keçmişi, indisi və gələcəyi arasında
möhkəm əlaqə yarada biləcək irs
qoyub gedib. Bu mənada Ulu Öndər böyük dahi, mükəmməl
şəxsiyyət-lider və əvəzsiz müdrikdir!
Xalq qəzeti.- 2019.-
11 iyun.- S.1; 3.