Ümummilli  lider,

dünya miqyaslı siyasətçi  

 

Ümummilli liderliklə dünya miqyaslı siyasətçi keyfiyyətlərinin bir dövlət adamında birləşməsinə bəşər tarixində nadir rast gəlinir. Ulu öndər Heydər Əliyev bu iki ali keyfiyyəti özündə birləşdirməklə yanaşı, fəaliyyət göstərdiyi bütün sahələrdə liderlik bacarığını da ən yüksək səviyyədə təsdiq etmişdir. Milli lider olmağın meyarları və izahı müxtəlifdir. Hələ Aristotel yazırdı ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilməkdir. Ümummilli liderlər dövlətin daxili və xarici siyasətini müəyyən edən, onu beynəlxalq münasibətlərdə təmsil edən ali vəzifəli şəxslər kimi qəbul edilir. Bu mövqedən yanaşdıqda Heydər Əliyev ümummilli lider zirvəsində müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Ona görə də ulu öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı məqamına yüksəlmişdir.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan ümummilli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

Fenomenal şəxsiyyət sayılan Heydər Əliyev dünyanın nadir, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə ilahi vergidir. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir.

Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş SSRİ, hətta Qərb miqyasında sözünün kəsəri, sanbalı olan lider idi. O, qlobal miqyasda təhlillər aparmağı bacaran nəhəng siyasətçi idi. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.

Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diqtə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.

Ulu öndəri xarizmatik lider, bənzərsiz şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində idi.

Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa bu kimi cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi. İstedad və iradə, özünə qarşı tələbkarlıq və mütəşəkkillik, sərkərdə şücaəti bu böyük şəxsiyyətin ali keyfiyyətləri idi.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinəlik dövrdə uzaqgörən daxili və xarici siyasəti ilə öz ölkəsinin gücünü və nüfuzunu artırmış, onun hərtərəfli inkişafına nail olmuş, 1993-cü ilin böhranlı yayında isə xalqın tələbi ilə hakimiyyətə qayıtması ilə məhv olmaq təhlükəsi ilə üzləşmiş gənc dövlətin müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə qısa müddətdə dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin uğurlu liderliyi sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.

Xalqımız ötən əsrin ­80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində düşmən qüvvələrin fitnələrinin baş tutması nəticəsində ümummilli liderin respublika rəhbərliyində olmaması səbəbindən ağır faciələrlə üzləşdi. 1990--1993-cü illərdə Bakıda gedən proseslərin əksinə olaraq, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasını Heydər Əliyev mətinliklə müdafiə edir, həmişə xalqın yanında olurdu. Naxçıvan əhalisi də onun ətrafında sıx birləşərək nicat yolunun məhz Heydər Əliyevdə olduğunu başa düşürdü. Bu xalq və rəhbər birliyi Naxçıvanı tarixin çətin sınaqlarından çıxardı.

1993-cü ilin iyun ayında respublikamızda yaranmış böhranlı vəziyyətin aradan qaldırılması yolunu xalqın əksər təbəqələri dövrün görkəmli siyasi xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qaytarılmasında görürdü. Dünyanın bir sıra siyasi xadimləri və xalqımız deyirdi ki, əgər Heydər Əliyev bu illərdə Azərbaycanda hakimiyyətdə olsa idi, nə ərazilər itirilər, nə də bu faciələr baş verərdi. Hakimiyyətdə olan qüvvələr ölkəni saldıqları ağır vəziyyətdən çıxarmaqda aciz olduqlarından, yaratdıqları problemləri həll etmək üçün çıxış yolu tapa bilmədiklərindən, xalq və tarix qarşısında məsuliyyətdən qorxaraq Heydər Əliyevi hakimiyyətə dəvət etdilər.

Heydər Əliyev deyirdi: “Mən buraya adamların təzyiqindən çox yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu”. Ulu öndərin Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını həll etdi, vətəndaş müharibəsinin qarşısı alındı, torpaqların işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı.

Azərbaycan rəhbəri kimi Heydər Əliyev Dağlıq Qarabağ probleminin həllinə kompleks yanaşır, daxili və xarici siyasət amillərini hökmən nəzərə alırdı. O, Azərbaycanın dövlət müstəqilliyini qorumaq, erməni təcavüzkarlarına qarşı xalqın ədalətli müharibəsini sülh vasitəsi ilə başa çatdırmaq, respublikanın ərazi bütövlüyünü bərpa etmək üçün yorulmaq bilmədən çalışırdı. Nizami ordu olmadan ölkənin təhlükəsizliyini təmin etmək mümkün deyildir. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda yeni dönüş mərhələsi başladı. Dövlət Müdafiə Şurası yaradıldı. Könüllülərdən ibarət batalyonlar yaradılıb cəbhəyə göndərildi.

Nəticədə, Azərbaycan Ordusu düşmənin respublikanın içərisinə doğru hücumunu dayandırdı. Hətta əks-hücuma keçib bir sıra torpaqları işğaldan azad etdi. Formalaşan Azərbaycan Ordusu düşmənə öz qüvvəsini göstərdi. Düşmənin Beyləqan istiqamətindəki hücumu dayandırıldı. 1994-cü il yanvarın 5-6-da Füzuli rayonunun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndi, bir gün sonra Horadiz qəsəbəsi, Füzulinin daha 22 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi geri alındı. Bir sıra strateji yüksəkliklər, yaşayış məntəqələri azad edildi.

Məhz bu uğurlar erməniləri danışıqlar masası arxasına oturmağa və 1994-cü il mayın 12-də atəşkəs barədə saziş imzalamağa məcbur etdi. Ümummilli lider Heydər Əliyev daxili siyasətlə yanaşı, xarici siyasətə böyük önəm verərək bu sahədə də böyük müdriklik və diplomatik istedad nümayiş etdirdi. Ulu öndərin başçılığı ilə informasiya blokadasının yarılması, Dağlıq Qarabağ probleminə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, respublikanın ərazi bütövlüyünün sülh, danışıqlar yolu ilə təmin edilməsi istiqamətində gərgin və səmərəli iş aparılırdı.

Heydər Əliyevin qətiyyəti, əzmkarlığı və gərgin fəaliyyəti sayəsində ATƏT-in Minsk qrupu, BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmış, Azərbaycanın ərazi bütövlüyü təsdiq edilmiş və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Budapeşt, Lissabon, İstanbul görüşlərində Azərbaycanın ərazi bütövlüyünün tanınması və bərpası istiqamətində mühüm qərarlar qəbul edilmişdi.

Ulu öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdir. Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi də hər cəhətdən ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır.

Dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Onun siyasətinin gücü siyasi uzaqgörənliyində, fitri istedadında, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında– bir sözlə fenomenal şəxsi keyfiyyətlərində idi.

1993-cü ildə xilaskarlıq missiyasını müstəsna bir məharətlə yerinə yetirərək müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən ümummilli lider Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, müstəqil Azərbaycanın təminatlı gələcəyini nəzərə alaraq Qərbə inteqrasiya yolunu tutdu.

Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Bakı--Tbilisi--Ceyhan neft, Bakı--Tbilisi--Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli siyasi mövqeyinin, diplomat uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

Azərbaycan lideri Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı bir zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndər obrazlı şəkildə xatırladırdı: “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev səviyyəsində və yüksəkliyində dərk etmiş olsun. O, hər hansı problemə həsr olunmuş yığıncaqda məsələyə dərindən bələdliyi, verdiyi suallar, qaldırdığı problem məsələlərlə həmin sahənin mütəxəssislərini belə heyrətləndirirdi.

Dərin zəka və tükənməz enerji sahibi olan ulu öndər istər sənaye, istər kənd təsərrüfatı, istərsə də elm, maarif, mədəniyyətlə bağlı məsələlərin müzakirəsində həmin sahənin əvəzedilməz bilicisi kimi çıxış edirdi. Onun kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, incəsənətimizi sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun problemlərini həll etməyə istiqamətləndirən ikinci adam tapmaq mümkün deyildir. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi.

Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər. Elə bu cəhətlərinə görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevirdi.

Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyildir. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur.

Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt mane olmayıb. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi.

Ötən illərdə Braziliyanın “Planetin səsi” qəzeti 9 dövlətin jurnalistlərinə “dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz?” sualını vermiş və altı dövlətin jurnalistləri birinci olaraq ümummilli lider Heydər Əliyevin adını çəkmişdir. Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, planetar düşüncəsi və dünyanın böyük siyasətində uğurlu iştirakı, nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlar ilə bağlıdır.

Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı öz vətəni və dövləti qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirmişlər. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmiş, ondan çox şey öyrəndiklərini bildirmişlər. Onun haqqında deyilən söz, verilən qiymət bu qün də, sabah da xalqımızın qəlbində iftixar hissi doğurur və doğuracaq, bunlar tariximizin yaddaşına köçürülməlidir.

Xalqımızın yetirdiyi ən mükəmməl şəxsiyyət və dövlət adamı kimi Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir lider olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. İnanmaq çətindir ki, dünyada xalqa bu qədər yaxın-- sadəliyi və aliliyi özündə bu qədər qovuşdurmuş ikinci bir siyasətçi olsun. Siyasətçi üçün lazım olan keyfiyyətlərlə yanaşı, onda idarəetmə keyfiyyətləri, dövlətçilik təcrübəsi ən yüksək səviyyədə idi.

Daxili və xarici siyasətinin uğurları ilə Türk dünyasının lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi onun dünyada apardığı sülh siyasətinə verilən qiymət idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də “sülh dili” ilə nəinki danışmağı bacarırdı, onlara da bunu aşılaya bilirdi. Ulu öndərimizin ən ali insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapmaq bacarığı, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi.

Heydər Əliyev kimi dövlət və siyasət adamları bəşəriyyətin, insanların xeyrinə, sülhün və əmin-amanlığın təmin edilməsinə yetərincə pay vermişlər. Əgər dünyada belə siyasət və dövlət xadimləri yetərincə olsa idi, onda dövlətlərarası qarşıdurmalar aradan qalxmış olardı. Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində bəlkə də yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir.

Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. “Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir” deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı”… kimi xarakterizə edirlər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür.

Xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərlə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri, milli iftixarımız və ümummilli liderimiz olan Heydər Əliyev bütün problemlərin həllinin öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görüləcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb biçilmiş, gələcəyə ­ünvanlanmış siyasət idi.

Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişdirmək gücündə olan insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər: onun Yer üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcək, onun yaratdığı dövlətçilik təlimindən coxları faydalanacaqlar.

Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Yeni tipli siyasət və dövlət xadimi İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir.

Ümummilli lider Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolu və nüfuzunu artırır.

 

İsmayıl HACIYEV,

AMEA Naxçıvan Bölməsinin sədri, akademik

 

Xalq qəzeti.- 2019.- 15 iyun.- S.1-2.