Sosial islahatlar insanlara
qayğının parlaq
təzahürüdür
Azərbaycanda iqtisadi fəallığın
hökumət tərəfindən dəstəklənməsi
iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir
göstərir, xaricdən gələn müəyyən
inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunur. Həmçinin,
yüksək iqtisadi inkişaf amilləri iqtisadiyyatın
qeyri-neft sektoruna böyük həcmdə investisiyaların
yatırılmasına imkan verir. Xarici sərmayələrin
üstünlük təşkil etməsi isə onu göstərir
ki, Azərbaycan investisiyalar üçün cəlbedici
ölkədir və xarici sərmayə respublikamızda
lazımi səviyyədə qorunur. Bütün bunlarla bərabər,
son illər ölkəmizdə sosialyönümlü siyasətin
prioritetliyinə xüsusi fikir verilməsi, maliyyə
intizamı və şəffaflığın gücləndirilməsi
kimi məsələlər də diqqət mərkəzində
saxlanılır, büdcənin sosialyönümlü xarakter
daşımasına böyük əhəmiyyət verilir.
Bu da təsadüfi deyil.
Çünki indiyədək respublikamızda əhalinin
etibarlı sosial müdafiəsinin təmin edilməsi istiqamətində
həyata keçirilən ardıcıl tədbirlər milli
inkişaf modelinin sosialyönümlü səciyyə
daşıdığını tam təsdiqləyib. Qeyri-neft
sektorunun və sahibkarlığın inkişafı, yeni
müəssisələrin işə salınması məqsədilə
reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin
azaldılmasına, əmək qabiliyyətli əhalinin
iqtisadi fəallığının yüksəlməsinə,
eləcə də ölkəmizin məşğulluq strategiyasının
səmərəliliyinə əlverişli şərait
yaradıb.
Ölkə
əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi
Prezident İlham Əliyevin apardığı siyasətin hər
zaman başlıca prioritetlərindən olub. Dövlət
başçısının birbaşa rəhbərliyi ilə
pensiya, ünvanlı yardım, əlilliyə görə
müavinətlərin verilməsi və məşğulluq
sahələrində şəffaflığın və sosial ədalətin
tam təmin olunması, bürokratiya, süründürməçilik
və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş
təmasının minimuma endirilməsi ilə bağlı
mühüm addımlar atılıb. Gömrük və vergi
sisteminin şəffaflaşması, idxal-ixrac əməliyyatları
üzrə statistik uçotun düzgün qurulması və
xarici ticarət fəaliyyəti ilə məşğul olan
şəxslərlə məmur təmasının minimuma
endirilməsi, gömrük və vergi xidməti mədəniyyətinin
yüksəldilməsi ilə bağlı müvafiq dövlət
qurumları qarşısında konkret vəzifələr
qoyulub. Həmin vəzifələrin həyata keçirilməsi
istiqamətində atılan addımlar əhalinin sosial
müdafiəsinin yaxşılaşdırılmasına,
bürokratik əngəllərin aradan qaldırılmasına
xidmət edir.
Ölkə
Prezidentinin bilavasitə göstərişləri ilə həyata
keçirilən islahatların nəticələri
iqtisadiyyatımızın bütün sahələrində nəzərə
çarpır. Kadr potensialından düzgün istifadə,
onların yerləşdirilməsi, həmin sahələrdə
nəzarətin gücləndirilməsi əsaslı müsbət
dəyişikliklərə səbəb olub. Bu gün inamla demək
olar ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial
Müdafiəsi, Vergilər, Kənd Təsərrüfatı
nazirliklərinin, Gömrük Komitəsinin vasitəsilə həyata
keçirilən islahatlar ölkə iqtisadiyyatının
inkişafına geniş imkanlar açıb. Məhz həmin
sahələrin uğurlu fəaliyyəti nəticəsində
ölkəmizin maliyyə imkanları daha da genişlənib, vətəndaşlarımızın
rifah halının yaxşılaşdırılmasına
yönəlmiş qərarların qəbul edilməsinə
şərait yaranıb. Yeni komplekslərin, müəssisələrin,
infrastruktur obyektlərinin yaradılması iş yerlərinin
açılmasına, büdcəyə vergi, gömrük
daxilolmalarının əhəmiyyətli dərəcədə
artması, sözsüz ki, uğurlu nəticələrə gətirib
çıxarıb.
Azərbaycanda
sosial siyasətin fasiləsiz və davamlı şəkildə
həyata keçirilməsi Prezidentlə cəmiyyətimiz
arasında inam və etimad mühitini formalaşdıran ən
təsirli amildir. Hakimiyyətlə xalq arasında anlaşma və
etimad məsələsində Azərbaycanın, hətta
inkişaf etmiş ölkələrin reytinqlərində ən
yüksək pillələri tutması məhz sosial siyasətin
dəqiqliyi və əhatəliliyi hesabına əldə
olunmuş nəticədir. Dünyada çox az ölkə
tapılar ki, sosial siyasətin təzahür formalarının
müxtəlifliyinə görə Azərbaycanla müqayisə
oluna bilsin.
Əməkhaqqı,
pensiya və təqaüdlərin istehlak tələbinə
uyğun artırılması və indeksləşdirilməsi,
mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə
uyğunlaşdırılması, aztəminatlı
insanların, tələbələrin, əlillərin, şəhid
ailələri və veteranların sosial müdafiəsinin təşkili,
məktəb və xəstəxanaların tikintisi, səhiyyə,
təhsil sahələrinin, sosial sığorta
qaydalarının, ünvanlı sosial yardım və pensiya
sisteminin təkmilləşdirilməsi və s. sahədə
atılan addımlar Azərbaycan dövlətinin
çoxşaxəli sosial siyasətinin təzahür
formalarının yalnız bir hissəsidir. Ölkədə
sosial sahədə görülən işlərin
miqyasını təsəvvür etmək üçün təkcə
maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının
son 16 ildə bir neçə dəfə
artırıldığına nəzər salmaq kifayətdir.
Həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı
6,5 dəfə artıb. Ötən il də Prezidentin
müvafiq sərəncamları ilə bütün növ
pensiyalar, təqaüdlər və sosial müavinətlər
artırılmışdı.
Bu il
iyunun 18-də Prezident İlham Əliyev hərbi və
hüquq-mühafizə orqanlarının xüsusi rütbəli
əməkdaşlarının və mülki işçilərinin
əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil
və peşə təhsili müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin
vahid aylıq vəzifə maaşlarının orta hesabla 20
faiz, dövlət büdcəsindən maliyyələşən
bir sıra digər təşkilatlarda çalışan şəxslərin
aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz
artırılması haqqında bir sıra sərəncamlar
imzalayıb.
Həmin
sənədlər sırasında dövlət
başçısının “Minimum aylıq əməkhaqqının
artırılması haqqında” sərəncamı da
mühüm önəm daşıyır. Həmin sərəncama
əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği
2019-cu il sentyabrın 1-dən 40 faizədək
artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.
Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin
yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi
təmin edilir.
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
yaydığı məlumatda bildirilir ki, minimum əməkhaqqının
artımı birbaşa olaraq 950 minədək vətəndaşı
əhatə edəcək. Onlardan 600 mini dövlət
sektorunda, 350 mini özəl sektorda işləyənlərdir.
Həmin artımın təmin edilməsi üçün
dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il
(sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait
ayrılması təmin olunacaq.
Sərəncamla
minimum əməkhaqqının məbləğinin 250 manata
çatdırılması dövlət büdcəsindən
maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli
ilə müəyyən edilmiş aylıq tarif (vəzifə)
maaşları üzrə orta əməkhaqqının da orta
hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan
verir.
“Minimum
aylıq əməkhaqqının artırılması
haqqında” sərəncam ölkədə sosial rifahın
yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu
sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir
daha təsdiq edir və bu istiqamətdə cari il ərzində
artıq ikinci böyük sosial paketin
reallaşdırıldığını göstərir. Belə
ki, bundan əvvəl dövlət
başçısının bu il fevralın 8-də
imzaladığı sərəncamla da minimum əməkhaqqı
130 manatdan 180 manata çatdırılmış və həmin
artım 600 minədək insanı əhatə etmişdi.
Dövlət başçısının uğurlu sosial
islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının
təqribən iki dəfəyə yaxın artırılmaqla
130 manatdan 250 manata çatdırılması kimi əhalinin
rifahına ciddi dəstək olan mühüm sosial uğura
nail olmağa imkan verib.
Artımdan
sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB
ölkələri arasında alıcılıq qabiliyyətinə
görə ikinci yerdə qərarlaşacaq. Onu da qeyd edək
ki, minimum əməkhaqqının artımı, həm də
əmək münasibətlərinin
leqallaşdırılması istiqamətində
sağlamlaşdırıcı təsir göstərəcək.
Eyni zamanda, nəzərə alınmalıdır ki, Əmək
Məcəlləsinə əsasən, müxtəlif amillərə
görə işçilərin əməkhaqqı məbləğinin
hər hansı şəkildə azaldılması və onlara
dövlətin müəyyən etdiyi minimum əməkhaqqı
miqdarından az əməkhaqqı verilməsi qadağan
edilir.
Prezident
İlham Əliyevin sosial islahatlar paketinin yeni uğurlu nəticələri,
sosial müdafiə sahəsində atılan mühüm
addımlar müəllimləri də əhatə edir.
Dövlət başçısının iyunun 18-də
imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının
artırılması haqqında” və “Dövlət peşə
təhsili müəssisələrində çalışan,
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılmış müəllimlərin, idarəetmə və
təlim fəaliyyəti ilə məşğul olan
işçilərin əməkhaqlarının
artırılması haqqında” sərəncamlar bu istiqamətdə
daha bir əhəmiyyətli addımın atılmasına
imkan verib.
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə
əlaqələr və kommunikasiya şöbəsindən
verilən məlumata görə, “Dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin əməkhaqqının
artırılması haqqında” sərəncamda həmin
müəllimlərin aylıq vəzifə
maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla
20 faiz artırılması tapşırılır. Sərəncam,
ümumilikdə, 160 minə yaxın müəllimi əhatə
edir və onların orta aylıq əməkhaqqının 605
manata çatmasına imkan verir. Artımın təmin edilməsi
üçün dövlət büdcəsindən əlavə
olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə
isə 73 milyon manat vəsait ayrılacaq.
Prezident
İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində
çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin,
idarəetmə və təlim fəaliyyəti ilə məşğul
olan işçilərin əməkhaqlarının
artırılması haqqında” sərəncamı isə həmin
təbəqədən olan müəllimlərin və
işçilərin aylıq vəzifə
maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla
20 faiz artırılmasını nəzərdə tutur.
Hər iki sərəncam, ümumən, ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması tədbirlərinin getdikcə geniş vüsət aldığını, dövlət başçısının siyasətinə uyğun olaraq, dinamik iqtisadi inkişafın ilk növbədə vətəndaş rifahının təminatı hədəfinə yönəldildiyini bir daha təsdiq edir.
Prezident İlham Əliyevin “Biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələcəkdə də davam etdirəcəyik” – bəyanatı bundan sonra da ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, bütün sosial proqramların uğurla davam etdirilməsinin prioritet istiqamətlər olacağını deməyə əsas verir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2019.- 20 iyun.- S.1.