“Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 271    

Bakı şəhəri, 13 iyun 2019-cu il

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1007-VQD nömrəli  Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli 1915 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyası, akkreditasiya sahəsində dəyişikliklər edilməsi üçün sərf olunan optimal iş vaxtının müəyyən edilməsi məqsədilə bu sahədə fəaliyyətin müasir tələblərə uyğun təşkilini təmin etsin.

4. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 20 iyun.- S.6.