Bərəkətli Azərbaycan torpağı:

Qədrini bilirikmi?

 

2009-cu ilin yanvar ayında Lənkəranda yağan qar sularının tərkibində kükürd anhidridi ilə yanaşı atmosfer yağıntılarında toksiki xassələrə malik bir sıra metal oksidləri müşahidə edilmişdir. Nəticədə qar sularından istifadə edən yerli sakinlər arasında zəhərlənmə halları baş vermişdir. Odur ki, baxın, budur son dövrlərdə antropogen yolla atmosfer havasının çirklənməsinin göstəricisi bu qeydlərin əvvəlində dediyimiz kimi, mətbuatda gedən yazılarda ətraf mühitin ekoloji durumu haqqında çoxsaylı amillər, səbəblər və sair barədə fikir və mülahizələr söylənmişdir. Həmin yazıların müəllifləri ətraf mühitdə baş verən mənfi fəsadlı proseslərdən narahatlıqlarını bildirmişlər. Əlbəttə, bu çox yaxşı haldır. Bəzi yazarlar ekoloji vəziyyətin daha qorxulu həddə çatdığına görə “göz yaşı tökürlər”. Lakin respublikamızın təbiətində baş verən mənfi fəsadlı ekoloji proseslərin qarşısının alınması barədə həmin yazılarda hər hansı tərzdə, az da olsa, əməli təkliflərə rast gəlinib.

 

Torpaqlarda gedən səhralaşmanın

qarşısının alınmasında yaşıllaşdırmanın rolu

 

Meşəliyin, kolluğun və ümumiyyətlə, yaşıllığın insan həyatında, onun həyat fəaliyyətinin dinamik inkişafında əhəmiyyətli rol oynaması haqqında dövrü mətbuatda çoxsaylı yazılar getmişdir. Ona görə də meşələrin və digər yaşıllıqların təbiətdəki rolu, əhəmiyyəti haqqında geniş təfsilata varmaq fikrində deyilik. Sadəcə olaraq, onu demək istərdik ki, meşənin qoynunda dünyaya göz açan, ömrümün uşaqlıq və yeniyetmə çağlarını meşələrin qoynunda keçirən mütəxəssislər kimi, respublikamıza Allah-taalanın bəxş etdiyi nemətin tədqiqi, öyrənilməsi, xəritələşdirilməsi və onlardan səmərəli istifadə olunması yolları barədə çoxsaylı təkliflər hazırlayıb onların həyata keçirilməsinə çalışmışıq.

İlk növbədə, onu demək istərdik ki, Vətənimiz meşə sərvəti ilə az təmin olunmuş ölkədir. Adambaşına orta hesabla kolluqları da nəzərə almaqla 1 hektar meşə sahəsi düşür. Meşə nəinki təbiətimizin gözəlliyi, madii nemətlərin yaradılmasında, eləcə də ölkəmizdə təmiz hava, içməli su və qida mənbəyini təşkil etməklə insanların estetik, tibbi-səhiyyə, etik və sağlamlıq baxımından normal həyat fəaliyyəti göstərməsində əvəzsiz rolu olduğu məlumdur. Bunun üçün ölkəmizdə meşə və kolluqların tutduğu torpaq sahəsi ümumi ərazinin orta hesabla 28-30 faizini təşkil etməlidir. Azərbaycanda bu göstərici 2013-cü il yanvarın 1-nə olan məlumata görə, orta hesabla 12 faiz təşkil edir ki, bu da qəbul olunmuş beynəlxalq normadan 2,3-2,5 dəfə azdır.

Son vaxtlar əhali artımı ilə əlaqədar yanacağa olan ehtiyacın artması, bölgələrdə meşələrdə yanacaq məqsədilə qırıntıların aparılması ətraf mühitdə insanların sağlamlığında mühüm əhəmiyyət kəsb edən tənəffüs mübadiləsində böhranlı vəziyyətin yaranması prosesi hamıya məlumdur. Meşə və kolluqların sahəsinin azalması, xüsusən yamaclı relyefə malik ərazilərdə ağac və kolların kütləvi şəkildə qırılması torpaq örtüyü üçün əsl təbiət bəlası hesab olunan səthi və qobu eroziyasının şiddətlənməsinə gətirib çıxarır.

Tədqiqatlardan məlum olmuşdur ki, meşə və kolluqlar leysan yağışları zamanı əmələ gələn sel axınlarının təsirindən yaranacaq eroziya prosesindən nəinki özlərinin altındakı torpaqları qoruyur, eləcə də ətrafdakı meşəsiz ərazilərdəki torpaq-bitki sistemində eroziya kimi dəhşətli proseslərin qarşısını alır. Hesablamalardan məlum olmuşdur ki, bir hektar torpağın səthini öz çətirləri ilə örtmə sıxlığına (4-5 bonitet ballı) malik meşə 100-150 hektar meşəsiz torpaq sahələrini səth yuyulmalarından mühafizə edir. Həmçinin digər tərəfdən bioloji müxtəlifliyin (al-əlvanlığın) növlərinin çoxalmasında mühüm rol oynayır.

Meşələrin bəşər cəmiyyətinin normal inkişafında oynadığı faydalı rolu haqqında çox yazılar yazılmış və fikirlər söylənilmişdir. Meşələrin bəzi bölgələrdə vəhşicəsinə qırılması haqqında xalqımızın məşhur yazıçı və şairlərimizin də diqqət mərkəzində olmuşdur. Yaşıllaşdırmaya aid xatirəmizdə qalan bir hadisəni burada qeyd etmək yerinə düşərdi. Yaşlı bağbanlar tərəfindən ətrafındakı meşəlikdəki təsərrüfatların talalarda və ya iri gövdəli ağaclardan seyrəlmiş yerlərdə bitmiş yabanı alma və armud pöhrələrin (tingilərin) sıx bitmiş yerlərdən çıxarmaqla tala və meşə seyrəklərində əkməklə onları mədəni alma və armud cinsləri ilə peyvənd (calaq) edərdilər. Peyvənd edilmiş həmin ağaclardan bir çoxu hal-hazırda bol bar verməkdədir.

Vaxtilə meyvə bağı olmayan kənd sakinləri həmin tingilərin böyüyərək verdiyi bardan uzun müddət faydalanmaları ilə yanaşı, yaşayış məntəqələrinin ümumi görkəmində gözoxşayan aqrolandşaft mənzərəsinin yaranmasının sanki əsası qoyulurdu. Həmin müdrik insanlara yabanı tingilərin meşənin qoynunda nə üçün peyvənd etdikləri barədə sual verdikdə “...Balalar, bu, həm bal verən arılar, həm meyvə ağaclarının bol barlı olmaları, həm də meşə heyvanlarının çoxalması üçündür”, – deyə bizi başa salardılar. Bu hadisələr keçən əsrin birinci yarısında baş vermişdirsə, onların indiki dövrdə həyata keçirilməsi daha aktual görünür. Ona görə də bu kimi işlər meşələrimizin tala və seyrəkləşmiş hissələrində həyata keçirilərsə, onu ölkəmizdə biomüxtəlifliyin qorunub saxlanılmasında əyani tədbir kimi qiymətləndirmək olar.

Keçmiş SSRİ dövründə respublikamızın pambıqçılıq və üzümçülüyün geniş yayıldığı ərazilərdə məhsul yığıldıqdan sonra sahələrdə qalan pambıq çöplərindən və üzüm plantasiyalarında üzüm tənəklərinin kobud budanması zamanı yaranan quru kütlələrindən alternativ yanacaq kimi istifadə edilməsi ilə meşələrdə ağacların qırılmasının qarşısının alınmasında mühüm rol oynayırdı. Lakin son dövrdə pambıq bitkisinin və üzüm plantasiyalarının sahələrinin kəskin azalması həmin bölgələrdə yaşayan əhalini yanacağa olan tələbatında həm iqtisadi, həm də ekoloji böhranın yaranmasına gətirib çıxarmışdır. Ona görə də meşə qırıntılarının qarşısının alınmasında yeganə yol əhalinin yanacaq-enerji mənbələri ilə etibarlı təminatı haqqında əsaslı dönüş yaradılmasına başlanılmışdır.

Məlum olduğu kimi, ölkəmizin həm isti iqlim qurşağında yerləşdiyinə, həm də meşəliklərlə az təminatlı olduğuna görə, əhalinin təbii sağlam ekoloji mühitlə zəif təmin olunma problemi ilə üzləşmə ehtimalı yüksəkdir. Bununla yanaşı, son onilliklərdə iqlim şəraitində istiləşmə ilə quraqlığın baş verməsi meşə və kolluqların yerləşdiyi təbii landşaft qurşaqlarda şaquli istiqamətdə yerdəyişmə ehtimalının çoxalması ilə əlaqədar meşəsalmada iqlim-torpaq amilinə xüsusi diqqət yetirilməlidir. Quraqlıqla əlaqədar meşə və kolluqların, dağların yamacı boyu yuxarıya daranması ilə meşəsizləşmə baş verir. Belə sahələrdən əkin və otlaq məqsədilə sistemsiz istifadə olunduğuna görə torpaqlarda leysan yağışları zamanı səthi yuyulmalar baş verir. Nəticədə torpaq-bitki sistemi üçün təbii fəlakət hesab olunan eroziya ilə birlikdə denudasiya prosesi baş verir. Bu hal dəfələrlə baş verdikdə torpağın məhsuldar qatı yuyularaq aradan çıxdığına görə torpaqlarda əvvəlcə deqradasiya, sonda isə səhra landşaftı yaranır.

Torpaqların səthi təbii və antropogen təsirlərlə çılpaqlaşdıqda (meşəsizlikdə) və bu, ələlxüsus insanların təsərrüfat fəaliyyəti nəticəsində baş verdikdə eroziya və denudasiya prosesləri daha dəhşətli olur. Bu hal ən çox alçaq və orta dağlıq qurşaqdakı (quru kollu kserofit meşələr zonasında) təsərrüfatlarda əkin-becərmə məqsədilə torpaq sahələrinin az olduğu hallarda meşə və kolluqlardan məhrum olmuş müəyyən maili yamaclarda daha intensiv getmiş və hal-hazırda da getməkdədir. Bu prosesin Talış-Lənkəran, Lerik-Cəlilabad, Goranboy-Gəncə-Şəmkir, Şamaxı-İsmayıllı, Xızı-Siyəzən-Şabran massivlərində dağətəyi və alçaq dağlıq qurşaqlarında müşahidə etmək olar. Məsələn Astara-Lerik rayonlarının alçaq dağlıq qurşağında meşəsizləşmiş sahələrdə torpaqlar əkin-becərmə işlərini dağ aqrotexniki qaydalarına müvafiq aparılmadığına görə o dərəcədə səthi yuyulmalara məruz qalmışdır ki, torpaqların dayağı olan döşəmə ana süxurları üzə çıxmışdır. Torpaqlarda yaranan bu xoşagəlməz hal yuxarıda sadaladığımız zonal bölgələrdə geniş yayılmışdır. Dağətəyi bölgələrdə yayılmış əkinaltı torpaqların şumlanmasında yamaclı relyef şəraitində müvafiq şumlama texnikasının olmaması və şumlamanı yamacın eni istiqaməti üzrə aparılması əvəzinə yanacağa qənaət edilməsi və s. səbəblərdən yamacın mailliyi istiqamətində, arabir bufer (şumlanmamış) zolaqların saxlanmaması hesabına torpaqlar səthi və qobu eroziyalarına məruz qalmışdır. Ona görə də bu cür relyef şəraitində yayılmış torpaqlardan əkin-becərmə məqsədilə istifadə etdikdə hökmən eroziyaya qarşı mübarizə tədbirlərinin hazırlanması nəzərə alınmalıdır. Odur ki, əkin-şumlama əməliyyatları müxtəlif mailliyə və ələlxüsus cənub baxarlı yamaclı relyef şəraitində yayılmış torpaqlarda aparılmasına ehtiyac vardırsa, bu halda torpaqların eroziyaya uğramaması üçün nə etməliyik sualı meydana gəlir.

Əgər yuxarıda göstərilən bölgələrdə yayılmış torpaqlarda istəsək ki, eroziya-denudasiya kimi dəhşətli proseslər baş verməsin, bunun üçün aşağıda göstərilən torpaqqoruyucu tədbirlərin həyata keçirilməsinin labüdlüyü meydana çıxır.

İlk növbədə dağətəyi və alçaq dağlıq qurşaqlarda yayılmış və əkinçilikdə intensiv istifadə olunan yamaclı sahələrdə hər 200-250 metrdən bir yamacın eni istiqamətində ətrafdakı xam yerlərdə bitmiş qaratikan, böyürtikan, göyəm və yemişan kollarından ibarət 5-10 metr enində yaşıllıq zolaqlarının salınmasının həyata keçirilməsi vacibdir Xam, biçənək və örüşaltı torpaqlarda isə hər 100-150 metrdən bir ot bitkiləri ilə çəmənləşmənin gücləndirilməsi məqsədilə bufer (xam zolaq) zolağı saxlanılmalıdır. Xam yerlərdə yaşıllaşdırma aparılarkən bufer və ya yaşıl zolaqlar arasında yaxşı olar ki, yabanı halda bitmə arealına malik dərman bitkilərindən (boymadərən, dağ keşnişi, dağ nanəsi, qırmızı saqqız, kəklikotu, çobanyastığı, kol bitkilərindən – qaratikan, quş armudu, itburnu) ibarət mikro qoruq və yasaqlıqların yaradılması ilə üç istiqamətdə: dərman bitkilərinin ehtiyatının artırılması, eroziyanın qarşısının alınması və bioloji müxtəlifliyin (əlvanlığın) qorunması kimi səmərə əldə olunur.

Avropanın cənubunda, Orta Asiya dövlətlərində və xüsusən Rusiya Federasiyasının Şimal Qafqaz vilayətlərində eroziyaya qarşı yuxarıda göstərilən tədbirlərin həyata keçirməsi ilə taxıl məhsulunun yığımından 30-35 faiz səmərə əldə edildiyi öz təsdiqini tapır.

Respublikamızın orta və yüksək dağlıq qurşaqlarında yayılmış torpaq-bitki ekosistemində bitən dərman bitkilərini çıxmaq şərti ilə əkinçilikdə və başqa məqsədlə kənd təsərrüfatında istifadə olunan dağətəyi və alçaq dağlıq qurşaqlarda 64 növ ot, 30-dan çox ağac və kol bitkiləri yayılmışdır. Ona görə də istehsalat fəaliyyəti torpaq becərmə və meşəçilikdə məşğul olan əkinçi, meşəçi və loğmanlar birləşərək təbii torpaq-bitki sərvətini təbiətin amansız təsir amillərindən qorunması üçün öz qüvvələrini birləşdirməlidirlər.

Yaxşı olar ki, həmin bölgələrdə əkinçi, meşəsi və qeyri təbiət sahəsinin mütəxəssisləri birləşərək “Təbiətin keşiyində” və ya “Loğman” adlı cəmiyyət, eləcə də assosiasiyalar yaradılsın. Onların ilkin fəaliyyəti üçün dövlət himayəsi sonralar isə özünü maliyyələşdirmə fəaliyyətinə keçirilməsini təşkil etmək olar. Ağac və kol bitkilərindən ibarət yaşıllaşdırma assortimentinin yaradılmasında, xüsusən meşə talalarında, seyrəkliklərdə, meşə-kol növlərindən ibarət torpaq-müdafiə zolaqları salınarkən 100 faizə qədər bitişin alınmasına nail olunmuşdur.

Təyinatından asılı olmayaraq ağac və kol cinslərini torpağa necə gəldi “sancmaq” yox, torpaqda əkiləcək ağac və kol cinslərinin normal bitməsinə imkan verən mühit yaradılmalıdır. Bunun üçün nə etməli? Yenə də onu qeyd etmək istərdik ki, çoxsaylı təcrübələrdən məlum olduğu kimi, ağac və kol növlərindən ibarət fidanlar əkilməmişdən əvvəl torpaqlar hökmən aqrokimyəvi və fiziki-kimyəvi təhlil edilməklə onların aqronomik xassələri haqqında məlumat əldə edilməlidir. Bu halda torpaqaltı süxurların mexaniki, litoloji və petroloji xassələri öyrənilməlidir. Bu tədqiqatlar dağətəyi təpəli maili düzənliklərdə yaşıllaşdırma işləri aparılan zonalarda hökmən lazımdır. Ona görə ki, respublikamızın bu zonalarındakı torpaqların məhsuldar qatının aşağı qatında və torpaqaltı süxurların tərkibində suda asan həll olunan və ağac, kol bitkilərinin kök sisteminin normal inkişafına mənfi təsir göstərən məlumat əldə olunmalıdır. Bu ona görə lazımdır ki, torpağın həmin qatında və süxurların tərkibində toksiki duzların miqdarı yol verilən həddən (YVH) 0,25-0,50 faiz və ondan çox olduqda, eləcə də atmosfer yağıntılarının miqdarı torpaq səthində mümkün buxarlanan rütubətin orta illik miqdarından 2, 2,5 dəfə az olduqda əkiləcək ağac və kol növlərinin normal bitməsində əngəllər yaranır. Belə halların baş verməməsi üçün ilk növbədə əkiləcək ağac və kol növləri torpaq-iqlim şəraitinə müvafiq qaydada seçilmişdir.

Torpaq-qruntun tərkibində şorluluq YVH-dən çox olduqda hökmən məhəlli “quru” və ya kimyəvi meliorasiya tədbirləri həyata keçirilməlidir. Sulama imkanı olan zonalarda isə hökmən əkilmiş ağac və kol növlərindən ibarət yaşıllıqlar ilin quraq keçən mövsümündə (iyul-avqust) suvarılma həyata keçirilsə yaşıllıqlardan normal bitki təmin edilir. Əgər bu tədbirlə aqronomik qaydada 3 il müddətində həyata keçirilərsə, yaşıllıqların etibarlı inkişafı təmin olunar.

 

Qəşəm Yaqubov,

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun

aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent,

Gülnar Hacıyeva,

institutun elmi işçisi

 

Xalq qəzeti.- 2019.- 20 iyun.- S.9.