Ədalətsiz müharibələrin

sonu məğlubiyyətdir

 

1941-1945-ci illər müharibəsinin başlanmasından 78 il ötür

 

İkinci Dünya müharibəsinin başlanmasından 1 il 10 ay sonra faşist Almaniyasının kommunist rejimli SSRİ-yə irimiqyaslı hücumu ilə alovlanmış və tarixə sovet xalqlarının “Böyük Vətən müharibəsi” adı ilə düşmüş 1418 günlük yerüstü cəhənnəmin start götürdüyü 22 iyun 1941-ci ilə sonrakı 78 ilin uzaqlığından baxanda indiki nəsil ilk olaraq aşağıdakıları düşünməli olur. Müharibələr insanlara hədsiz fəlakət gətirsə də dözüm, hünər və qəhrəmanlıq üçün də hüdudsuz meydan açır. Məhz bu dözümün, hünərin və qəhrəmanlığın gücü ilə düşmən məğlub edilir, ədalət qalib gəlir. Bütün müharibələrdə olduğu kimi, tarixin ən böyük və ən dağıdıcı davası olmuş II Dünya savaşı və onun ən iri cəbhəsini təşkil etmiş keçmiş SSRİ xalqlarının Böyük Vətən müharibəsi də bu həqiqətə məhəl qoyulmaması ilə başlanmış, ədalətin qalib gələcəyinə olan inamla başa çatmışdır.

Müharibələrdə, bir qayda olaraq, hücum edən tərəf – şər məğlub olsa da, təəssüf ki, bu mütləq sonluq sonrakı şər qüvvələrə dərs olmamış, hərbi toqquşmalar, tarixçilərin dediyi kimi, siyasətin zorakı yolla davamı vasitəsi kimi keçmişin dərinliklərindən günümüzə qədər gəlib çatmışdır. Tarixdə olmuş 14 mindən çox müharibənin hamısından dəhşətli olmuş II Cahan savaşı müharibələrə son qoymasa da, öz həqiqətləri ilə III Dünya müharibəsinə qapıları bağlamışdır.

Zəkası ilə kainatın sonsuzluğuna nüfuz etmiş Albert Eynşteyn “III Dünya müharibəsi hansı silahlarla aparılacaq?” sualına cavabında dolayı yolla dünya savaşları erasının bitməsi gerçəyini də ifadə etmişdi: “III Dünya müharibəsi barədə bir şey deyə bilmərəm, IV Dünya müharibəsi ox və kamanla ola bilər”. Beləliklə, 2019-cu ilin 22 iyunu, qısaca da olsa, dünyanın 78–80 il əvvəlki mənzərəsini yada salır. Tarixi xronika aşağıdakıları söyləyir.

XX əsrin 30-cu illərinin sonu üçün dünyada beynəlxalq vəziyyət hədsiz dərəcədə gərginləşmişdi. Bu zaman dünyada üç siyasi sistem: burjua-demokratik, sosializm və faşist-militarist quruluş ölüm-qalım səviyyəsində qarşı-qarşıya durmuşdu. Müharibəyə ciddi hazırlaşan Almaniyanı cilovlamaq üçün burjua-demokratik və sosializm sistemləri real qüvvə olsa da, bu, baş vermədi.

Bunun başlıca səbəbi burjua-demokratik sistemin sovet totalitarizminə faşizmə nisbətən daha qatı düşmən kimi baxması idi. Onların fikrincə, dünya sivilizasiyası üçün kommunizmə qarşı açıqcasına səlib yürüşü elan edən faşizmə nisbətən, sovet totalitarizmi daha çox təhlükəli idi. Buna görə də II Dünya müharibəsinin qarşısını almaq mümkün olmadı. Bundan istifadə edən Almaniya sürətlə silahlanmağa başladı. 1934-1939-cu illərdə ölkədə hərbi istehsal 22 dəfə, qoşunların sayı 35 dəfə artdı. Sənaye istehsalının həcminə görə o, dünyada ikinci yerə çıxdı.

Burjua-demokratik və sosializm qüvvələrinin faşizmə alternativ ittifaq yarada bilmədiklərini görən Almaniya 1939-cu ilin avqustunda SSRİ-yə hücum etməmək barədə müqavilə imzalamağı təklif etdi. Gözlənilmədən, 1939-cu il avqustun 23-də Dünya müharibəsinin başlanmasına 8 gün qalmış, Almaniya və SSRİ arasında 10 il müddətinə bir-birinə hücum etməmək haqqında müqavilə imzalandı. Müqavilədə tərəflər bir-birinə qarşı hər cür zorakılıqdan, hər cür təcavüzkar hərəkətdən imtina etməyi öhdələrinə götürdülər.

Bununla yanaşı, tərəflər gizli olaraq 1939-cu il 23 avqust müqaviləsinə əlavə protokol da imzaladılar. Həmin protokolda Baltik dənizindən Qara dənizədək ərazidə hər iki tərəfin “maraq dairəsi”, habelə Almaniyanın şərqdəki sərhədləri müəyyənləşdirildi. Alman qoşunları şərqdə Tissa, Narev, Visla və San çayları xəttinə qədər irəliləyə bilərdilər, Almaniya Latviyaya, Estoniyaya və Finlandiyaya və Litvaya hücum etməməyi öhdəsinə götürdü. O zaman Polşanın tərkibində olan Qərbi Ukraynanın və Qərbi Belarusiyanın taleyi isə SSRİ-nin razılığı olmadan həll olunmamalıydı. Əslində, həmin rayonlar SSRİ-yə verilirdi. Rumıniyanın tərkibində olan Bessarabiya barəsində də belə razılığa gəlinmişdi.

1939-cu il 23 avqust tarixli Alman--Sovet sazişi Hitler Almaniyasının hələ çoxdan hazırladığı Polşaya hücum planını həyata keçirmək üçün son qərara gəlməsinə imkan verdi. 1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücuma keçdi. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi.

Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Bununla da düz 6 il davam etmiş, əsasən Qərbi və Şərqi Avropanı alova bürüyüb külə döndərsə də, ağır nəticələri ilə başqa qitə və xalqları da ağuşuna çəkən tarixin ən böyük hərbi toqquşması – II Dünya müharibəsi başlandı. Sentyabrın 3–10-da Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi.

II Dünya müharibəsində 110 milyon adam silahlandırılmışdı. Müharibədə o zaman dünya əhalisinin 80 faizini – 1,7 milyard insanı təmsil edən 61 ölkə iştirak etmişdi. Döyüş əməliyyatları yer kürəsinin 3 qitəsində – Avropada, Asiyada və Afrikada, habelə Okeaniya, Atlantik və Sakit okeanları rayonlarında aparılmışdı. İkinci dünya müharibəsində 8 milyondan 12,8 milyona kimi insan, 84 mindən 163 minə qədər top, 6,5 mindən 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi I Dünya müharibəsindəkindən 5,5 dəfə çox idi.

Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdir.

2 sentyabr 1945-ci il tarixində sona yetən II Dünya müharibəsi zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü.

II Dünya müharibəsinin ən uzunmüddətli və dağıdıcı savaşı Almaniyanın Sovet İttifaqı ilə 4 illik müharibəsi olmuşdu.

Müstəqillik dövründə ölkəmizdə yeni nəsillərin ad verməkdə çətinlik çəkdiyi, bəzən də yanlışlığa yol verdiyi Böyük Vətən müharibəsinin tarixi mahiyyəti nədən ibarətdir?

Yeni dövrün ensiklopedik mənbələrində göstərilir ki, Böyük Vətən müharibəsi II Dünya müharibəsi dövründə-- Rusiya və keçmiş postsovet ölkələrinin bəzilərində 1941–1945-ci illərdə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən addır. Dünyada bu müharibə Sovet--alman müharibəsi, İkinci Dünya müharibəsində Şərq cəbhəsi adlarıyla tanınır.

Almaniya SSRİ üzərinə çox güclü hərbi-iqtisadi potensialla hücuma keçmişdi. Hərbi istehsal 1934-cü ildən 1940-cı ilə qədər 22 dəfə artmışdır. Alman hərbi qüvvələrinin sayı isə 35 dəfə artmış – 105 min döyüşçüdən 3 milyon 755 min silahlı insana çatmışdı. 1941-ci ilin ortasında isə Almaniyanın silahlı qüvvələrinin ümumi sayı daha sürətlə artıb 7,3 milyona yüksəlmişdi. Quru qoşunlarında 214 piyada, 21 tank, 14 mühərrikli və 10 başqa diviziya, 7 əlahiddə briqada vardı. Texnika 5639 tank və hücum topu, 10 min təyyarə, 61 min top və minaatandan ibarət idi. 1941-ci ilin iyununda hərbi-dəniz donanması 5 xətt gəmisi, 4 ağır və 4 yüngül kreyser, 43 esmines və minadaşıyan, 161 sualtı qayıq və başqa gəmilərlə təchiz edilmişdi.

Hitlerin Barbarossa strateji planı sovet qoşunlarının dövrəyə alınıb məhv etməyi və ölkənin içərilərinə irəliləyərək Arxangelsk-Həştərxan xəttinə çıxmağı nəzərdə tuturdu. Bu məqsədlər üçün alman komandanlığı (müttəfiqlərlə birgə) 19-u tank, 14-ü motorlu olmaqla 190 diviziya ayırmışdı. Alman qruplaşması 5,5 mln canlı qüvvə, 4300 tank, 47 min top və minaatan, 4980 döyüş təyyarəsi və 192 döyüş gəmisindən ibarət idi. SSRİ-yə qarşı Almaniyanın quru qoşunlarının 83 faizi yönəldilmişdi.

Dünya ağalığı iddiasında olan və ildırım sürətilə hücuma keçən Hitler orduları özlərinin məğlubedilməzliyi haqqında əfsanəni bütün Avropaya yayaraq elə güman edirdilər ki, onlara qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur. Ancaq Hitler və onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk günlərindən İosif Stalinin kommunist rejiminin yetişdirdiyi əsgərlərin, vətənpərvərlik təbliğatı ilə ölümü gözünün altına alan və inadkar savaşa atılan sovet döyüşçülərinin sərt müqaviməti ilə qarşılaşdılar.

SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr daha yaxşı silahlanmış və müasir döyüş aparmaq təcrübəsi daha çox olan alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi, böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi. Almanlar müharibənin birinci həftəsində Leninqrad və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər.

Sentyabr ayında alman ordusu Kiyevi tutdu, Leninqradı mühasirəyə aldı və Moskva üzərinə güclü hücuma başladı. Lakin Sovet ordusunun təşəbbüsü ələ almaq səyləri sayəsində alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri atıldı. Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta 5 kilometrə qədər yaxınlaşa bilmiş alman ordusunu sovet qoşunları müdafiə döyüşlərində taqətdən saldılar. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı.

Hitlerin işğal planında Qafqaz, o cümlədən Azərbaycan, xüsusilə Bakı diqqət mərkəzində idi. Moskva yaxınlığında darmadağın edilən faşist orduları Hitleri qəzəbləndirdi və cənub istiqamətində güclü hücum planını hazırladı. Stalinqrad və Qafqaz uğrunda ağır döyüşlər aparılırdı. Qafqaz uğrunda döyüşlər 1942-ci ilin iyulunda başlandı.

Qafqazı işğal etmək üçün Hitler nəhəng ordu və canlı texnikanı bu istiqamətə yeritdi. Qafqaz xalqlarının ağır günləri başlandı. Zaqafqaziya xalqlarının faşist əsarəti altına düşmək təhlükəsi ilə bağlı Azərbaycanda mürəkkəb vəziyyət yarandı. Cəbhəni təchiz etmək üçün şimaldan əlaqə kəsildi. Mərkəzlə əlaqə Orta Asiya vasitəsilə saxlanılırdı. Bu isə işi xeyli çətinləşdirirdi. Belə bir zamanda Azərbaycanda olan iri müəssisələrlə yanaşı, xırda müəssisələr də gecə-gündüz işləmək zorunda qaldı.

Müharibənin gedişində sonrakı mərhələlər Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin oktyabrında SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet ordusu Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular.

Artıq nasist Almaniyasının məğlubiyyəti göz qabağında idi. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4–11-də) toplandı. Konfransda İ.V.Stalin (SSRİ), F.Ruzvelt (ABŞ) və U.Çörçill (Böyük Britaniya) iştirak edirdi. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Konfransda tərəflər Almaniyanın gələcək perspektivləri barədə də yekdil qərarlar qəbul etdilər.

Böyük Vətən müharibəsi Hitler Almaniyasının 1945-ci il aprelin sonu – mayın əvvəlində müttəfiqlərə danışıqsız təslim olması ilə başa çatdı. 9 May SSRİ-nin faşist Almaniyası üzərində Qələbəsi günü elan edildi, hitlerçilərlə 4 illik müharibə bitdi.

Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi, Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. Döyüşlərdə soydaşlarımız dünya savaş tarixinə düşən hünər və qəhrəmanlıqlar göstərmiş, 300 mindən çox azərbaycanlı qəhrəmanlıqla həlak olmuşdur.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir.

İkinci dünya müharibəsi və Böyük Vətən müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın iştirakı və misilsiz rolu barədə ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941--1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir”.

1941-1945-ci illər müharibəsində iştirak edən Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunmuşdur. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçmişdir. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər “Şərəf” ordeni ilə, 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Qafur Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazmışlar.

Azərbaycanda yüngül və yeyinti sənayeləri cəbhə üçün işləmiş, Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrilmişdir. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunmuşdur ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4 faizini təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişlər. Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olmuşdur. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941–1945-ci illər müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etmişdir.

Keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra hər il Müstəqil Dövlətlər Birliyinə üzv olan və olmayan keçmiş sovet respublikalarında, eləcə də Azərbaycanda 9 May alman faşizmi üzərində Qələbənin ildönümü günü kimi təntənəli surətdə qeyd edilir, müharibənin qurbanları dərin ehtiramla yad edilir, sağ qalmış veteranlara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.

Böyük Vətən müharibəsinin, bütövlükdə, II Dünya müharibəsinin tarixinə belə yığcam baxış Azərbaycan xalqında bütün ədalətsiz müharibələr kimi, Qarabağ davasının da ədalətlə – xalqımızın haqlı qələbəsi ilə başa çatacağı barədə mütləq inam yaradır.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2019.- 22 iyun.- S.5.