“Xalq-iqtidar” birliyinin
Azərbaycan nümunəsi
Xalq-iqtidar birliyi hər bir ölkənin
inkişafı üçün əsas şərtdir.
Sabitliyin qorunmasının təminatçısı Azərbaycan
xalqıdır. Son prezident seçkilərində mənə
göstərilən böyük etimad dediyim sözlərin məntiqi
sübutudur. Sabitlik olmayan yerdə ölkələr
dağılır, insanlar əziyyət çəkir, fəlakətlər
baş verir. Biz bunu yaxın tarixdə görürük. Ona
görə Azərbaycanda sabitliyin möhkəmləndirilməsi
hər bir vətəndaşın işi olmalıdır...
İlham
ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bəzən deyirlər ki, dövlət
başçımızın tez-tez bölgələrə səfər
etməsi, vətəndaşlarla bilavasitə onların
yaşadığı kənd və qəsəbələrdə
görüşməsi “xalq-iqtidar” birliyinin möhkəmləndirilməsinə
xidmət edir. Əlbəttə, burada
bir həqiqət var. Amma o da məlumdur ki, ölkəmizdə “xalq-iqtidar”
birliyinin gündən-günə möhkəmlənməsinin
əsas səbəblərindən biri də
aparılan sosial islahatlar,
xüsusən, bu ilin əvvəlindən
başlayaraq əhalinin sosial-rifah
halının yaxşılaşdırılması məqsədilə
bir-birinin ardınca imzalanan
fərman və sərəncamlardır. Bu
gün ölkədə elə bir zümrə olmaz ki, həmin
islahatların, sosial paketin
icrasının müsbət təsirini öz
üzərində hiss etməsin.
Bu gün mətbuatda, sosial şəbəkələrdə maaş, müavinət və pensiyaların artırılmasından, yeni iş yerlərinin yaradılmasından, təbii və ya texnogen səbəblər üzündən yaranmış faciə və ya fəlakətlərin fəsadlarının aradan qaldırılması zamanı dövlətin dərhal sadə vətəndaşın yanında olmasından bəhs edən yüzlərlə, minlərlə rəy, mülahizə yayılır. Amma cəmiyyət tərəfindən ən çox və yüksək qiymətləndirilən məsələ ölkədə bərqərar edilmiş sabitlik və əmin-amanlığın yaratdığı xoş təəssüratdır.
Faktlar sübut edir ki, həmin təəssüratlar təkcə sadə insanları və ölkəmizin qonaqlarını məmnun etmir, elə dövlət başçımızın özü də ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıqdan məmnuniyyətlə söz açmağa üstünlük verir. Məsələn, bu ilin fevral ayında yerli mətbuata müsahibə verən Prezident İlham Əliyev sabitlik və əmin-amanlıq məsələsini xüsusi olaraq qabartmışdı: “Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, Azərbaycan islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın. Bu, bizə imkan verir ki, Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşasın”.
Dünyada sabitlik adası kimi tanınan Azərbaycan haqqında dünyanın ən mötəbər beynəlxalq təşkilatlarını təmsil edən ekspertlər həqiqəti söyləməkdən çəkinmirlər. Məsələn, heç kəsin yadından çıxmayıb, keçən il dünya mətbuatında yayılmış “Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi top-20 ölkə arasındadır” – cümləsi ölkə mətbuatında kifayət qədər tirajlanmışdır.
Bildirilirdi ki, Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik 2017-2018” hesabatının “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyası ilə bağlı hesabatda Azərbaycanın dünyada 20-ci yerə yüksəlməsi birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Bu isə onu göstərir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad isə inkişafı, ictimai-siyasi və iqtisadi sabitliyi şərtləndirir.
Ekspertlərin dediyinə görə, “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriya üzrə Azərbaycan “Böyük İyirmilik” ölkələrinin hər dörddən üçünü geridə qoyub. Xatırladaq ki, ötən il Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik” hesabatında “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznesin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiyməti idi. Onu da qeyd edək ki, islahatların daha da dərinləşdiyi 2019-cu ilin nəticələrinin beynəlxalq aləmdə daha yüksək qiymətləndiriləcəyi də şəksizdir.
Prezident İlham Əliyevin fikrincə, islahatlar ölkəmizdə 1993-cü ilin yayından etibarən aparılır: “2003-cü ildən isə islahatların yeni mərhələsi başlandı və hesab edirəm ki, o vaxt ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi... 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilməz. Bakı şəhərində bu, 80 faizdən çoxdur. Ancaq bu, böyük bir islahat idi. Digər infrastruktur layihələrinə gəlincə, misal üçün, biz artıq bir neçə ildir ki, 5 milyon insana pulsuz tibbi müayinə xidməti göstəririk. Bu, nəyə görə mümkün olub? Ona görə ki, son illərdə ölkəmizin hər bir yerində müasir xəstəxanalar, diaqnostika mərkəzləri yaradılıb. Yəni, bu imkan yaradılıb ki, biz indi ondan istifadə edək. İqtisadi sahədə aparılmış islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı islahatlar bu yeni reallıqları ortaya qoydu”.
Xatırladaq ki, məhz 2003-cü ildə başlanan islahatların yeni mərhələsinin nəticəsi idi ki, biz 2006-cı ildə ilk dəfə Dünya Bankının “Doing Business” hesabatına düşmüşük. O vaxt biz təqribən, 90-cı, 95-ci və ya 96-cı yerdə idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi islahatdır. Bu, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatdır. Bu, bir faktdır ki, biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Bu, çox ciddi məsələdir. Ona görə islahatların bugünkü mərhələsi əvvəlki dövrlərdə aparılmış islahatların məntiqi nəticəsidir. Prezident deyir: “Bu gün isə qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq”.
Ölkədə müxtəlif sahələrin inkişafını nəzərdə tutan yol xəritələrinin , təsdiq edilən dövlət proqramlarının , imzalanan fərman və sərəncamların, verilən tövsiyə və tapşırıqların bir məqsədi var: Azərbaycan vətəndaşının həyat səviyyəsinin daha da yaxşılaşdırılması. Dövlət başçımızın bu məsələdəki mövqeyi ölkənin hər bir vətəndaşının arzu və istəyini ifadə edir: “Əlbəttə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir – dövlət-vətəndaş münasibətlərinin”.
Bütün bunların nəticəsi olaraq, xalqda dövlətə inam, etimad, sabaha nikbin baxışlar daha da möhkəmlənir. Bu qənaətlərimizin bir nümunəsini yada salaq. Bu ilin fevral ayında Şamaxı, Ağsu və İsmayıllıda baş vermiş zəlzələdən sonra bölgəyə səfər etmiş dövlət başçımız Şamaxıda təsadüfən 92 yaşlı Saray nənə ilə görüşüb həmsöhbət olmuşdu. Prezident həmin görüşün təəssüratlarını sonralar bu şəkildə dilə gətirmişdi:
“Hesab edirəm ki, Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə təcəssüm etdirir. Saray nənə kimi nənələr, analar bizim milli-mənəvi dəyərlərimizi əsrlər boyu qoruyan insanlar olublar. Hər bir Azərbaycan qadını Saray nənəyə oxşamaq istəyir. Məncə, bu, belədir. Baxın, evi dağılmış 92 yaşında bir qadın, bu adamda nə qədər nikbinlik var. Çünki Saray nənədə inam var ki, dövlət onun yanında olacaq. Sözün düzü, mən Şamaxıya gedəndə bilmirdim ki, Saray nənə ilə rastlaşacağam. Mən gedib zəlzələdən ziyan çəkmiş evlərə baxırdım, oradakı vəziyyətlə tanış olurdum. Saray nənəni görəndə mən bir daha əmin oldum ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz xalqımızla fəxr edə bilərik. Ən ağır vəziyyətdə, evi uçub. Sözün düzü, yəqin heç bilmirdi ki, kimsə onun köməyinə gələcək, ya gəlməyəcək. Onun evi təmir olunacaq, ya olunmayacaq, yeni ev tikiləcək, yoxsa yox. Amma bu insanda nə qədər inam, nikbinlik, xeyirxahlıq var. Saray nənə kimi nənələr Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Biz əsrlər boyu yaşayan bir xalq, bir millət, inkişaf edən bir millət olaraq Saray nənə kimi nənələrə borcluyuq. Ona görə bu görüş məndə də çox böyük təəssürat yaratdı, böyük bir iz buraxdı”.
Fikrimizcə, bütün bunlar müasir Azərbaycan həqiqətlərinin cüzi bir hissəsi, ölkəmizdə bərqərar edilmiş “xalq-iqtidar” birliyinin bariz nümunəsidir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2019.- 23
iyun.- S.1-2.