III Respublika
Xalq
Teatrları Festivalı başa çatdı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında III Respublika
Xalq Teatrları Festivalının bağlanışı
və qalib kollektivlərin mükafatlandırılması
mərasimi keçirildi.
Öncə səhnəyə Bakı şəhərində və
respublikanın bölgələrində
keçirilmiş baxış-seçim
mərhələsində uğur
qazanaraq III Respublika Xalq Teatrları Festivalında iştirak edən kollektivlər və münsiflər heyətinin üzvləri çıxdılar.
Sonra baxış-seçim
mərhələsini əks
etdirən videofilm nümayiş olundu.
Münsiflər heyətinin sədri,
Əməkdar artist Loğman
Kərimov çıxış
edərək festival haqqında
məlumat verdi.
Qeyd etdi ki, iyunun
23-24-də III Respublika Xalq
Teatrları Festivalının
final mərhələsi Bakıda
keçirilib. Bu ilin
aprel ayı ərzində festivalın
Bakıda və respublikanın bölgələrində
keçirilmiş baxış-seçim
mərhələsində uğur
qazanmış 13 kollektiv
(İsmayıllı, Qəbələ,
Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları) həlledici mərhələdə iştirak
etmək imkanı qazanmışdılar.
Mərasimdə çıxış edən mədəniyyət
naziri Əbülfəs
Qarayev Azərbaycan teatrının yarandığı
dövrdən uğurlarla
müşayiət olunan
zəngin bir yol keçdiyini dedi: “Azərbaycan teatrları uzun illər ərzində xeyli uğurlu tamaşalar, layihələr
həyata keçirib, böyük
səhnə xadimlərimiz
yetişib. O insanlar Azərbaycan xalqının
mədəni həyatının
inkişafına böyük
töhfələr verərək
adlarını mədəniyyət
tariximizə qızıl
hərflərlə yazdırıblar.
Bütün bunların əsasında
xalqımızın istedadı
və yaradıcılıq
potensialı dayanır”.
Nazir ölkə
mədəniyyətinin, incəsənətinin
bu gün də uğurla inkişaf etdiyinə diqqəti yönəltdi. Qeyd etdi
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəniyyətinə,
incəsənətinə və
teatrlarının inkişafına
xüsusi diqqət və qayğı göstərilir. Birinci vitse-prezident
Mehriban Əliyevanın
təşəbbüsü ilə Azərbaycan mədəniyyəti ölkə
hüdudlarını aşaraq
dünya miqyasında geniş təbliğ olunur.
Daha sonra festivalın qaliblərinə
mükafatlar təqdim
olundu. III yerə
Mərdəkan, Zaqatala,
Yevlax xalq teatrları, II yerə Cəlilabad, Şərur xalq teatrları layiq görüldü.
Şabran rayon Xalq teatrı
isə festivalın birincisi elan olundu.
Sonda Şabran
rayon Xalq teatrının
ifasında tamaşa nümayiş olundu.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 29 iyun.- S.8.