Mədəniyyətimizin inkişafı ilə bağlı

perspektiv vəzifələr müəyyənləşdirildi 

 

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin beynəlxalq aləmdəki reytinqini yüksəltməklə yanaşı, əhalinin həyat səviyyəsini də getdikcə yaxşılaşdırır. Hər bir sahəyə xüsusi həssaslıqla yanaşan möhtərəm Prezidentimiz mədəniyyət və incəsənət xadimlərinin də qarşılaşdığı problemlərlə yaxından maraqlanır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edir. Bu işlərdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də mütləq qeyd olunmalıdır.

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə səsləndirdiyi fikirlər, son illər bu sahədə görülən və görüləcək işlər barəsində ətraflı məlumat verməsi, tədbirdə iştirak edən mədəniyyət və incəsənət xadimlərini diqqətlə dinləməsi, mədəni inkişaf məsələlərini müzakirə etməsi bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürüdür.

Bəli, biz çox gözəl bir ölkənin vətəndaşıyıq. Hər bir soydaşımız bununla fəxr etməli, qürur hissi keçirməlidir. Çünki cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşın qayğısına qalan, onların problemini öz problemi bilən dövlət başçımız var. Son 16 il ərzində möhtərəm Prezidentimiz hər bir vətəndaşımızın yanında olub. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar da bunu təsdiqləyir. Çünki cəmiyyətdə elə bir təbəqə yoxdur ki, bu tarixi qərarlardan yararlanmasın.

Möhtərəm Prezidentimizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüş Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına, bu sahənin xadimlərinə, sənətkarlara verdiyi yüksək qiymətdir. Bu qiymətin dəfələrlə şahidi olmuşuq. Ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğı bu gün uğurla davam etdirilir. Mədəniyyətimizin inkişafı, mədəniyyət obyektlərinin əsaslı təmiri, yenidən qurulması, bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi hər an dövlət başçımızın diqqət mərkəzində olub. Bu qayğını hər birimiz daim hiss etmişik.

Cənab Prezidentin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüş, xalqın rəğbətini qazanmış sənət adamlarının bu tədbirdə iştirakı, orada səsləndirilən fikirlər, bir daha ölkə rəhbərinin xalqla birliyini nümayiş etdirir.

 

Jalə ƏLİYEVA,

Milli Məclisin mədəniyyət komitəsi sədrinin müavini,

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq qəzeti.- 2019.- 3 mart.- S.2.