Moskvada yaşayan soydaşımız

Ulduz Qasımın “Xocalı şikəstəsi”

romanının Bakıda təqdimatı keçirilib

 

Moskvada yaşayan soydaşımız, yazıçı-publisist Ulduz Qasımın “Xocalı şikəstəsi” romanı soyqırımın ildönümü günlərində Bakıda ictimaiyyət nümayəndələrinə təqdim edilib. Əvvəlcə “Azərkitab” kitab təbliği mərkzində keçirilən konfransda əsər geniş müzakirə olunub, yüksək dəyərləndirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəli səhifəsi olan Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində isə roman Xocalı movzusu ilə sıx bağlı olan yazarlara təqdim edilib.

Ölkəmizin Rəhilə Gülgün, Azər Həsrət, Fikrət Babaoğlu, Elçin Mirzəbəyli, Elşad Eyvazlı kimi tanınmış jurnalistlərinin və digər yazarların, Xocalı şahidlərinin və Türkiyəli tərcüməçi-naşir İmdad Əfşarın iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə açan BAMF-ın rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu 27 il əvvəl törədilən qanlı qırğın barədə danışaraq qeyd edib ki, bu adi faciə deyil, bir xalqın əsassız olaraq düşmən saydığı o biri xalqı yer üzündən silmək üçün amansızlıqla törərdiyiinsanlıq əleyhinə cinayətdir.

Natiq daha sonra bildirib ki, dünyadakı ermənipərəst dairələr illər keçsə də Xocalı canilərinin cəzalandırılmasına mane olmuş, onları növbəti qırğınlar törətməyə şirnikləndirmişlər. Odur ki, hər birimiz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində səsimizi dünyaya duydurmalı, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə öz köməyimizi göstərməliyik. Bu yöndə yazarlarımızın üzərinə daha ciddi məsuliyyət düşür. Moskvada yaşayan, əslən Qarabağdan olan soydaşımız, yazıçı-publisist Ulduz Qasımın yenicə nəşr edilən “Xocalı şikəstəsi” romanı bu baxımdan Xocalı movzusuna zənginlik gətirən növbəti dəyərli əsərdir.

Yazıçı-publisist Rəhilə Gülgün kitabın Azərbaycan nəşri barədə danışaraq soyqırım dəhşətlərini bədii-sənədli səpkidə əks etdirən əsərin ideya-sənətkarlıq xüsusiyyətləri açıqlayıb. Romanı Türkiyə türkcəsinə çevirən və ölkəsində yayımını təşkil edən İmdad Avşar isə əsəri Xocalı soyqırımını dünyaya bəşəri cinayət kimi təqdim edən təsirli bir mənbə kimi dəyərləndirib.

Ulduz Qasım bildirib ki, illər boyu üzərində işlədiyi mövzuda yeni əsərlər ərsəyə gətirəcək, hələlik isə Xocalı həqiqətlərinin beynəlxalq auditoriyasını daha da genişləndirmək üçün romanı rus və ingilis dilində nəşrə hazırlayır.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2019.- 2 mart.- S.14.