Yaradıcılığa stimul
verən sərəncam
Prezident İlham Əliyev martın 13-də “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” yeni sərəncam imzaladı. Bu sərəncamla digər yaradıcı qurumlarla yanaşı, Bəstəkarlar İttifaqına da vəsait ayrılmışdır. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bizimlə söhbətində demişdir: “Ölkə başçısının mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğı dövlət siyasətinin sosialyönümlü olduğunun bariz nümunəsidir. Cənab Prezidentin martın 13-də imzaladığı sərəncamın isə yaradıcılıq ittifaqlarının fəaliyyətini stimullaşdırmağa imkan verəcəyi şübhəsizdir”.
Firəngiz xanım bildirdi ki, bu günlər ən çox müzakirə edilən məsələlərdən biri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın martın 1-də mədəniyyət xadimləri ilə görüşüdür. Həmin görüşdə yaradıcı ittifaqların sədrləri və bəzi görkəmli sənətkarlar öz sahələrinə aid problemlərin həllini xahiş etdilər.
Görüşdə Prezident səbirlə, diqqətlə hamımızı dinlədi, heç kimin sözünü kəsmədi. Bizə demişdilər ki, 5-6 dəqiqə çıxış edin, bəziləri 10 dəqiqə, 20 dəqiqə çıxış etdi, ancaq heç kimin sözü kəsilmədi, hamıya qulaq asıldı. Bizə ən çox təsir edən fakt odur ki, möhtərəm Prezident hər şeyi yazır, qeyd edirdi. Çıxışlar bitəndən sonra bir-bir təkliflərimizə, problemlərimizə münasibət bildirdi. Bəzi məsələləri də orada həll etdi. Bəstəkarlar İttifaqının binası da bir neçə il əvvəl məhz cənab Prezidentin köməyi ilə bizə qaytarılmışdı. Orada da dedim, biz uzun illər yersiz-yuvasız qalmışdıq. Kitabxanamızı çətinliklə qoruyub saxlamışıq, partituralar məhv olmasın, – deyə evlərdə saxlayırdıq. İndi gözəl binamız da var, kitabxanamız da. Bəstəkarlar bunu görüb əlyazmalarını, partituralarını bizə təhvil verirlər. Bəstəkarlar İttifaqında ciddi işlər gedir. Mən zənn edirəm ki, bu səmimi görüşdən sonra fəaliyyətimizi daha da yüksək səviyyədə davam etdirəcəyik.
Firəngiz xanım qeyd etdi ki, belə görüşlərə həmişə ehtiyac var. Burada qaldırılan problemlər artıq həll olunmağa başlamışdır.
Hazırladı:
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 16
mart.- S.6.