Azərbaycançılığın bədii-publisistik

əsaslarını yaratmış mütəfəkkir yazıçı

 

Cəlil Məmmədquluzadə – 150

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunan ədəbi-bədii mərasim keçirilib.

Əvvəlcə iştirakçılar Fəxri xiyabanda ədibin məzarını ziyarət ediblər. Sonra Ədəbiyyat İnstitutunun foyesində bu elmi müəssisənin kitabxanası və Cəlil Məmmədquluzadənin Ev Muzeyinin yazıçının əsərlərindən və haqqında yazılmış nəşrlərdən təşkil etdiyi sərgi nümayiş etdirilib.

Mərasimi giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyətindən, onun milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətlərindən danışıb, onu azərbaycançılığın bədii-publisistik əsaslarını yaratmış mütəfəkkir yazıçı kimi səciyyələndirib.

Alim Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısından bəhs edərək, Prezident İlham Əliyevin imzaladığı “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncama uyğun olaraq ölkəmizdə yazıçıya həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edib.

Böyük mütəfəkkirin çoxşaxəli irsinin təbliği istiqamətində görülən tədbirlərin mahiyyətindən danışan akademik onun haqqında qiymətli əsərlərin yazıldığını, ədibin yaradıcılığının tədqiq olunduğunu diqqətə çatdırıb. O, bildirib ki, Cəlil Məmmədquluzadə Azərbaycan milli-ədəbi dilinin xalq dili əsasında formalaşmasında və ana dilinin saflığının qorunması uğrunda daim mübarizə aparıb. Bu gün ana dilinin saflığının qorunması ilə bağlı tədbirlərdə böyük mütəfəkkirin irsindən geniş istifadə olunur.

Məclisdə qeyd olunub ki, yazıçının demokrat, azərbaycançılıq ideologiyasının tərəfdarı olması onu özündən əvvəlki və sonrakı mütəfəkkirlərdən fərqləndirən əsas elementlərdir. Onun dərin humanist məzmuna malik dram və nəsr əsərləri, bədii publisistikası özündə milli və bəşəri dəyərləri ehtiva edir.

Sonra filologiya üzrə fəlsəfə doktoru Səadət Vahabovanın “Mirzə Cəlil yaradıcılığında milli mənlik problemimövzusunda məruzəsi dinlənilib. Mehdiabad qəsəbəsi 1 nömrəli orta məktəbin direktoru Pənah BabayevAbşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı Səkinə Abbasova isə çıxışlarında müasir dövrümüzdə Mirzə Cəlil irsinə olan yeni baxışlardan, onun tədqiqi və təbliğində öncül istiqamətlərdən danışıblar.

Ədəbi-bədii məclisdə Mehdiabad qəsəbəsi 1 nömrəli orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin əsərlərindən səhnələr nümayiş etdirib, yazıçıya həsr olunmuş şeirlər səsləndiriblər.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2019.- 8 mart.- S.15.