Nəğmə dolu bir ömür  

 

Onunla heç vaxt qarşılaşmamışdım. Amma televiziyadan çıxışlarını, müsahibələrini tez-tez görüb dinləyirdim. Mahnıları qəlbimə o qədər yatmışdı ki, dinləməkdən zövq alırdım. Elə inditez-tez bu mahnıları heyranlıqla dinləyirəm. Tanıyanlar deyirlər ki, gözəl insan idi. Həmişə çöhrəsi təbəssüm saçırdı. Elə həmsöhbətlərində də xoş ovqat yaradırdı. Şəkili idi axı...

 

Bəli, 1924-cü il yanvarın 21-də Şəkidə ziyalı ailəsində doğulmuşdu. ­1943-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyarkən dahi Üzeyir Hacıbəyovdan dərs almışdı. Bu qız sonralar Şərqin tarixinə düşən, neçə-neçə nəğmələr yazan, mahnıları sərhədləri aşaraq dünyanı fəth edən Şəfiqə Axundova oldu.

Yeniyetmə çağlarından musiqiyə meyilli idi. Təhsil illərində isə bu sənətə bütün qəlbi ilə bağlanmışdı. Musiqi təhsili alırdı, kiçik mahnılar bəstələməyə başlamışdı. İlk dəfə kolxozçu qızlar haqqında bir mahnı yazaraq Üzeyir bəyə göstərmiş, üzərində birlikdə işləmişdilər.

Sonra isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə Zeydmanın sinfini bitirir. Bu illər ərzində Gəncə Dövlət Dram Teatrının 20-dən çox tamaşasına bəstəkarlıq edir, neçə-neçə uşaqböyük mahnıları yazır. Lakin Şəfiqə xanıma uğur gətirən ən gözəl mahnısı 1958-ci il dekabrın 28-də, elə Gəncə Dövlət Dram Teatrında Bəxtiyar Vahabzadənin müəllifi olduğuVicdanpyesinin premyerasından sonra yaranır. Bu, hamının maraqla dinlədiyi “Nədən oldu?” mahnısı idi. Yarım əsrdən çox yaşı olan bu mahnı yaşayır və daim yaşayacaqdır.

 Bəstəkar Ş.Axundovanın Süleyman Rəhimovun eyniadlı povesti, İsgəndər Coşqunun librettosu əsasında yazdığı “Gəlin qayası” operası 1974-cü ildə OperaBalet Teatrında uğurla tamaşaya qoyuldu. Beləliklə, Şəfiqə xanım Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tanındı.

Bundan başqa, Şəfiqə xanımın sevilən çoxsaylı məşhur mahnıları dilimizin əzbərinə çevrilib. O, “Həyat, sən nə şirinsən”, “Çinar və mən”, “Ötür illər”, “Sular qızı”, “Gözlərimin işığı sənsən”, “Tapmayacaqsan məni”, müxtəlif müğənnilərin oxuduğuMehriban olaq”, “Hardasan, sevgilim, gəl”, “Anaları təklənməyə qoymayın”, “­Sevgi ölmür”, “Gəl, ey səhər” kimi 300-dən çox mahnının, eləcə də romansların, xor üçün silsilələrin, ­suitaların, “Ev bizim, sirr ­bizim” operettasının müəllifidir.

Bu əsərlər ən kədərli vaxtlarımızda ruhumuza su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Xanımana Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə və ­başqalarının əsərlərinə ­mahnılar yazıb.

Şəfiqə Axundovanın əsərləri Şövkət Ələkbərova, Zeynəb Xanlarova, ­Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Rübabə Muradova, Elmira Rəhimova, Anatollu Qəniyev, Zaur Rzayev, Səkinə İsmayılova, GülyazGülyanaq Məmmədova bacıları, Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, Berna Qaragözoğlu və başqaları tərəfindən sevilə-sevilə oxunubbu günifa edilir.

Görkəmli musiqiçinin sənəti yeni nəslin təlim-tərbiyəsində də mühüm rol oynayıb. O, bir ­pedaqoq kimi ömrünün böyük hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, gənc nəslin təhsilinə töhfələr verib. Bəstəkarın sənət naminə çəkdiyi zəhmət Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirilib. Şəfiqə xanım 1998-ci ildə Xalq artisti fəxri adına, ­2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb. Ən böyük mükafatı isə xalqın sonsuz məhəbbət və sevgisi olub.

 

Şükufə SÜLEYMANLI

 

Xalq qəzeti.- 2019.- 8 mart.- S.9.