Səhnəmizin parlaq
ulduzları
Azərbaycanın
ilk opera müğənnisi
Şövkət
Məmmədova (1897–1981)
Mən Rusiyada böyümüşəm. Demək olar ki, Şövkət xanım Məmmədova ilə ilk tanışlığa qədər Azərbaycanı tanımırdım. Azərbaycanı ilk dəfə Şövkətin oxuduğu xalq mahnıları ilə kəşf etmişəm.
Reynqold Qliyer, bəstəkar
Şövkət Məmmədova Tbilisi şəhərində anadan olub. Atası Şövkətin musiqiyə həvəsini hiss edib, onu Bakıya gətirib. Tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1911-ci ildə Milan Musiqi Məktəbinə göndərilib. Burada məşhur müğənni D.Ambroziodan dərs alıb. Şövkət Məmmədova sonra Kiyev Konservatoriyasında təhsil ala-ala R.Qliyerlə birgə konsertlər verib. Vətənə qayıdarkən dahi bəstəkar Üzeyir Hacibəylinin köməyi ilə böyük sənət uğurlarına imza atıb.
Mahir sənətçi operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah İsmayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə dərin iz buraxıb. Bakıda Teatr Texnikumu onun təşəbbüsü ilə yaradılıb. Bu, həm də Yaxın Şərqdə ilk teatr təhsili ocağı idi. Şövkət xanımın bir müddət direktorluq etdiyi bu texnikumun ilk buraxılışı 1926-cı ildə olub. Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada onun musiqi valları buraxılıb.
Şərqin ilk balerinası
Qəmər Almaszadə (1915–2006)
Qəmər Almaszadə həm bir insan, həm
də sənətkar kimi çox tələbkar idi.
Fərhad
Bədəlbəyli,
SSRİ Xalq artisti
Bakıda dünyaya göz açmış Qəmər
Almaszadə Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrı nəzdində fəaliyyət göstərən
balet studiyasını
bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb. Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qliyerin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb.
Müəyyən təcrübə qazandıqdan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin
incəliklərinə dərindən
yiyələnib. Təhsilini tamamlayaraq
Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı ilə bağlayıb.
Balerina 1940-cı ildə
Əfrasiyab Bədəlbəylinin
“Qız qalası” baletində ilk professional çıxışını
edib. “Qız qalası”nın 1959-cu ildə yeni – ikinci quruluşunun
baletmeysteri Qəmər
Almaszadə olub.
Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə
malik, onlarca istedadlı gəncin formalaşmasında pedaqoq
kimi çalışan
Qəmər Almaszadə
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında Reynqold Qliyerin “Qırmızı lalə”,
Adolf Adanın “Korsar”,
Boris Asafyevin “Bağçasaray
fontanı”, Aleksandr Qlazunovun “Raymonda”, Sezar Puninin “Esmeralda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, Lüdviq Minkusun “Don Kixot”, Əfrasiyab Bədəlbəylinin “Qız
qalası”, Qara Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin”, Aleksandr Kreynin “Laurensiya” baletlərində əsas partiyaları uğurla ifa edib. Üzeyir Hacıbəylinin
“Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.
Qəmər Almaszadə ölkəmizin
hüdudlarından kənarda
da Azərbaycan mədəniyyətini uğurla
təmsil edib.
Böyük sənət fədaisi
Mərziyyə Davudova (1901–1962)
Gözümün qabağında Mərziyyə
xanım “Solğun çiçəklər”də Gülnisəni oynadı. Mən hələ
elə məkrli qadın, elə gözəl qadın obrazı görməmişdim.
Ağakişi Kazımov,
Xalq artisti
Mərziyyə Davudova Həştərxanın
Sarevo kəndində anadan olub. 1908–1912-ci ildə kəndlərindəki
dördillik “Darültəhsil”,
1912–1915-ci illərdə “Qaliyə”
və 1915–1918-ci illərdə
“İqbal” rus-tatar məktəblərində oxuyub.
Bu dövrlərdə teatr fəaliyyətinə
başlayıb, burada həvəskarların hazırladıqları
tamaşalarda rol alıb.
Hüseyn Ərəblinski 1918-ci ildə
Həştərxanda qastrolda
olarkən Mərziyyə
xanımın oyununu bəyənib və onu Bakıya dəvət edib. 1919-cu ildə Mərziyyə Davudova anasını itirdikdən sonra Bakıya gəlib. İlk dəfə Birləşmiş
Dövlət Teatrı
nəzdində Türk
Dram Teatrı kollektivində
aktrisa işləyib.
Çox
qısa müddət
Tiflis Azərbaycan Dram Teatrında
və Bakı Türk İşçi Teatrında işləsə
də, ömrünün
sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən
olub. 1956–1961-ci illərdə Azərbaycan
Teatr Cəmiyyətinin
(hazırkı Azərbaycan
Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləyib.
Azərbaycan SSR Ali Sovetinin deputatı
olub.
Kinonun əvəzsiz aktrisası
Münəvvər Kələntərli (1912–1963)
Olduqca ayıq,
hər şeyin yerini bilən, son dərəcə ağıllı,
tədbirli qadın idi, Münəvvər xanım.
Tofiq
TAĞIZADƏ,
Xalq artisti
Münəvvər Kələntərli Lənkəranda
anadan olub. 17 yaşında Bakıya gəlib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb.
Əvvəlcə Opera Teatrında, sonralar isə Musiqili Komediya Teatrında fəaliyyət
göstərib. Ona yaxın
filmə çəkilib.
Münəvvər Kələntərli kinostudiyada ən peşəkar aktrisalardan sayılıb. Xalq artisti
Adil İsgəndərov
deyərmiş ki,
Mina, bu camaat (çəkildiyi filmlərin
rejissorlarını, rejissor
assistentlərini, operatorları
nəzərdə tuturdu
--M.M) ən çox səninlə istirahət edir. Münəvvər Kələntərli 1953-cü ildə “Vətən” kinoteatrına direktor müavini təyin olunur. Bundan sonra teatrdan
çıxır, ancaq
filmlərə çəkilir.
“Ögey ana”nın doğmalığı
Nəcibə Məlikova (1921–1992)
Bu aktrisanın teatr və kino tarixində
tutduğu özünəməxsus
yeri heç kim əvəz
edə bilməz.
İlyas
Əfəndiyev,
Xalq yazıçısı
Nəcibə Həşim qızı Məlikova Bakının Buzovna kəndində dünyaya gəlib. Bakı Teatr Məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra öz arzusu ilə Gəncə Dram Teatrında işləyib. Bir müddət sonra yenidən Bakıya qayıdıb, Milli Dram Teatrında çalışıb. Bu teatrda əsasən baş rolları ifa edib.
Nəcibə Məlikova, eyni zamanda, kinoda da uğurlu rollar yaradıb. Onların arasında “Ögey ana”da (Dilarə), “Aygün”də (Aygün), “Arşın mal alan”da (Cahan xala), “Əhməd haradadır?” da (Nərgiz xala) filmlərindəki işi aktrisanın yaradıcılıq nailliyyəti kimi dəyərlidir.
Nəcibə Məlikova 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 iyun 1974-cü ildə isə Xalq artisti fəxri adlarını alıb.
Hazırladı:
M.
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 8
mart.- S.9.