İlaxır çərşənbələrin
tarixi-mədəni səciyyəsi
Azərbaycan
folklorşünaslığında və etnologiyasında ən
diqqətlə öyrənilən məsələlərdən
biri də Novruz bayramı öncəsi qeyd olunan çərşənbələrdir.
Bununla yanaşı, çərşənbələrin təqvim
hadisəsi kimi köklərinin araşdırılmasına
ciddi ehtiyac duyulur. Çünki çərşənbə mərasimlərinin
ritual əsası onun təqvimdəki yeri və mənası
ilə sıx əlaqəlidir. Çərşənbələrin
təqvim hadisəsi və mifoloji kökləri barədə
folklorşünaslığımızda aydın və yekdil
bir fikir yoxdur. Bunun əvəzində onların etno-mədəni
xarakterini açmaq adı ilə heç bir elmi qaynağa əsaslanmayan
və xalq təqvimi ilə birbaşa bağlı olmayan uydurma
mülahizələr də dövriyyəyə
buraxılır.
“Novruz” adının mənasının “yeni gün” olduğunu bilirik. Çərşənbənin isə bu qədər aydın izahı yoxdur. “Çərşənbə” sözünün farsca “çəhar şənbə” deyimindən olduğunu nəzərə alsaq, onu “dörd şənbə” və ya “dördüncü şənbə” kimi hərfi tərcümə etmək olar. Amma bu izah da sözün semantikası haqqında aydın bir təsəvvür yaratmır. İndi İranda işlənən hicri təqviminə görə, həftədə günlərin adlarına diqqət etsək, orada “şənbə” sözünün sıx şəkildə işləndiyini görürük: yekşənbə, doşənbə, seşənbə, çeharşənbə, pəncşənbə, şənbə, come.
“Çeharşənbə” sözündəki “çehar” 4-dür. “Şənbə”nin mənası isə tam aydın deyil. Amma bunun Şərqdə istifadə olunmuş qədim təqvimlərdən birinin qalığı olduğu və həmin təqvimdə şənbənin əlamətdar gün sayıldığı aydındır. Bunun sami xalqlarında “şabbat” formasında qaldığı məlumdur. Slavyanlardakı “subbota”nın da eyni kökdən qaynaqlandığını düşünmək olar. Ola bilər ki, şənbə altıgünlük həftənin altıncı və ya istirahət günü olmuşdur.
“Şabbat”ın şənbə şəklində İran xalqlarında və türklərdə işlənməsi mümkündür. Yəhudilərdə “şabbat” indi də qeyd olunur. “Şabbat”ın iudaizmlə bağlı müəyyən dini mənası vardır. Ola bilər ki, İslamdan öncə Xəzər xaqanlığının türk əhalisinin iudaizm dininə mənsub olması sonralar da bu xalqların təqvimində öz izlərini saxlamışdır. Amma biz çərşənbəni altıncı gün deyil, “dörd şənbə” adı ilə ikinci gündən üçüncü günə keçən axşam qeyd edirik. Görünür, burada bir neçə təqvimin kəsişməsi baş vermişdir. Burada bizim də XI-XIX əsrlər boyu işlətdiyimiz hicri təqvimi, XX əsrdən işlətdiymiz miladi təqvimi ilə yanaşı, iudaizm təqvimi də bu və ya digər şəkildə özünü göstərir. Yəni “çərşənbə”nin mübarək gün olması ilə bağlı ənənəvi təsəvvürlərin izi müşahidə olunmaqdadır.
Şənbənin həftənin altıncı günü olduğunu bilirik. Bu da Uca Yaradanın dünyanı altı gündə və sonda insan yaratması haqqında dini təsəvvürlərlə əlaqəli görünür. Dünyanın altı gündə yaradılması şənbəni, dünyanı yaradan dörd ünsürün (su, od, hava, torpaq) hər birinin bir “şənbəlik” həftə sistemində qabardılması isə “çərşənbə”ni (dörd şənbə) müqəddəsləşdirir. İstər ilkin kosmoqoniya kimi, istər xalq təqvimi kimi, istərsə də dini bilgi kimi bu yanaşma özünü doğruldur.
Qədim dövrlərdə Novruzun gəlişi – əmək mövsümünün başlaması demək idi. Bu, insanları sevindirirdi. Bu baxımdan da onlar mal-qaranın, qoyun-quzunun yaza salamat çıxarılması, əkin-biçinin başlanması, bolluq olması üçün müxtəlif nəğmələr yaratmışdılar. Novruzqabağı nəğmələr adı ilə tanınan həmin nəğmələr üç qismə ayrılır. Çillə nəğmələri, ilaxır çərşənbə nəğmələri, bayram nəğmələri.
Novruza hələ 90 gün qalmış, yəni qışın böyük çilləsinin girməsilə bağlı çillə şənlikləri keçirilər və müxtəlif nəğmələr oxunardı. Bəzi bölgələrdə həmin nümunələrə “çilləkəsdi” və ya “çillədən çıxma” nəğmələri də deyilərdi. Qədim insanın yaradıcı təsəvvüründə qışın müxtəlif obrazlarına fərqli münasibətlər ifadə edilirdi. Bu xüsusiyyət çillə nəğmələrində də özünü göstərir.
Qədim etiqadlara görə qış çillələrə bölünür. Bunlardan birincisi qışın girməsi ilə başlanan böyük çillədir ki, qırx gün davam edir. İkincisi, xalqın öz ifadəsi ilə deyilsə, “qışın oğlan çağı”dır ki, kiçik çillə adlanır və iyirmi gün davam edir. Nəhayət, boz ay – qışın son ayı gəlir ki, bu da dörd həftədən (dörd balaca çillədən) ibarətdir. Yuxarıda deyildiyi kimi, bu bölgünün əsaslandığı yeddi və qırx rəqəmlərinin müqəddəsliyi islamiyyətdən də, zərdüştlikdən də çox qədimdir. Son ayın dörd yeddi günlük çilləyə bölünməsi isə, ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür hava, torpaq, su və oddur. Qədim etiqadlara görə, son ayın hər həftəsində bu ünsürdən biri canlanır, oyanır, yenidən yaşamağa başlayır. Bunların hamısının dirilməsi, yenidən həyata qayıtması ilə də, ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlərdə bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin çərşənbəsində xüsusi bir şəkildə qeyd edilirmiş. Qurtaran ilin axır çərşənbəsində isə bütün evlərin həyətində tonqal qalanır, hamı odun üstündən tullanaraq “Ağırlığım, uğurluğum”, yaxud “Azarım, bezarım, tökül bu odun üstünə” deyirmiş.
Xalqımız zaman-zaman ölkəmizdə hakim olmuş müxtəlif dinlərin, siyasi sistemlərin, ayrı-ayrı hökmdarların təsis etdikləri bayramları, mərasimləri unutmuş, amma bütün qadağalara, gözdənsalmalara baxmayaraq, Novruzu – insanı əməyə, zəhmətə, maddi nemətlər yaratmağa çağıran bu təqvim və təsərrüfat gününü unutmamış, ən əziz bayramı kimi əsrlər boyu yaşatmış, adət-ənənəsinin qızıl səhifəsi kimi nəsildən-nəsilə ötürmüşdür. Azərbaycan xalqı öz əzmkarlığı ilə BMT tərəfindən ümumdünya bayramları sırasına saldırmağa nail olduğu Nobruzu indi də həvəslə gözləyir, hörmətlə qarşılayır, onun mərasimlərini xüsusi bir məhəbbətlə icra edir. Novruz və ondan öncə keçirilən çərşənbələr xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.
Novruz mərasimi nəğmələrinin müəyyən bir hissəsini çərşənbələrlə bağlı nəğmələr təşkil edir. Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür.Yazın gəlişini intizarla gözləyən qədim əkinçi, əslində, böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günün, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üsgü”, ikinci üçünə “doğru üsgü”, sonuncusuna isə “axır çərşənbə” deyilirdi. Bu çərşənbələrin hərəsinə görə məxsusi mərasim ənənələri vardı. Qışın çıxmasına altı çərşənbə boyu hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq onu yola salır, yeni ilin, yəni yazın ilk gününu elliklə bayram edirdi.
Çərşənbələr Novruz bayramının ən mühüm atributlarıdır. Hər bir çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələrin simvolik obrazı formalaşmışdır. İlin son ayının dörd çərşənbəsi ilaxır çərşənbələr sayılır. Novruz öncəsi qeyd olunan son çərşənbə isə “axır çərşənbə” adlanır. İlaxır çərşənbələrin birincisi su çərşənbəsidir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi qədim insanın suya tapınma inancı ilə bağlıdır. Məsələn, qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji təfəkkürünün əsas elementlərindən biridir.
İlaxır çərşənbələrin ikincisi od çərşənbəsidir. Buna xalq arasında “üsgü çərşənbə”, “üskü gecəsi”, “ikinci cərşənbə”, yaxud “addı çərşənbə” də deyilir. Od müqəddəs hesab edilirdi. Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla paklayar ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görədə ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inamın və buna əsaslanan xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır.
Yel çərşənbəsi ilaxır çərşənbənin üçüncüsüdür. Xalq arasında bu çərşənbəyə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yell çərşənbəsi” də deyilir. Yel çərşənbəsi ilə bağlı bir sıra deyim və inanclar var. Onlardan birini təqdim edirik: Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları sənə toxunsa, diləyin yerinə yetər.
Torpaq çərşənbəsi ilaxır çərşənbələrin dördüncüsüdür. Başqa sözlə desək, o, sonuncu, yaxud axır çərşənbədir. Qədim adətə görə, axır çərşənbə günündə əcdadların, əzizlərin məzarları ziyarət olunar, onların ruhuna dualar oxunar. Xalqımızın axır çərşənbə ilə bağlı bir adəti də budur ki, həmin çərşənbə axşamında adamlar od üstündən yeddi dəfə o yan-bu yana atılar, bununla da köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyduqlarına inanarlar.
Axır çərşənbə günü axşam çağları qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya ifadəni yozub, gələcək barədə müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “başım ağrıyır” və s. kimi sözlər eşidilərsə, pis tərəfə yozulur. Xalqımızın folklor yaradıcılığında çərşənbələrlə bağlı onlarca deyim, sınama, tapmaca, atalar sözü, nəğmə, rəvayət vardır.
Beləliklə, çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini əyani şəkildə nümayiş etdirən əlamətdar hadisələrdir. Onların eramızdan əvvəl başlanan qədim tarixi vardır. Çərşənbə mərasimlərinin məzmunu yaradılışla bağlı dörd sakral ünsür haqqındakı qədim təsəvvürlərdən, əski xalq inanclarından, arxaik ritual elementlərindən, altı günlük təqvim sistemindən və yazın gəlişi ilə bağlı mövsüm şölənlərindən qaynaqlanır. Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı mədəni kompleksinə daxildir və bir ay öncədən xalqı böyük bayrama – Novruza hazırlayır, cəmiyyətdə bayram ovqatını səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.
Ağaverdi
XƏLİL,
AMEA Folklor
İnstitutunun mərasim folkloru
şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru
Xalq qəzeti.- 2019.- 19 mart.- S.6.