Bir həzin nəğmədir qadın ürəyi...

  

Gözəl deyimdir. Qadın zərifliyinin, xanım mükəmməlliyinin obrazlı ifadəsi kimi bu sətirlərə heç bir sözümüz yoxdur. Amma bu gün, müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanıdılmasında, ölkəmizin gündən-günə qüdrətlənməsində Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanan, Şərq xanımlığının ən mükəmməl dəyərlərini yaşadan Mehriban Əliyevanın timsalında biz təkcə həzin bir nəğmə sahibinin ürəyini yox, həm də xalqın möhtəşəm dayaqlarından birini görürük.

Bu, təsadüfi deyil. Tarixin insan təfəkkürünə məlum olan bütün dönəmlərində Azərbaycan qadınlarının belə keyfiyyətləri barədə məlumatlar var.

Biz sənət adamları dünyanın çox ölkələrini gəzirik, qastrollarda, mədəni tədbirlərdə iştirak edirik. Bütün səfərlərdə Azərbaycanın inkişafı, tərəqqisi barədə söz düşəndə bizim xanımlarımızın uğurlarından da danışılır. Dəfələrlə dediyim fikirləri yenə də təkrarlayıram: Azərbaycan qadını Şərq xanımlığının dəyərlərini qoruyub saxlasa da, artıq zəif, kövrək məxluq deyil. Azərbaycan qadını bu gün mətanətlidir,  cəsarətlidir, dəyanətlidir, mübarizdir.

Mən fəxr edirəm ki, Azərbaycan xalqının mədəniyyətini beynəlxalq aləmdə tanıdan, elm, təhsil, səhiyyə və idmanımızı müvəffəqiyyətlə təbliğ edən çoxsaylı təmsilçilərimizin, təxminən, yarısı qadınlardır.

Bu faktla təkcə ona görə fəxr etmirik ki, qadınlarımız inkişaf ediblər, dünya miqyasında tanınırlar, həm də ona görə öyünürük ki, gənc dövlətimizi dünya miqyasında tanıdan qüdrətli Azərbaycan kişiləri öz arxalarında mötəbər qadın dəstəyini görürlər.

Bayramın mübarək, Azərbaycan qadını!

 

Fidan QASIMOVA,

Xalq artisti

 

Xalq qəzeti.- 2019.- 8 mart.- S.8.