Mükəmməl obraz

yaratmaq ikiqat çətindir 

 

Azərbaycan təsviri və heykəltəraşlıq sənətində qadınların obrazları kifayət qədərdir. Mənə belə gəlir ki, rəssam da, heykəltəraş da bu əsərləri böyük məhəbbətlə yaradırlar. Onlar arasında tarixi şəxsiyyətlər də, görkəmli elm və mədəniyyət xadimləri də, zəhmət adamları da var. Qadın obrazlarını sənətdə canlandırmaq çox çətindir. Çünki onların incə cizgiləri çoxdur. Bunu görmək, duymaq o qədər də asan deyil.

 

Mən də qadın mövzusuna müraciət etmişəm. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın abidəsi onlar arasında xüsusilə fərqlənir. Bu abidədə həzin kədərin gözəllik və zərifliklə vəhdətini təcəssüm etdirməyə çalışmışam.Ümumiyyətlə, mən qadın obrazları üzərində həmişə məsuliyyətlə işləmişəm.

Təsviri sənətimizdə də çox maraqlı qadın obrazları yaradılıb. Elə bir rəssam yoxdur ki, yaradıcılığında bu mövzuya müraciət etməsin. Bu mənada, sənət nümunələrində mərd kişi xarakteri ilə yanaşı, qadın gözəlliyini də tərənnüm edən kifayət qədər əsər var. Özü də təsviri və tətbiqi sənət sahələrində yaradılan qadın obrazları ovqatxarakter ifadəsinə görə çox rəngarəngdir. Mikayıl Abdullayev dəfələrlə öz yaradıcılığında Azərbaycan qadınlarının gözəlliyini vəsf etməklə yanaşı, onun əmək fədakarlığına, çalışqanlığına da öz əsərlərində (“Mənim anam”, “Leyla xanım”, “Tələbə”, “Müğənni”) yer verib. Digər tanınmış rəssamımız Böyükağa Mirzəzadənin də bir çox əsəri (“Şamama Həsənovanın portreti”, “Sürəyya Kərimovanın portreti”, “Pambıq yığımı”, “Ziba Hüseynovanın portreti”, “Qızxanım Qulamovanın portreti”) Azərbaycanın zəhmətkeş, əməksevər qadınlarını əks etdirir.

Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləminin rənglərin əlvan dili ilə parlaq ifadəsi qadın rəssamlarımızın əsərlərində də öz əksini tapıb. Maral Rəhmanzadə yaradıcılığının erkən dövründə çəkdiyi əsərlərində (“Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində”) Azərbaycan qadınlarının həyatı əks olunub. Maral Rəhmanzadənin həm qadın şair və aşıqlara, həm də əməkçi qadınlara həsr etdiyi qrafik lövhələrdə isə zərif cinsin lirik və fədakar obrazları ilə qarşılaşırıq.

Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Pambıqçı”, “Şamama Həsənovanın portreti”, “Geoloq Minirə Məmmədbəylinin portretikimi əsərləri, həmçinin imtahana hazırlaşan gənc qızı təsvir edən lövhələrdə gözəllik qaynaqları məhz onların peşə və məşğuliyyət qayğıları ilə vəhdətdə ifadə olunduğundan inandırıcı və duyğulandırıcıdırlar.

Bu gün də rəssamlarımız qadın mövzusunda qiymətli əsərlər yaradırlar. Mən də fürsətdən istifadə edib bayram münasibətilə sevimli qadınlarımızı təbrik edir, onlara ölkəmizin inkişafı yolunda yeni-yeni uğurlar arzulayıram.

 

Ömər ELDAROV,

akademik

 

Xalq qəzeti.- 2019.- 8 mart.- S.8.