Teatrımız yeni inkişaf

mərhələsinə qədəm qoyub 

 

Bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşü əhəmiyyətli bir hadisə oldu.

Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov da bu görüşdə iştirak edib. Milli Teatr Günü münasibətilə Xalq artisti ilə əlaqə saxladıq, onun Azərbaycan teatrının inkişafı ilə bağlı fikirlərini öyrənmək istədik.

Xalq artisti bildirdi ki, ümummilli lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün də məhz ­Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan teatr sənəti çox şərəfli bir inkişaf yolu keçmişdir. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində milli teatrlarımız əsl inkişaf yoluna çıxarıldı.

Mən 50 ildir Akademik Milli Dram Teatrında çalışıram. Ulu öndər dəfələrlə bizim teatrda olub, tamaşalardan sonra səhnə arxasında yaradıcı heyətlə görüşüb. Bu görüşlər böyük yaradıcılıq stimulu verirdi. Mən İlham Əliyevlə görüşdə də dedim ki, cənab Prezident, kollektivimiz Sizi həmişə arzulayır, həmişə istəyir. Çünki bu adət bizə ulu öndər tərəfindən miras qalmışdır. O, həmişə teatra gələndə tamaşadan sonra aktyorlarla, rejissorlarla söhbət edirdi. İndi də bu istək var, həmişə də bizim işçilər tərəfindən səsləndirilir.

Möhtərəm Prezidentimizə ürəkdən təşəkkür edirəm. Görüşdə də dedim: “Nəinki mədəniyyət xadimləri, bütün Azərbaycan xalqı Sizi çox istəyir, xalqın Prezidentə böyük ehtiramı, böyük inamı var. Mədəniyyət işçiləri, hamımız sevinirik ki, bizim belə Prezidentimiz var. Dünya şöhrətli, gözəl, böyük siyasəti olan, Azərbaycanın xoşbəxtliyini təmin edə bilən bir insan bizim möhtərəm Prezidentimizdir, dövlətimizin başçısıdır”.

Teatr Xadimləri İttifaqının sədr müavini əlavə etdi ki, işlədiyim Azərbaycan Akademik Milli Dram Teatrı bu illər ərzində böyük uğurlar qazanıb. Uğurlarımız da onda olub ki, biz elə saydığımız yerdə qalmamışıq. Bizim teatrda əvvəllər iki səhnə – böyük səhnə və kiçik səhnə olub, indi isə artıq böyük səhnədən başqa dörd səhnəmiz var.

 Görün son illər paytaxtımızda və regionlarda nə qədər teatr əsaslı təmir olunub. Yeni-yeni əsərlər repertuara daxil edilib. Teatrlarımız tamamilə yenilənib.

 Xalq artisti Teatr Xadimləri İttifaqının fəaliyyətindən də danışdı. Dedi ki, təşkilatımızın gördüyü işlər çoxdur. Prezidentimizlə görüşdə də bunu bildirdim: bizdə çatışmayan, daha doğrusu, arzu olunan odur ki, Azərbaycanda gənc dramaturqlara və gənc rejissorlara çox böyük ehtiyac var. Biz də bu problemi həll etməyə çalışdıq. Keçən il bizim ittifaqda beş yaradıcılıq laboratoriyası açılıb. Gənc rejissorların, aktyorların, debütant rejissorların, tənqidçilərin və bir də gənc dramaturqların laboratoriyası artıq fəaliyyət göstərir. Burada 43 nəfər təhsil alır və mən inanıram ki, onların Azərbaycan mədəniyyətinə böyük töhfələri olacaq. Çünki bunlar hamısı gəncliyə aiddir və gənclər mütləq bu sənətə gəlməlidirlər.

H. İsmayılov qeyd etdi ki, Azərbaycan Teatr Xadimləri İttifaqı dünyada tanınmış Beynəlxalq təşkilatların -- UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının üzvüdür. Buraya MDB, Baltikyanı ölkələr, bir də Gürcüstan daxildir. Bu forumda Azərbaycanı 5 gənc dramaturq, 6 teatr rəssamı, 3 tənqidçi təmsil edib və iki tamaşa oynanılıb. Hazırda isə Mədəniyyət Nazirliyinin bilavasitə təşəbbüsü, maddi köməyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Moskvadakı Şukin adına Teatr Məktəbində bizim 10 gənc təhsil alır, həm aktyor kimi, həm də rejissor kimi. Mən inanıram ki, onlar qayıdandan sonra bizim mədəniyyətimizə öz töhfələrini verəcəklər və eyni zamanda, özlərinin yeni teatr düşüncələrini gətirəcəklər.

Bu gün teatrlarımıza dövlət qayğısı artmaqdadır. Elə bu yaxınlarda Prezidentimiz teatrların inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncamla həm paytaxt, həm də region teatrlarına maddi yardım edilməsi nəzərdə tutulur. Əlbəttə, Milli Teatr Günü ərəfəsində belə bir sərəncamın imzalanması teatrlarımızın gələcək inkişafı üçün yeni imkanlar açacaq.

 

Şükufə Süleymanlı

 

Xalq qəzeti.- 2019.- 10 mart.- S.4.