Azərbaycan kino

sənətinə diqqət artırılır 

 

Bu sözləri kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə bizimlə söhbətində dedi. O, bildirdi ki, Prezident İlham Əliyevin mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı kino sahəsində boşluqların doldurulmasına səbəb olacaq.

Şübhəsiz, 30-40 il bundan əvvəlki Azərbaycan kinosu ilə müasir kino sənətini müqayisə etmək olmaz. Çünki o zamankından fərqli olaraq, bu gün müstəqil dövlətik. SSRİ vaxtında dövlət xüsusi plan əsasında hər il kino sahəsində öz siyasətlərinin yeridilməsi üçün vəsait ayrılırdı.

A.Kazımzadə qeyd etdi ki, ölkə başçısının Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı sərəncamı son dərəcə qiymətli sənəddir: "Konkret olaraq film istehsalı inkişaf etdiriləcək. Biz bununla bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin geniş tərkibdə keçirilən iclasında iştirak etdik. Ümumiyyətlə, Azərbaycan kinosu ilə bağlı çox məsələlər var ki, hamısı Prezidentə təqdim olunan təkliflər siyahısında öz əksini tapacaq. Dövlət başçısının mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirilən görüşündə verilən təkliflərin bəziləri reallaşıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının inzibati binası yoxdur. Bununla bağlı artıq məsələ qaldırılıb. Dövlət başçısının sərəncamından sonra bu problemaradan qaldırılmaqdadır. Bundan əlavə, kinostudiyanın təmir olunması da ən ümdə məsələlərdəndir. Ümumiyyətlə, cənab Prezidentin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirməsi sevindirici haldır. Ümid edirəm ki, Prezidentlə mədəniyyət və incəsənət xadimlərinin görüşləri bundan sonra da davamlı keçiriləcək”.

Onun sözlərinə görə, kino sahəsinin inkişaf etməməsinin səbəblərindən biri də peşəkar ssenaristin olmamasıdır: "Bu gün Azərbaycan filmlərində və seriallarında boşluqlar çoxdur. Bu, o deməkdir ki, filmin və serialın ərsəyə gəlməsində iştirak edənlər, hələ bu sahəni öyrənirlər. Ümumiyyətlə, təqdim olunan film və serialların ssenarisi zəif, mövzular bəsitdir. Bu da ölkədə peşəkar ssenaristlərin olmadığı anlamına gəlir. Əslində, belə filmlər cəmiyyətin zövqünü korlayır. ”

Aydın müəllim onu da bildirdi ki, Prezident İlham Əliyev mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə "Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini üç ay müddətində hazırlamaq, Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaq tapşırılıb. Sərəncama əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılıb.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 12 mart.- S.4.