Hüseyn Cavid ömrünün

yarımçıq əsərlərindən biri...

 

Ərtoğrul Cavid –100

 

Bu il dahi  Hüseyn Cavidin yadigarı – bəstəkar, şair, dramaturq, rəssam, tədqiqatçı, folklorçu  Ərtoğrul Cavidin 100  yaşı  tamam olur. Ərtoğrul Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə  Bakı şəhərində dünyaya gəlmişdir.Ərtoğrulun  uşaqlıq və  yeniyetmə  illəri sənətkarlar əhatəsində  keçmiş, onun  mənəviyyatı, demək olar ki, poeziya , musiqi ilə yoğrulmuşdu.  Hüseyn Cavid, onun həmfikirləri, dostları Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Abbas Mirzə Şərifzadə, Hənəfi Terequlov, Pənah Qasımov və digər sənət adamları bu ocağın, poeziya, musiqi məclislərinin daimi qonaqları idi. Belə bir yaradıcı mühitdə böyüyürdü  gələcəyinə böyük ümidlər bəslənilən Ərtoğrul. Üzeyir bəyin məsləhəti, nəzarəti ilə musiqi aləminə baş vuran Ərtoğrulu ilk baxışda işıqlı, sənət yolu gözləyirdi... Lakin bir çox ailələrin, eləcə də Hüseyn Cavid ailəsinin ahəngini pozan repressiya illəri Ərtoğrulun xəyallarının, arzularının üstündən xətt çəkdi.

Hər dəfə Hüseyn Cavidin ailəsinin başına gələn fəlakətlər yadımıza düşdükcə, istər-istəməz əhvalımız pozulur, dərin düşüncələrə qərq oluruq. İnsanın insana qarşı, insanlığa sığmayan “oyunları”  bizi təəccübləndirir.

Gənc yaşlarından həyatın amansız zərbələrinə məruz qalan Ərtoğrulun nakam həyatı, keçirdiyi mənəvi sarsıntılar başqaları kimi bizidüşündürür, həyəcanlandırır. Taleyin qəddar zərbələrinə baxmayaraq, Ərtoğrulun son günlərinədək yazıb-yaratması, mübarizə aparması, sınmaması onu daha da ucaldır, qəlbimizdə ideal bir insan kimi yaşadır.

Yaşadığı qısa  – 24 il ərzində yaratdığı əsərlərə, gördüyü işlərə nəzər saldıqda fikirləşirsən ki, az bir müddət ərzində bu qədər əsərlər yaradan insan tam bir ömür yaşasaydı, gör musiqi xəzinəmiz dəyərli əsərlərlə nə qədər zənginləşərdi.

Nota köçürdüyü 200-dən çox el havaları, mətnləri, yazıya aldığı çoxsaylı dastan və nağıllar, fortepiano üçün “9 variasiya”, “Sonatina”, prelüdlər, miniatürlər, pyeslər, musiqi lövhələri, skripkafortepiano üçün  Poema”, “Cəbhədən məktub” simfonik balladası, nəfəsli orkestr üçün marşlar, klassiklərimizin sözlərinə mahnı və romanslar, instrumentalkamera əsərləri, tamamlanmamış “Şeyx Sənan”, “Məhsəti” operaları istedadlı bəstəkar Ərtoğrul Cavidin kiçik yaradıcı ömrünün həm məzmun, həm də forma baxımından böyük dəyərli əsərləridir.

Poeziya sahəsində yazdığı 50-dək şeirlərə, dram əsərlərinə, ustalıqla çəkdiyi rəsm əsərlərinə gəlincə, Uca Tanrının Ərtoğrul Cavidə bəxş etdiyi fitri istedada, zəhmətsevər, məqsədyönlü, mübariz həyat tərzinə heyran qalmaya bilmirsən.

Repressiya illərinin mənəvi sarsıntılarını yaşayan, “xalq düşməni” damğası vurulmuş ailə üzvlərinin didərgin, çarəsiz həyatları belə Böyük Vətən savaşının qurbanı Ərtoğrulu son günlərinədək mübarizədən, yaradıcılıqdan çəkindirməyə gücü yetmədi. Kim olsaydı, həyatın bu zərbələrinə dözməzdi, sınardı, yaradıcılıqdan əl çəkərdi. Hələ üstəlik, dost, tanış, yaxın bildikləri bəzi insanların etibarsızlığı ruhdan salmadı gənc Ərtoğrulu. Sənətinə, milli musiqiyə, xalqına olan böyük sevgi taleyin ədalətsiz oyunlarına qalib gəldi. Ərtoğrul ən ağır vəziyyətdə, şəraitdə belə yazdı, yaratdı.

1936–1940-cı illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun  dil-ədəbiyyat fakültəsində təhsil aldı. İnstitutu fərqlənmə diplomu ilə bitirdi. Elə həmin il Üzeyir bəyin xeyir-duası ilə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil oldu  bəstəkarlığın, xalq musiqisinin sirlərini dahi Üzeyir bəy Hacıbəylidən, görkəmli pedoqoq Boris Zeydmandan öyrəndi. Konservatoriyanın nəzdində musiqi məktəbində dərs dedi, musiqi elmi tədqiqat kabinetində çalışdı, tərcümələr edib ailəsinə kömək etdi.

Böyük Vətən müharibəsi bir çox gənclərimiz kimi, Ərtoğrulun da arzularını, xəyallarını darmadağın etdi. 1942-ci ildə “xalq düşməni”nin oğlu Ərtoğrul Gürcüstandakı fəhlə batalyonunda ağır, dözülməz işlərə cəlb olunur. Fəhlə batalyonunda ağır işlər onsuz da fiziki cəhətdən zəifləyən Ərtoğrulun xəstələnməsinə səbəb olur, xəstəxanaya düşür. Xəstəliyin ən ağır zamanında belə, yazdıqlarını nəzərdən keçirir, ruhdan düşmür, arzularla yaşayır. Daha doğrusu, ailəsini yaşatmaq üçün, onlara  arxa durmaq üçün həyat uğrunda mübarizə aparır. Lakin həyatın gözlənilməz, qəddar zərbələri, amansız, çarəsiz xəstəlik bu arzuların gerçəkləşməsinə mane olur. 1943-cü ildə Ərtoğrul Cavid ata-baba yurdu Naxçıvana gəlir, qədim Naxçıvan, qohumları Cavid əfəndinin yadigarını ağuşuna alır. Onu əzizləyib, yaşaması üçün qulluğunda dururlar. Sanki torpaq da qısqanclıqla yanaşır bu hörmətə, sevgiyə. O da qəlbini açıb Ərtoğrulu qoynuna alır.

 

“Sevgiyə, məhəbbətə,

Qısqandı səni torpaq

“Sənə göz dəyməsin” deyə

Sinəsində – qəlbində gizlətdi səni torpaq”. (N.P.)

 

1943-cü il noyabrın 14-də Cavid əfəndinin dünyaya gəldiyi ­diyarda – Naxçıvan şəhərində dünyasını dəyişir Ərtoğruıl Cavid oğlu Rasizadə.

Yaşadığı qısa ömür ərzində yaratdığı musiqi əsərləri bu gün konsert salonlarında səslənir, musiqi məktəblərində tədris olunur. Yazıb yaratdığı, topladığı gələcək nəsil üçün qoruyub saxladığı sənət inciləri öz tədqiqatını, təbliğatını gözləyir.

Bu baxımdan Hüseyn Cavidin ev muzeyinin rəhbəri Gülbəniz xanım Babaxanlının təşəbbüsü və tərtibatı ilə nəşr olunmuş 13 cildlik “Azərbaycan Qeyri-Maddi Mədəniyyət Abidələri və Ərtoğrul Cavidtoplusunun 11-ci cildi haqqında  qısa məlumat vermək yerinə düşərdi.

Balaban məktəbi” adlı tədris vəsaitini  əhatə edən cilddə Azərbaycanımızın milli musiqi aləti olan balaban üçün yazılan bu dərslik, xalq musiqimizin bilicisi, musiqişünas Saleh Əbdüləlimov tərəfindən ərsəyə gətirilən ilk dərslikdir.Balaban məktəbi” dərsliyinin 1937-ci ildə Üzeyir bəyin xeyir-duasını aldığına baxmayaraq, nəşri mümkün olmamışdır. Sonralar bu alət üçün dərslik Azərbaycanda yaşayan erməni tərəfindən tərtib olunaraq çap edilmişmusiqi məktəblərimizdə tədris olunmuşdur.

Göründüyü kimi, doğma Qarabağımızın bu gün  işğal altında olması,  məhz ermənilərin hələ illər öncə mədəniyyətimizin, incəsənətimizin işğalı ilə başlamışdır, – desək, yanılmarıq.

Ərtoğrul Cavid Saleh Əbdüləlimovun “Balaban məktəbi” dərsliyinin orijinalını, eləcə də dərsliyin müzakirəsi zamanı qeyd edilən iclas protokollarını mühafizə edərək onları rus dilindən Azərbaycan dilinə tərcümə etmiş, öz arxivində qoruyub saxlamışdır. Yalınız qeyd etdiyimiz bu fakt Ərtoğrul Cavidi xalq musiqimizin, musiqi alətlərimizin qoruyucusu, təbliğatçısı kimi dəyərləndirməyə əsas verir.

Ümidvarıq ki, Ərtoğrul Cavid yaradıcılığı bundan sonra da tədqiqatçı və alimlərimizin, musiqi ifaçılarımızın diqqətindən kənarda qalmayacaqdır.

Dünya şöhrətli görkəmli siyasi xadim Heydər Əliyevin boya-­başa çatdığı Naxçıvan torpağında möhtəşəm sənət əsəri – Hüseyn Cavid məqbərəsi ucalıb. Cavidin bir-birindən uzaq düşmüş ailə üzvləri bu məqbərədə yenidən birləşiblər, ayrılığa son qoyulub. Hüseyn Cavid ruhu yenə əvvəlki tək öz ocağının başına dolanır, əzizlərini qoruyur – vəfalı ömür-gün yoldaşı Müşginaz xanımı, sevimli Turanını, birki, Cavid ömrünün natamam əsəri – Ərtoğrulu.

Naxçıvan Muxtar Respublikasının  rəhbərliyinin təşəbbüsü ilə Naxçıvan Şəhər İncəsənət Məktəbinə Ərtoğrul Cavidin adı verilmişdir. Ərtoğrul Cavid adına Naxçıvan Şəhər İncəsənət Məktəbi bu gün musiqi mədəniyyətimiz üçün ərtoğrullar yetişdirir.

 

Tofiq Bakıxanov,

Xalq artisti, Naxçıvan Muxtar

Respublikasının Əməkdar incəsənət xadimi ,

Şöhrətordenli professor

 

Nazim Paşa Quliyev,

Azərbaycan Respublikasının

Əməkdar incəsənət xadimi, bəstəkar

 

Xalq qəzeti.- 2019.- 30 mart.- S.9.