O gün uzaqda deyil
Səhərin gözü
açılmamış keçmiş tələbə
yoldaşlarımızdan biri zəng vurub sevinclə dedi ki, məni
təbrik edin. Kəndimizə yaxın ərazidə məcburi
köçkünlər üçün
tikilmiş qəsəbədən bizə
də ev veriblər. Dedi ki,
elə bu gün ailəsini
də götürüb gedəcək təzə
evinə. Sevinci yerə-göyə
sığmırdı. Dayanmadan
danışırdı. Sözarası bizi
qonaq dəvət etməyi də
unutmadı. Dedi ki, gələrsiniz,
görərsiniz ki, Cənnətməkana gedirik. Kəndimizin lap
yaxınlığındadır. Ölkəmiz müstəqilliyini
yenicə bərpa etdiyi illərdə Ermənistan
silahlı qüvvələrinin genişmiqyaslı
hücumları zamanı tələbə dostumuzun
doğulub böyüdüyü
Füzuli rayonu da işğal olunmuşdu. Həmin vaxtdan
dostların evinə sığınan Elxan
sonradan ailəsi ilə birlikdə
Bakıdakı yataqxanalardan birinə köçdü. Kəndlərini tərifləməkdən
doymurdu. Deyirdi ki, təmiz havası, buz kimi suyu əsl şəfa
mənbəyidir. Yanıb-yaxılırdı ki,
elə bir cənnətməkan ermənilərin
əlində qalıb.
1994-cü ilin Horadiz əməliyyatından sonra Füzuli rayonunun xeyli kəndi düşməndən azad edildi. Elxanın sevinci yerə -göyə sığmırdı. Bu gün–sabah onların da kəndlərinin azad olunacağı xəbərini səbirsizliklə gözləyirdi. Hətta bir ara köçünü də hazırlamışdı. Deyirdi ki, kənd azad olunan kimi doğma yurdlarına qayıdacaq. Ancaq bu gün də dünyada baş alıb gedən ikili standartlar o vaxt onun arzusunu ürəyində qoydu. Düz 15 il sonra... səhər tezdən sevinclə zəng vurub dedi ki, artıq köçür. Kəndlərinin yaxınlığında Zobucuq deyilən ərazidə yeni salınmış qəsəbədə ona üçotaqlı mənzil veriblər.
...Bizi Zobucuğa aparan sürücü, həm də bələdçimiz yolboyu həmin qəsəbədə tikilmiş evlərdən danışırdı. Deyirdi ki, buna qədər 4 qəsəbədən ibarət Qayıdış, 6 qəsəbədən ibarət Örənqala yaşayış massivlərində də hər cür şəraiti olan evlər tikilərək məcburi köçkünlərin ixtiyarına verilib. Zobucuq qəsəbələri isə dağın ətəyində, səfalı bir yerdədir. Maşın gah dağa qalxır, gah da yamaca enirdi. Rahat yollar, yolkənarı səliqə ilə əkilmiş ağaclar, göz oxşadıqca uzanan yam-yaşıl taxıl sahələri, buranın torpağının barlı-bərəkətli olmasından xəbər verirdi. Necə deyərlər, suyu da başının üstüdə idi. Bir-birindən aralıda qazılmış atrezian quyuları hərdən fontan vururdu. Bələdiçimiz deyirdi ki, gördüyünüz taxıl sahələri bu qəsəbələrdə yaşayanların pay torpaqlarıdır. Hərəyə 1 hektar veriblər.
Bəxtimizdən biz getdiyimiz qəsəbədə toya təsadüf etdik. Şənlik şənliyə qarışmışdı. Elxan üçün ikiqat bayram idi. Axı Bakıdan dostları da gəlmişdi. Kəndarası küçələrdə elektrik dirəklərində quraşdırılmış lampalar hər tərəfi işıqlandırırdı. Asfalt yol, hər həyətdə iki su kranı-- biri içmək, digəri isə həyətyanı sahədə əkilmiş ağacları, bostanı sulamaq üçün nəzərdə tutulmuşdu.
Dostumuz bizi qəsəbənin sakinləri ilə tanış etdi. Ağsaqqal Alışan kişiyə yarızarafat, yarıgerçək müraciət etdi:
-- Elə hey deyirdin ki, müəllim, aylıq müavinətimiz nə vaxt artacaq? Görürsənmi, dostlarımın ayağı yüngül oldu. Özləri ilə artımı da gətirdilər. Özü də biz gözlədiyimizdən də qat-qat artıq oldu. Yeri gəlmişkən, xatırladım ki, Prezident İlham Əliyevin fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” imzaladığı sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb: 40 manat aylıq müavinət 60 manat oldu.
Dostumuzun bizə təqdim etdiyi Alışan Allahverdiyev həm də şəhid atasıdır. Maraqlı həmsöhbətdir. Hələ sövet dövründə ermənilərə necə qan uddurduğundan danışdı:
-- Mən 40 il onlarla bir yerdə
işləmişəm. Bizdən həmişə qorxublar. Elə
indi də qorxurlar. Dığaların dalında duran oldu.
Yoxsa, onlar bizim torpaqlarımızı işğal edə bilməzdilər.
Oğlum şəhid olanda məni tanıyan ermənilər
sifariş göndərmişdilər ki, onların bu işdən
xəbəri yoxdur. Qorxularından yalvarırdılar.
Demişdilər ki, biz azərbaycanlılardan həmişə
yaxşılıq görmüşük. Burada vuruşan ermənilərin
çoxunu tanımırıq. Ermənilər özlərinə
pislik etdilər. Bizim hesabımıza qarınlarını
doyururdular. Hazırkı şəraitimizdən çox
yaxşı məlumatlıdırlar. Onlar da etiraf edirlər
ki, dünyanın heç bir ölkəsində məcburi
köçkünlərə Azərbaycandakı kimi şərait
yaradılmayıb. Qorxmasalar, bu dəqiqə gəlib bizim
yanımızda yaşayarlar. Acından ölürlər
axı. Nə iş tapırlar, nə də yeməyə
çörək.
--
Bacıoğlu, mən hər gün “Xəbərlər”ə
baxıram. Birini də ötürmərəm. Görürəm
ki, başqa ölkələrin məcburi köçkünləri
ortalıqda qalıb. Onlara sahib çıxan yoxdu. Çoxu dənizlərdə
batır, acından ölür. Hətta bizim dövlətimiz
onlara dəfələrlə yardım edib. Bizim qəsəbələri
görürsünüz? Bu ərazidə 5 qəsəbə
var. Hamısını qarış-qarış gəzirəm.
Baxın, hamısı bir-birindən səliqəlidir.
Qazımız, suyumuz, işığımız daim var. Bizə
həm həyətyanı, həm də əkin
üçün torpaq sahəsi verilib. Həyətimdə 225
nar ağacım var. Başqa meyvə ağaclarım da var. Hərənin
həyətində 50-60 meyvə ağacı var. Bilirsiniz hər
il nə qədər meyvəmiz olur? Bir vaxtlar bu ərazilərdə
yaşayış olmayıb. Buralara ova gələrdik. İndi
görürsünüzmü, cənnətdir. Dədə-baba
torpaqlarımızın bir addımlığındayıq.
Qohumlarım yayda bura istirahətə gəlirlər. Bakıda
köhnə yataqxanalarda, yarımçıq binalarda, zirzəmilərdə
yaşayanlara üzümü tutub deyirəm ki, daha bəsdir,
yığışın gəlin. Bu cür şəraiti əldən
verməyin.
Alışan
kişi dedi ki, dolanışıqları da pis deyil. Ali məktəblərdə
təhsil alan övladları təhsil haqqından
azaddırlar. Təqaüdlərin artırılması da
onlara böyük kömək oldu. Bir tərəfdən də
aylıq müavinət 60 manat oldu. Elə ailə var ki, 6-7
üzvü var. Adambaşına 60 manatdan -- görün nə
qədər edir. Şəhid ailələrinin hər birinə
11 min manat müavinət verildi. Burada olan şəhid ailələrinin
hamısı həmin yardımı alıb. Hərənin həyətində
4-5 malı, sürü ilə qoyunu, çoxlu toyuq-cücəsi
var. Qəsəbələrdə yaşayanlar qışda da
bostan məhsulları satırlar. Hər kəs
dolanışığın yolunu lap yaxşı tapıb.
Buna şərait də yaradılıb. Evlərimizə də
söz ola bilməz. Cəbhə bölgəsində
yaşamağımız bizi narahat etmir. Bizim güclü
ordumuz var. Biz ordumuza güvənirik. Ermənilər də bunu
çox yaxşı bilir:
-- Bacıoğlu, belə bir el məsəli
var. “İt qulağını kəsəndən qorxar” -- deyiblər.
2016-cı ilin aprelində bizim uşaqlar (hərbçiləri
nəzərdə tutur-- Ə.B.) o dığalara necə
qulaqburması verdilərsə, hələ də özlərinə
gələ bilməyiblər. Bizim əsgərləri görəndə
qorxularından qaçıb gizlənirlər. Hər gün qəsəbədə
toy olur. Hətta böyük bir şadlıq evimiz də var.
Bu toylarda, şənliklərdə heç bir hadisə
baş vermir, verə də bilməz. Bircə dərdimiz
ata-baba torpağımıza qayıtmaqdır. İnşallah,
onu da görəcəyik. 2016- cı ilin Aprel döyüşlərindən
sonra hamımızda bir ümid yaranıb: O gün uzaqda deyil!
Dostumuz
dedi ki, hər qəsəbədə məktəb, uşaq
bağçası, mədəniyyət evi, 1 xəsətəxana,
4 tibb məntəqəsi, kitabxana, müxtəlif xidmət sahələri
var. Ticarət obyektlərinin də sayı–hesabı yoxdur. Təkcə
bizim qəsəbələrdə yox, məcburi
köçkünlər üçün tikilmiş
bütün qəsəbələrdə belə şərait
yaradılıb. Rahat yaşamaq üçün hər şərait
var.
Ətrafımıza
toplaşan sakinlərin əhval-ruhiyyəsi çox
yaxşı idi. Söhbətimizə daha bir nəfər də
qoşuldu. Dostumuz fərəhlə onu bizimlə tanış
etdi:
--
Hazırda bütün dünyanın tanıdığı Cocuq
Mərcanlının qəhrəmanı Oqtay Həziyevdi. Bizim
qəsəbəyə toya gəlib. Xeyirdə-şərdə
həmişə bir yerdə oluruq. Bilirsiniz də 1-ci dərəcəli
“Əmək” ordeninin birincisi Oqtay Həziyevə verilib.
Oqtay dedi
ki,1994-cü ildə kəndimiz ermənilərdən azad
edildi. Mən dərhal kəndə qayıtdım. Kəndimizə
nəfəs verdim, təsərrüfat yaratdım. Doğma
torpağımızda həyatımı riskə qoyaraq təhlükə
altında yaşadım. O vaxt ordumuz işğaldan azad etdiyi ərazlərimizi
nəzarətdə saxlayırdı. Bütün çətinliklərə,
risklərə baxmayaraq, burada ailə üzvlərimlə bərabər
güllə, mərmi altında yaşadıq. Çünki mən
öz torpağıma canımla, qanımla bağlıyam. Hər
bir Azərbaycan vətəndaşı istənilən şəraitdə
öz torpağında yaşayır, qurur, yaradır, hətta
təhlükə altında olsa belə. 23 il bu şəraitdə
yaşadım. Hər gün də sabaha ümidlə
baxırdım. 2016-cı ildə ümidlərim
çiçək açdı. Ordumuz erməniləri
darmadağın etdi. Lələtəpə yüksəkliyini ələ
keçirtdi. Həmin gündən Cocuq Mərcanlının
başı üzərində Günəş doğdu.
Ölkə başçısının sərəncamı
ilə Cocuq Mərcanlının bərpasına başlanıldı.
Qısa müddətdə asfalt yol çəkildi, hər
cür şəraiti olan evlər, yaraşıqlı məktəb,
mədəniyyət evi, kitabxana, uşaq bağçası, xəstəxana,
Şuşa məscidinin bənzəri olan məscid tikildi.
Küçələrə işıq çəkildi, su,
qaz, elektrik enejisi daimi oldu. Kənd sakinləri təcili
doğma yurdlarına qayıtdılar. Kəndimizdə daha 100
ev tikildi. Dərhal hamısı da öz sakinini tapdı. Daha
50 evə də ehtiyac var. Çünki hamı belə gözəl
şəraitdə yaşamaq istəyir. Kəndimiz şəhərdən
qat-qat yaxşıdır. Əhalinin işlə təmin
olunması da artıq öz həllini tapıb.
Oqtay Həziyev
dedi ki, İqtisadi İnkişaf Nazirliyi və Türk
İş Adamları Birliyi 60 nəfərin işlə təmin
olunduğu suvenir qablar fabriki tikərək istifadəyə
verib. Özünüməşğulluq proqramı əsasında
kənddə 15 arıçılıq təsərrüfatı
yaradılıb. Bundan başqa, həmin proqram əsasında
sakinlərə mal-qara paylanılıb. Kəndimizdə 10
istixana quraşdırılıb. Burada da xeyli kənd sakini
çalışacaq və kənd təsərrüfatı məhsulları
yetişdiriləcək. Məktəbdə, uşaq
bağçasında, mədəniyyət evində, kitabxanada
da yerli sakinlər işlə təmin olunublar. Kənardan bizim
kəndə gəlib işləmək və burada yaşamaq
arzusunda olanlar da var. Hazırda Azərbaycan Dillər
Universitetinin bir neçə tələbəsi
könüllü olaraq bizim kənd məktəbində təcrübə
keçir və sonra da burada qalıb işləyəcək.
Pensiyaların, sosial müavinətlərin,
minimum əməkhaqqının artırılması aztəminatlı
ailələrin problemlərini aradan qaldırıb. Hazırda əlavə
iş yerlərinin açılması üçün tikinti
işləri davam etdirilir. İnanın ki, kəndimizin sakinləri
boş vaxt tapa bilmirlər. Biləsuvar rayonunda məskunlaşmış
cəbrayıllı məcburi köçkünlərin də
işlə təmin olunması yüksək səviyyədə
həll olunub. Özü də lap çoxdan. Qohumlarım
orada yaşayırlar. Bilirsiniz ki, həmin ərazidə “Azərsun”
konserv zavodu tikib və 5 min hektar əlavə torpaq sahəsi
ayrılıb. Həmin ərazidə işləyənlərin
hamısı məcburi köçkünlərdir. Ərazidə
əkib-yetişdirdikləri kənd təsərrüfatı məhsullarını
konserv zavoduna satırlar. Son 16 ildə 103 qəsəbə
salınıb. 300 mindən artıq məcburi
köçkün rahat mənzillərlə təmin olunub. Bu
iş hələ də davam etdirilir.
Zobucuqda
qaldığımız bir neçə gün ərzində
məcburi köçkünlər üçün
yaradılmış şəraitin, işlə təmin
olunmalarının, sosial müdafiələrinin getdikcə
gücləndirilməsinin onların yaralarını qismən
də olsa sağaltdığının şahidi olduq. Ancaq onlar
gözlərini doğma yurdlarına dikib, ata-baba ocaqlarına
qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Hamısı da inamla deyir ki, o gün uzaqda deyil!
Məqalə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaranmasının 10-cu ildönümü
və Novruz bayramı münasibətilə təşkil olunan
fərdi jurnalist yazıları müsabiqəsinə təqdim
edilir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2019.-
6 mart.- S.10.