Milli elmimizin zirvəsinə
ucalan alim
Akif Əlizadə – 85
Bu günlərdə ölkənin
elmi-mədəni ictimaiyyəti Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, AMEA-nın Geologiya və Geofizika
İnstitutunun direktoru, görkəmli geoloq Akif Əlizadənin
anadan olmasının 85 illiyini qədirbilənliklə qeyd
edir. Yubiley tədbirlərində alimin milli geologiya elminin
inkişafında və elm təşkilatçılığı
sahəsində xidmətləri bir daha dəyərləndirilir,
yüksək vətəndaş mövqeyi və nəcib insani
keyfiyyətləri vurğulanır.
Akif Əlizadə
isə 60 ildən artıq bir müddətdə
formalaşmış zəngin və mənalı
yaradıcılıq və ictimai fəaliyyət
bioqrafiyasına bir daha nəzər salır, şərəfli
həyat hesabatını cəmiyyətə təqdim edir, çatdığı uğurlara görə
müəllimləri olmuş, onu ciddi elmi axtarışlar yoluna
yönləndirmiş dünya şöhrətli alimləri
minnətdarlıqla yad edir. Uzun illərdən bəri
AMEA-nın Geologiya və Geofizika İnstitutuna, son illərdə
isə eyni zamanda, AMEA-ya rəhbərlik edən akademik Akif
Əlizadə, həqiqətən, bütün
varlığı ilə milli elmimizə bağlı alim,
öz sələfləri ilə fəxr edən, onların
yolunu sədaqət və məharətlə davam etdirən
elm xadimidir.
Akif müəllim 1957-ci ildə gənc geoloq kimi Geologiya
İnstitutuna gələrkən görkəmli geoloq alimlər
mühitinə düşmüşdür. O, akademiklər Musa
Əliyev, Qambay Əlizadə, Mirəli Qaşqay, Şəfaət
Mehdiyev, Ədhəm Şıxəlibəyli kimi dünya
şöhrətli alimlər məktəbindən bəhrələnmişdir.
Bu gün isə Akif Əlizadənin özü
də elmin zirvəsinə yüksəlmiş belə alimlərdəndir.
Paleontologiya sahəsində elmə silinməz
izlər qoymuş Akif Əlizadənin geniş tədqiqat
işləri bu günün mütəxəssisləri
üçün, zəngin qaynaq, böyük xəzinədir.
Geoloq alimin ardıcıl elmi fəaliyyəti və
çoxillik rəhbərliyi ilə Azərbaycanın təbaşir
çöküntülərinin stratiqrafik sxemləri işlənib
hazırlanmış, geoloji proseslər, çökmə və
vulkanogen-çökmə formasiyalar, təbaşir
dövründə faunanın inkişafı və bir çox
məsələlər müasir elmi baxımdan
araşdırılmış və yüksək qiymətləndirilmişdir. Onun stratiqrafiya, paleoekologiya
və paleobiogeokimya sahəsində əldə etdiyi elmi nəticələrin
Azərbaycanın mezozoy çöküntüləri ilə
bağlı müxtəlif növ faydalı qazıntı
yataqlarının axtarışında və irimiqyaslı xəritələrin
tərtib edilməsində böyük əhəmiyyəti
var. Akif Əlizadənin rəhbərliyi və bilavasitə
iştirakı ilə mezozoy çöküntülərinin,
o cümlədən Azərbaycanın neftli-qazlı
çöküntü komplekslərinin stratiqrafik sxemləri
işlənib hazırlanmışdır. Onun
elmi maraq dairəsi təkcə paleontologiya və stratiqrafiya ilə
məhdudlaşmır, habelə regional geologiya, tektonika, filiz
geologiyası və hidrogeologiyaya aid problem məsələləri
də əhatə edir.
Elmin çətin və inadlı axtarışlar tələb
edən yollarında Akif Əlizadə sürətlə irəliləmiş,
yüksək hədəflərə çatmışdır. O, 1969-cu ildə
geologiya-mineralogiya elmləri doktoru adına
layiq görülmüş, 1980-ci ildə respublika akademiyasına
müxbir üzv seçilmiş, 1989-cu ildən isə Azərbaycan
Elmlər Akademiyasının akademikidir. Dünya
şöhrətli alim olmaqla yanaşı o, həm də
böyük təşkilatçı, təvazökar və səmimi
bir insandır. Akif Əlizadə AMEA-nın prezidenti,
Geologiya və Geofizika İnstitutunun direktoru, Geoloqların Milli
Komitəsinin prezidenti, Əməkdar elm xadimi, Azərbaycanın
Dövlət mükafatı laureatı, «Şöhrət»,
«Şərəf» və «İstiqlal» ordenləri kimi neçə-neçə
sanballı titullara və təltiflərə layiq
görülmüşdür.
Akademik Akif Əlizadə üzərinə düşən
hər bir vəzifənin məsuliyyətini çox
yaxşı bilir və onları layiqincə yerinə yetirir. Göstərdiyi
xidmətləri və xeyirxah əməlləri əməkdaşlıq
və rəhbərlik etdiyi kollektivi də həmişə irəli
aparmışdır. Məhz buna görədir
ki, Akif müəllim ölkənin elmi ictimaiyyətinin dərin
rəğbətini qazanmışdır. İnsanları
sevdiyi üçün tanıyanlar da ona dərin ehtiram və
məhəbbət bəsləyirlər. Başqalarının
nailiyyətlərinə ürəkdən sevinən bu
insanın böyüklüyü ətrafındakılara
qayğı ilə yanaşmağında, sadə təbiətli
və səmimi olmağında, habelə
xeyirxahlığındadır. Bu da onun ən
yüksək insanlıq xüsusiyyətidir.
Elmi uğurları, titulları artdıqca alim daha da sadələşir,
insanlara qarşı daha səmimi olur. Geologiya və Geofizika
İnstitutuna Akif müəllim qədər uzun müddətdə
rəhbərlik edən ikinci direktor olmamışdır.
Akif Əlizadə rəhbərlik etdiyi hər
bir əməkdaşın və hər bir işçinin
psixologiyasını, işgüzarlığını
yaxşı bilir və onları düzgün istiqamətləndirməyi
bacarır. Kollektivimiz böyük fərəh
hissi keçirir ki, onlara belə bir optimist, zəkalı,
sağlam bir şəxsiyyət rəhbərlik edir.
Akademik Akif Əlizadənin Azərbaycan geologiya elminin təşkilində
və inkişafında xidmətləri böyükdür. O, 1976-cı ildən
Geologiya və Geofizika İnstitutunun direktoru kimi bu elmi mərkəzdə
müasir analitik və eksperimental baza yaratmış,
kompüterləşmənin səmərəli analitik tətbiqilə
əlaqədar olaraq elmi tədqiqatların
aparılmasını yeni və yüksək səviyyəyə
qaldırmış, elmi tövsiyələrin əməli
işdə həyata keçirilməsini təmin etmişdir. Bütün bunlar isə respublikanın mineral-xammal
ehtiyatlarının artırılması imkanlarını
genişləndirmişdir.
Görkəmli alimin təşkilatçılıq
bacarığı nəticəsində Geologiya və Geofizika
İnstitutu ilə dünyanın bir çox elmi mərkəzləri
arasında müxtəlif səviyyəli müqavilələr
bağlanmışdır. Məhz bu əlaqələr
nəticəsində institutumuz həm elmi, həm də maliyyə
baxımından xeyli uğurlar əldə etmişdir. Dünyanın bir çox elm ocaqları ilə elmi əməkdaşlıq
edən və daim elmi potensialını yüksəldən
institut daim öncül yerdə olmuşdur. Kollektiv belə bir yüksək əhval-ruhiyyə ilə
yaşayır və elmi-tədqiqat işlərini məhz bu
yöndə davam etdirir. Bu nailiyyətlər
Akif Əlizadənin yüksək təşkilatçılıq
bacarığı sayəsində əldə edilmişdir.
Hazırda
AMEA-nın Geologiya və Geofizika İnstitutu dünyanın bir
çox ölkələri, o cümlədən ABŞ,
İngiltərə, Fransa, Yaponiya, Çin, Türkiyə,
İran ilə geniş elmi əməkdaşlığını
uğurla davam etdirir. Geoloqlarımızın uzun illər
apardıqları axtarışlar sayəsində Böyük
və Kiçik Qafqaz ərazilərində gizli filiz
yataqları aşkar edilmiş, neft və qaz yataqları
öyrənilmiş, mineral suların geniş tədqiqi
aparılmış, qeyri-filiz faydalı qazıntı
yataqları müəyyən edilmişdir. Xəzərin
sualtı sərvətlərinin və ekologiyamızın hərtərəfli
öyrənilməsi də geoloqlarımızın elmi
axtarışlarının əsas istiqamətlərindəndir.
Bu tədqiqat sahələri üzrə neçə-neçə
elmi yeniliklər əldə edilmiş, faydalı
qazıntı yataqları aşkar olunmuş, müxtəlif
miqyaslı xəritələr tərtib edilmiş və
aparılan bütün elmi araşdırmalar dünya alimlərinin
diqqətini cəlb etmişdir.
Bu elmi nailiyyətlər haqqında yazılan monoqrafiyalar,
əsərlər, hesabatlar institutun elmi məclislərində
ciddi müzakirələrdən keçirilmiş, sonra isə
elmi ictimaiyyətin ixtiyarına verilmişdir. Bütün
bu dediklərimiz hamısı məhz akademik Akif Əliza-dənin
elmimizə dərindən bələd olması və onu
düzgün istiqamətləndirməsi nəticəsində əldə
edilmişdir. Akif Əlizadənin
özünün 300-dən çox elmi əsəri ölkəmizin
və dünyanın müxtəlif nəşriyyatlarında,
mətbuat səhifələrində çap olunmuşdur.
Onun elmi monoqrafiyaları və elmi-publisistik əsərləri
mütəxəssislər tərəfindən böyük rəğbətlə
qarşılanmışdır.
Akademik Akif Əlizadə Azərbaycan elmini dəfələrlə
ABŞ, Fransa, İngiltərə, İran, Türkiyə,
Koreya və digər xarici ölkələrdə təmsil
etmiş, bir sıra dəyərli əsərlər
yaratmış və müxtəlif elmi məclislərdə məruzələrlə
çıxışlar etmişdir. Geologiya və Geofizika İnstitutu
Akif Əlizadənin rəhbərliyi və bilavasitə
iştirakı ilə Macarıstan Geologiya İnstitutu, İran
İslam Respublikasının Təbriz Geologiya İdarəsi,
Atatürk Ərzurum Universiteti, Avstriya Geologiya İnstitutu,
Yunanıstanın Afina və Soloniki şəhərlərinin
universitetləri ilə müxtəlif layihələr və
ikitərəfli müqavilələr çərçivəsində
müştərək tədqiqatlar aparmışdır. Bu tədqiqatlar Azərbaycanın və Cənubi Xəzər
Hövzəsinin Neogen biostratiqrafiyasını, palçıq
vulkanlarının geologiyası və geokimyası məsələlərini
əhatə edir.
Son illər Geologiya və Geofizika İnstitutu Akif
Əlizadənin rəhbərliyi altında beynəlxalq elmi əməkdaşlıq
nəticəsində çox yüksək nailiyyətlər əldə
etmişdir. Bu illərdə Geologiya və Geofizika İnstitutu
beynəlxalq layihə və proqramlar çərçivəsində
xeyli işlər görmüş, elmi tədqiqatlar
aparılması üçün qrantların
alınmasında xarici fondların müsabiqələrində
yaxından iştirak etmişdir. İnstitut
elmimizin dünyaya inteqrasiya prosesində yüksək rol
oynayır. Geologiya və Geofizika İnstitutu
30-a yaxın xarici və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq
qurmuş və onu bu gün də inkişaf etdirir.
Görkəmli
geoloq–alim Akif Əlizadə 1976-cı ildən keçmiş
Sovetlər İttifaqı Paleontologiya Cəmiyyətinin həqiqi
üzvü, 1962-ci ildən sabiq SSRİ İdarələrarası
Stratiqrafiya Komitəsinin üzvü, 1983-cü ildən Qafqaz
Regional İdarələrarası Stratiqrafiya
Komissiyasının sədri, 1984-cü ildən isə biosferin
problemləri üzrə keçmiş SSRİ Elmlər
Akademiyasının elmi şurasının üzvü
olmuşdur. Onun təşəbbüsü ilə
Azərbaycan Milli Elmlər Akademiyası 2000-ci ildə Asiya
ölkələrinin Akademiyaları assosiasiyasına qəbul
edilmiş. Alim bu təşkilatda Azərbaycan
MEA-nın rəsmi təmsilçisi, habelə Azərbaycan Elm
Fondunun himayəçilər şurasının
üzvüdür.
Akif Əlizadə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin fövqəladə şəraitlər komissiyası
yanında seysmik təhlükənin qiymətləndirilməsi
və zəlzələlərin proqnozu üzrə ekspert
şurasının sədridir. Elmi kadrların,
xüsusən elmlər doktorları və namizədlərin
yetişməsində onun xidmətləri əvəzsizdir.
Alimin paleontologiya və stratiqrafiya sahəsindəki
çoxşaxəli elmi xidmətləri, habelə hərtərəfli
ictimai fəaliyyəti dövlət tərəfindən
yüksək qiymətləndirilmişdir. O, «Şərəf
nişanı» ordeni, «Fədakar əməyə görə»
medalı ilə təltif edilmişdir.
Yüksək elmi potensialına, böyük təşkilatçılıq bacarığına və insani keyfiyyətləriniə görə akademik Akif Əlizadə 2007-ci ildə AMEA-nın vitse-prezidenti, 2013-cü ildə isə prezidenti vəzifəsinə irəli çəkilmişdir. Bu, əlbəttə, Azərbaycan elminə və aliminə verilən ən yüksək və ən layiqli qiymət deməkdir. Akif müəllim AMEA-nın prezidenti seçiləndən sonra elmimizin bütün sahələrində yetərincə yeniliklər olmuşdur. O, daim elmimizə və elm adamlarına yüksək qayğı göstərir.
Bugünlərdə Akif müəllimin 85 yaşı tamam oldu. O bu yaşda da müdrik və təşəbbüskar, çevik və gümrahdır. Belə bir ömür və tale hesabatı məqamında sevimli yubilyarımızı, görkəmli elm xadimimizi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni-yeni sevinclər və uğurlar arzulayırıq.
Hikmət MAHMUDOV,
geologiya-mineralogiya elmləri doktoru, professor
Xalq qəzeti.-
2019.- 8 mart.- S.14.