Müdrikliyin və qətiyyətin təntənəsi
Keçmiş SSRİ-nin dağılmasından sonra müstəqilliyini elan etmiş Azərbaycan xalqı suverenliyinin ilk illərində bir sıra ciddi sınaqlarla üz-üzə qalmışdı. Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların bədnam qonşularımız tərəfindən işğal edilməsi, eləcə də müxtəlif məqsədlərə qulluq edən ayrı-ayrı antimilli qruplaşmalar gənc respublikanın müstəqilliyini təhlükə altına atmışdı. 1995-ci il mart ayında dövlət çevrilişinə cəhd göstərilərkən xalqın böyük etimadına və dəstəyinə arxalanan ulu öndər Heydər Əliyev müstəqilliyimizin üstünü almış “qara buludları” dağıtmağa müvəffəq oldu və dövlətçiliyimizin zəiflədilməsinə imkan vermədi, ölkənin yenidən siyasi xaosa sürüklənməsinin qarşısını aldı.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə sabitlik yaradılmış və dövlət quruculuğu prosesi gücləndirilmişdi. Lakin bu da bir faktdır ki, 1995-ci ilin əvvəllərində ölkədə müəyyən siyasi gərginlik tam aradan qalxmamışdı və müəyyən xarici və daxili qüvvələr “bulanıq suda balıq tutmağa” can atmışdılar. Əslində, bu hadisələr 1994-cü ilin oktyabrında bəzi xarici qüvvələrin diktəsi ilə dövlət çevrilişinə edilən cəhdin növbəti ssenarisi hesab olunur. Bu gün hamıya məlumdur ki, həmin dövrdə dünyanın bir sıra aparıcı dövlətinin region maraqları, güdülən məkrli niyyətlər də Azərbaycanda gedən proseslərə təsirsiz qalmamışdı. Bir tərəfdən, torpaqlarımızın Ermənistanın əsarətində qalması, digər tərəfdən isə daxildə gedən siyasi hakimiyyət oyunları, səriştəsiz rəhbərliyin xalqın və dövlətin mənafeyinə zidd fəaliyyəti uzunmüddətli hakimiyyət böhranına səbəb olmuş, ölkədəki ağır ictimai-siyasi gərginliyi daha da kəskinləşdirmişdi. Belə ki, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr əcnəbi havadarlarının tələbi ilə hərəkətə gəlmişdilər. Çünki bu müqavilənin əleyhinə olan və respublikamıza təzyiq göstərmək istəyən xarici qüvvələrin hərəkətləri ölkə daxilindəki xalqa, dövlətə, dövlətçiliyə düşmən mövqelərlə üst-üstə düşmüşdü.
Azərbaycanda dövlət çevrilişinə cəhd olan mart hadisələri 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə ölkənin ən ucqar nöqtəsində – Qazaxda və Ağstafada başlamışdı. Həmin gün Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilmişdi. Hər iki rayonda dövlətə qarşı itaətsizlik baş vermişdi. Məlum olduğu kimi, qanlı döyüşlərdən sonra xüsusi təyinatlılar (XTPD) üstünlüyü ələ almış və dövlət əhəmiyyətli bir sıra binaları ələ keçirmişdilər. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırılmışdı. Martın 16–17-də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri, polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərmək istəmişdilər. Burada xatırlatmaq yerinə düşər ki, hələ martın 14-də daxili işlər naziri XTPD-nin buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalamışdı. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində ümummilli lider Heydər Əliyev XTPD-çilərə bağışlanmaq imkanı yaradan xüsusi fərman da imzalamışdı.
Xatırladaq ki, Heydər Əliyev martın 15-də televiziya və radio ilə çıxışında Rövşən Cavadovu, onun dəstəsini, daxildən və xaricdən ona havadarlıq edən, güc verən, onu istiqamətləndirən, bu işlərə sövq etdirən qüvvələri Azərbaycanı dağıtmaqdan, qan tökməkdən çəkinməyə çağırmışdı. Ulu öndər Azərbaycan dövlətçiliyini qorumağın vacibliyi barədə müraciət etmiş, ictimaiyyətin təsirindən istifadə etməyə çalışmış, XTPD-nin əmrə tabe olmayan üzvlərinin çirkin əməllərdən əl çəkəcəkləri, silahı təhvil verəcəkləri təqdirdə əfv olunacaqlarına, işlə təmin ediləcəklərinə, onlara qayğı göstəriləcəyinə təminat vermiş və bunları martın 16-da verdiyi fərmanla təsdiqləmişdi. Martın 16-da XTPD-nin sabiq komandiri Şahmuradovu və onun müavini Cəfərovu qəbul etmiş, bir daha silahı yerə qoymağın, cinayət yolundan qayıtmağın vacibliyini onlara izah etmişdi. Lakin bütün mümkün vasitələrdən istifadə edilməsi müsbət nəticə verməmişdi. Rövşən Cavadov açıq-aşkar dövlət çevrilişi etmək üçün hazırlığı genişləndirmiş, müxtəlif cinayət qrupları ilə, adamlarla, cürbəcür siyasətbazlarla danışıqlar aparmışdı. Dövlətin humanist mövqeyinə məhəl qoymayan XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoymuşdular.
Martın 16-da axşam Rövşən Cavadov və onun havadarları dövlət çevrilişini həyata keçirmək üçün öz dəstələrini 4 qrupa bölərək, onlara Prezident Sarayını tutmaq, Azərbaycan Respublikası Prezidentini fiziki məhv etmək və ya həbs etmək, Ali Sovetin binasını, Daxili İşlər Nazirliyini və Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətini tutmaq və xalqa müraciət etmək vəzifələrini tapşırmışdı. Keçmiş XTPD-nin qüvvələri, eyni zamanda, pusqular qurmuş, iriçaplı pulemyotlarla və başqa növ silahlarla silahlanmış 15-20 nəfərdən ibarət qruplarla ətrafdakı yaşayış evlərinin, məktəbin, uşaq bağçasının damlarında yerləşərək bütün ətrafı nəzarət altına almışdılar.
Belə olan vəziyyətdə dövlət keçmiş XTPD-nin qüvvələrinin yerləşdiyi ərazinin kiçik kontingentlə mühasirəyə alınması və silahlı hücum olduqda qarşısının alınması üçün Müdafiə və Daxili İşlər nazirlikləri tərəfindən zəruri tədbirlər görməyə başlamışdı. Martın 17-də gecə təxminən saat 2 radələrində keçmiş XTPD hücuma keçərək, birinci atəşlə hərbi qulluqçulardan 4-nü öldürmüş, 5-ni yaralamış və əllərində olan bütün vasitələrlə atəşi davam etdirmişdi. Hökumət qüvvələri yalnız saat 4 radələrində əks tədbirlər görməyə məcbur olmuş, saat 8 radələrində qadınlara və uşaqlara xətər yetirdiklərinə görə keçmiş XTPD qüvvələrini bazaya sıxışdırmağa və onların atəş nöqtələrini sıradan çıxarmağa başlamışlar. Hökumət qüvvələrinin qanuni tədbirləri davam etdirməsi nəticəsində keçmiş XTPD qüvvələri martın
18-də təslim olmağa və ya qaçmağa məcbur olmuşlar.
Əlbəttə, ictimaiyyətdə böyük gərginliyə səbəb olan bu hadisələri törədən şəxslər və amillər var idi. Bəzi qonşu ölkələrin Azərbaycana pis münasibətinin bu amillər içərisində xüsusi yer tutması da heç kimə sirr deyil. Ölkəmizin müstəqilliyinin böyük gələcəyi olduğundan qorxuya düşən və Azərbaycana qarşı pis niyyətdə olan bəzi xarici qüvvələr respublikamızı öz təsir dairəsində saxlamağa can atırdılar. Onlar Azərbaycanda demokratiyanın, sosial-iqtisadi inkişafın qarşısını almaq üçün respublikamızda bəzi qüvvələrlə birləşmişdilər. Bu gün hamıya məlumdur ki, silahlı qarşıdurma hadisələrində iştirak edən adamların, demək olar, çoxu, əslində, belə siyasətin qurbanına çevrilmişdi. Xarici və daxili düşmənlər məqsədlərini həyata keçirmək üçün bədnam XTPD qüvvələrindən istifadə etmişdilər. O vaxt əllərində kifayət qədər hərbi sursat olan XTPD üzvləri silah gücünə danışmağın çətinliyini başa düşərək, hərbi müxalifətlə siyasi müxalifətin birliyini, vəhdətini qurmağa çalışmışdılar. Buna görə də, o zamankı gizli sövdələşmələrə gedən müxalifət partiyalarının dəstəyini və xeyir-duasını alan Cavadov qardaşları dövlət çevrilişini törətməkdən çəkinməmişdilər. Yalnız Azərbaycan xalqının dövlətçiliyinin, təhlükəsizliyi və sabitliyinin təminatçısı olan ulu öndər Heydər Əliyevin qəti addımları sayəsində dövlətçiliyimizin gələcəyi sual altına düşməmiş və Azərbaycanın işıqlı gələcəyinə uzanmış qara qüvvələrin əlləri kəsilmiş, dövlət Konstitusiya quruluşuna sui-qəsdin, digər ağır cinayət əməllərinin, çevriliş cəhdinin qarşısı alınmışdı.
Ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrik daxili və xarici siyasəti Azərbaycanda silah gücünə dövlət çevrilişi etmək cəhdlərini puça çıxartmış, ölkəmizin möhkəm və qüdrətli olduğunu göstərmişdi. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirmişdi.
Xalq qəzeti.- 2019.- 14
mart.- S.9.