“Alim ədiblərimiz və ədəbiyyatda
elm”
Müstəqil Azərbaycan
Respublikasının uğurla həyata keçirdiyi dövlət
siyasəti proqramına elm sahələrinin tərəqqi və
təbliği, dünya elminə inteqrasiyası yolunda
görülən genişmiqyaslı işlər də
daxildir.
2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi təminat verildi. Ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamına uyğun olaraq 27 mart tarixinin “Elm günü” kimi qeyd olunması isə Azərbaycanın elmi ictimaiyyətinə, onun nailiyətlərinə göstərilən yüksək diqqət və etimadın göstəricisidir.
Azərbaycan ədəbiyyatının qədim olduğu qədər də zəngin xəzinəsini, artıq 80 ildir ki, dünyaya sevdirən, ardıcıl tədqiq edən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində də “Elm günü” elmi sessiya və ədəbi-bədii tədbirlə qeyd olundu. Muzeyin direktoru akademik Rafael Hüseynov tədbiri “Elmi şeir, şeirdə elm və alim şairlərimiz” adlı məruzə ilə açaraq Azərbaycan ədəbiyyatının tarixi təşəkkül dövründə onu yaradan fikir, irfan sahiblərinin şeir sənəti ilə yanaşı, elmin müxtəlif sahələrinin də mahir bilicisi və Azərbaycan bədii fikrinin həm də nücum, riyaziyyat, tibb, fəlsəfə kimi dünya elmlərinin də açarı olduğunu qeyd etdi. Alim vurğuladı ki, bayramların içində insana ruhən yaxın olan ən gözəl günlərdən biri də “Elm günü”dür. Nizami Gəncəvi hələ on ikinci əsrdə yazırdı:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
O qeyd etdi ki, Hüseyn Cavid də “Peyğəmbər” əsərində Məhəmməd Peyğəmbərin (s.ə.s.) elmlə bağlı fikirlərini nəzmə çəkmişdi. Həmin parçada bütün insanların bərabər olduğu, onların malı, mülkü, sərvəti ilə deyil, yalnız ağlı, savadı ilə birinin digərindən üstünlüyü diqqətə çatdırılır:
Əgər xilqətdə bəşər birsə, yenə,
Dost deyil,
bilməyən əsla bilənə.
Kişi
irfan işığında parlar,
Şübhəsiz,
bilgidə Allah gücü var.
Akademik
xüsusi olaraq diqqətə çatdırdı ki, hər bir
insan ömrü boyu çalışmalı, öyrənməlidir.
Əgər hər kəs öz peşəsini yaxşı
öyrənərsə, həmin sahənin bilicisi
sayılır.
R.Hüseynov
bildirdi ki, Nizami Gəncəvi, Fələki Şirvani, Nəsrəddin
Tusi, İmadəddin Nəsimi, Məhəmməd
Füzuli, Zülfüqar Şirvani, Mirzə Fətəli
Axundov və bir çox şair və
yazıçılarımızın əsərləri elmi
biliklərlə zəngindir. Bunların bəziləri bədii
əsərlər içərisində elmi fikirləri, bəziləri
isə nəzmlə müxtəlif sahələrə aid olan
bilgiləri öz əsərlərində bizə
çatdırıblar.
Muzeyin
direktoru Prezident İlham Əliyevin sərəncamına əsasən
2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu
xatırladıb. Bildirilib ki, xalqımız dahi şair, filosof
Nəsiminin 650 illik yubileyini geniş şəkildə qeyd
edir. Bununla bağlı Azərbaycanın müxtəlif
guşələrində Nəsimiyə həsr olunan tədbirlər
keçirilir.
Tədbirdə
klassik şairlərimizin həyat və fəaliyyətini əks
etdirən sərgi, həmçinin Azərbaycan Milli
Konservatoriyası tərkibində İncəsənət
Gimnaziyasının teatr şöbəsinin şagirdlərinin
ifasında Seyid İmadəddin Nəsiminin qəzəllərinə
həsr olunmuş ədəbi-bədii kompozisiya da
nümayiş olundu.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.- 2019.- 28
mart.- S.4.