SOYQIRIMI QURBANLARININ XATİRƏSİ EHTİRAMLA YAD EDİLDİ

 

SUMQAYIT

 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı ilə bağlı sənədli videoxronika göstərilib.  

İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında bildirib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilərək didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları rəsmi surətdə bəyan olunub.

Daha sonra Sumqayıt Dövlət Universitetinin müəllimi Pərviz Cəfərov, şair-publisist Əvəz Mahmudov, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov, 25 nömrəli tam orta məktəbin tarix müəllimi Nuridə Əhmədova 1918-ci ilin mart soyqırımı ilə bağlı çıxış ediblər. Konkret faktlar və rəqəmlər əsasında göstərilib ki, erməni şovinistlərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətlər içərisində mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində minlərlə günahsız insan öldürülüb, minlərlə insan elindən-obasından didərgin düşüb. Məruzələrdə bildirilib ki, erməni quldur dəstələri insanlara qarşı total cinayətlər etməklə kifayətlənməyərək, bu torpaqlarda tarix və mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri yandırıb, memarlıq incilərini yerlə-yeksan edib. Gənclərin tarixi keçmişimizi, xüsusilə də onun qanlı səhifələrini dərindən öyrənmələrinin zəruriliyi vurğulanıb.

 

MİNGƏÇEVİR

 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatı birgə tədbir keçirdi. Tədbirdən əvvəl şəhər icra hakimiyyəti başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanındakı soyqırımı abidəsi önünə gül dəstələri qoydular.

YAP şəhər təşkilatının akt zalında davam edən tədbiri şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov açaraq 31 Mart  –Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazilərindən, min illər boyu yaşadıqları yurd-yuvalarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza qarşı minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay  qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları  həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini-qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə  yetirmiş, yaşayış yerlərini talan edərək viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 101 il ötməsinə baxmayaraq, bu vəhşiliklərin xalqın qan yaddaşında əbədi iz buraxdığını bildirən natiq bildirmişdir ki,  Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini aşkar bəyan etmək məqsədilə ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Yalnız bu tarixi fərmandan sonra əsrlər boyu başımıza açılmış, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırımı və deportasiya hadisələrinin əsil mahiyyəti tarixçilər, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanmışdır.

Daha sonra İlham İsmayılov əlavə etdi ki, tarixi yaddaşımızın qorunması, başımıza açılanlardan ibrət götürülməsi və gələcək nəsillərin əsil həqiqətlərlə məlumatlandırılması  hesab edirəm ki, hər birimizin  vətəndaşlıq   borcudur. Biz yaxşı bilirik ki, Prezident İlham Əliyev bu istiqamətdə məqsədyönlü  siyasət həyata keçirir və artıq bunun əyani nəticələrini görürük.

Bu gün cənab Prezidentimiz çalışır ki,  Dağlıq Qarabağ problemi  sülh yolu ilə həll edilsin. Ölkəmizdə aparılan islahatlar, ordu quruculuğu sahəsində görülən işlər bir daha bizi əmin edir ki, tarixi torpaqlarımızın geri qaytarılması baş tutacaqdır. Bu iş cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçiriləcəkdir. Tam əminəm ki, xalqımızın vətənpərvərliyi, birliyi, həmrəyliyi və Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olacağıq.

Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayıram.

Mərasimdə “1918-ci ilin mart hadisələri  ermənilərin xalqımıza qarşı törətdiyi  soyqırımdır”, “­1948-1953-cü illərdə azərbaycanlıların  Qərbi Azərbaycandan deportasiyası ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin tərkib hissəsidir”, “Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların işğalı mənfur erməni siyasətinin növbəti mərhələsi kimi”, respublika Prezidentinin 26.03.1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı tarixən xalqımıza qarşı aparılan soyqırımı siyasətinə verilən siyasi qiymətdir” mövzularında məruzələr dinlənildi.

 

LƏNKƏRAN

 

Qanlı mart hadisələri zamanı  beş gün ərzində Lənkəran quberniyasında 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, yurdu viran qoyulan əhalinin varidatı talan edilib. 

Həmin vaxtdan 101 il keçsə də, soyqırımı qurbanlarının xatirəsi əziz tutulur. Lənkəran şəhərinin mərkəzində onların xatirəsinə park salınıb, abidə-kompleksi yaradılıb. Hər il mart soyqırımının ildönümü ərəfəsində rayon sakinləri abidənin qarşısına toplaşır, qanlı faciə qurbanlarının xatirəsini elliklə yad edirlər. Bu günlərdə idarə və müəssisələrdə, təhsil və mədəniyyət ocaqlarında silsilə xatirə tədbirləri keçirilir.   

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində “Soyqırımı uşaqların gözü ilə” adlı rəsm əsərlərindən ibarət anım sərgisi təşkil olunub. Məktəbli və gənclərin iştirak etdiyi mərasimdə Mərkəzin fond müdiri Aygün İbrahimova ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən, xalqımızın kütləvi surətdə represiyalara məruz qalmasından, doğma yurdlarından sürgün edilməsindən ətraflı söz açıb. Bildirilib ki,   məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri ilə erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verilmişdir. Sonra iştirakçılar Mərkəzdə fəaliyyət göstərən rəsm studiyası üzvlərinin   soyqırımı qurbanlarının xatirəsinə həsr etdikləri rəsm əsərlərinə baxıblar.

Lənkəran Dövlət Universitetində və Lənkəran Dövlət Humanitar Kollecində də tariximizn qan sızan yarası – mart soyqırımının ildönümünə həsr olunmuş tədbirlər yaddaqalan olub. Universitetdə keçirilən konfransda rektor vəzifəsini icra edən professor Natiq İbrahimov misli görünməmiş qanlı faciədən və onun sonrakı davamından tarixi ardıcıllıqla, faktlara istinadən söz açıb. Bildirilib ki, soyqırım günündən bizi bir əsrlik zaman məsafəsi ayırsa da, tarixdə heç nə unudulmur, heç kim yaddan çıxmır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini bildirib, bu siyasətin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Konfrans erməni vəhşiliklərini əks etdirən video-filmin nümayişi ilə başa çatıb.

Dövlət Humanitar Kollecində 31 mart soyqırımı və tarixi Aprel döyüşlərinin ildönümü ilə bağlı Qarabağ müharibəsi veteranları ilə görüş keçirilib. Tədbiri kollecin direktoru, dosent Ruslan Həmidov açıb. Şəhid Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri dosent Fəxrəddin Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, döyüş veteranları Arif Quliyev, Xanlar Hacıyev və ­Mirhafiz Kazımov tələbələr ­qarşısında çıxış ediblər. 

 

ZAQATALA

 

Zaqatala rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 

Əvvəlcə tədbir iştirakçıları “Azərbaycanlıların soyqırımı” xatirə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Xatirə kompleksinin önündə keçirilən tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə “31 mart-Tarixin qanlı salnaməsi” adlı geniş məruzə ilə çıxış etmişdir. Məruzədə azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını ətraflı təhlil etmiş, etnogenezi və ilkin məskunlaşma arealı dəqiq bilinməyən, hər yerə səpələnən, yalnız bəd əməllər hesabına bir yerə cəmləşən ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiasını xüsusi qeyd etmişdir. Natiq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamaqla xalqımıza qarşı törədilən bu cinayətə siyasi və hüquqi qiymət vermək imkanı yaratdığını bildirmiş, ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli və məqsədyönlü siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirildiyini vurğulamışdır.

Daha sonra tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov, rayon icra hakimiyyəti  başçısının Aşağı Tala kənd ərazi dairəsi üzrə nümayəndəsi Abduləziz Əliyev erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi olduğunu qeyd etmiş, ötən əsrin əvvəllərindən davam etdirilən bu siyasət nəticəsində azərbaycanlıların öz əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirdiklərini xüsusi vurğulamışlar.

Çıxış edən natiqlər insanlarımızda vətənpərvərliyi və mütəşəkkilliyi, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına, xalqımıza qarşı əsl soyqırımı siyasəti həyata keçirənlərin, başqa xalqlara düşmənçilik və nifrət ideologiyasının daşıyıcılarının ifşa edilməsinə nail olacağımıza əminliklərini bildirmişlər.

 

Əli NƏCƏFXANLI,

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2019.- 31 mart.- S.10.