Əhalinin siyahıyaalınması və
statistik
tədqiqatlarda onun əhəmiyyəti
Prezident İlham Əliyev
2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan
Respublikasında əhalinin siyahıyaalınmasının
keçirilməsi haqqında” Fərman imzalayıb. Fərmana
əsasən, Azərbaycanda əhalinin növbəti
siyahıyaalınması cari il oktyabrın 1-10-da keçiriləcək.
Əhalinin siyahıyaalınması ilə bağlı
hazırlıq işlərinin görülməsi və onun
keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin
dərc edilərək yayılması Azərbaycan Respublikası
Dövlət statistika Komitəsinə həvalə edilib.
AZƏRTAC əhalinin siyahıyaalınmasının əhəmiyyətini
nəzərə alaraq Dövlət Statistika Komitəsi Elmi-Tədqiqat
və Statistik İnnovasiyalar Mərkəzinin direktoru
Mübariz Nuriyevin məqaləsini təqdim edir.
Əhalinin
siyahıyaalınması ölkənin bütün vətəndaşlarına
aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən
olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi,
öyrənilməsi və yayılması deməkdir.
Əhalinin siyahıyaalınması və onun inkişafı əhalinin
sayı, yerləşməsi və tərkibi, habelə müəyyən
bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə
ətraflı və müntəzəm məlumatlara olan
ehtiyacla şərtlənirdi. Əhalinin
siyahıyaalınmasının müasir tarixində
üç mərhələni qeyd etmək olar.
Birinci
mərhələdə (XVIII əsrin sonu - XIX əsrin birinci
yarısı) siyahıyaalmaların təşkili və
onların proqramlarının müəyyənləşdirilməsi
üçün əsaslar qoyulub. Bu dövrdə əhalinin
siyahıyaalınması hər 10 ildən bir Birləşmiş
Ştatlar və İngiltərədə, hər 5 ildən bir
Fransa və İsveçdə, 3-4 ildən bir Avstriyada
müntəzəm şəkildə, Danimarka, İslandiya,
Norveçdə, eləcə də bəzi ərazilərdə,
əsasən ABŞ-ın müstəmləkələrində
qeyri-müntəzəm şəkildə keçirilib. Bu
siyahıyaalma məhdud sayda əlamətləri nəzərə
almaqla, bütün əhalini əhatə etmirdi və
onların materiallarının işlənməsi bir çox
illər çəkirdi.
İkinci
mərhələdə (XIX əsrin ikinci yarısı - XX əsrin
birinci yarısı) əhali siyahıyaalmaları Avropanın
və Amerikanın bütün ölkələrində, bəzi
Asiya və Afrika ölkələrində başlayıb. Tədricən
nəzəri-metodoloji materiallar inkişaf etdirilib və əhalinin
siyahıyaalınması təcrübəsi təkmilləşdirilib,
yeni göstəricilər daxil edilib, əhalinin
siyahıyaalınması proqramları, eləcə də
onların emalı proqramları genişləndirilib.
Əhalinin siyahıyaalınması üzrə növbəti
təkmilləşdirmə 1846-cı ildə Belçikada
keçirilən siyahıyaalma ilə bağlıdır və
əhali siyahıyaalınmasının müasir
anlayışına keçidi təmin edirdi. İlk dəfə
olaraq birgünlük olmaqla yalnız mövcud əhalini nəzərə
alırdı. Bu ərəfədə siyahıyaalmanın təşkili
forması təkmilləşdirildi. Xüsusi siyahıyaalma
blankları və onların doldurulması təlimatı
hazırlandı, nəzərdə tutulan əlamətlər
üzrə, xüsusən yaş və məşğulluqla
bağlı suallar konkretləşdirildi. Əhalinin
siyahıyaalınması proqramında yenilik ümumi demoqrafik
xüsusiyyətlərlə, savadlılıq, təhsil, miqrasiya,
doğum və ölüm, əhalinin sosial-iqtisadi xüsusiyyətləri
(məşğulluq, iş yeri və sair) ilə bağlı
idi. Bundan əlavə siyahıyaalma mövcud əhali üzrə
deyil, daimi əhali üzrə, yaxud eyni vaxtda hər iki
kateqoriya üzrə aparılmağa başlandı.
Siyahıyaalmaların təşkilinin təkmilləşdirilməsində
beynəlxalq statistik konqreslərin rolu böyük əhəmiyyət
kəsb etməyə başladı. 1853-cü il konqresinin
Brüssel sessiyasında əhalinin
siyahıyaalınmasının aparılması
üçün əsas qaydalar hazırlandı. Konqresin
sonrakı sessiyalarında bu qaydalar dəqiqləşdirildi,
müzakirə edildi və 1872-ci ildə Sankt-Peterburq
sessiyasında vahid formaya gətirildi. Məhz həmin vaxt əhalinin
siyahıyaalınmasının təşkili üçün
əsas prinsiplər hazırlanıb ki, bu da demək olar ki,
indiyədək əhəmiyyətini qoruyub saxlayır.
Əhalinin siyahıyaalınmasına dair tövsiyələrin
daha da inkişaf etdirilməsi Beynəlxalq Statistika
İnstitutu, BMT-nin Statistika Komissiyası tərəfindən həyata
keçirilib.
Üçüncü
mərhələ (XX əsrin ortalarından) əhali
haqqında məlumata olan tələbatın artması ilə
şərtlənirdi. Əhalinin siyahıyaalınması bir
sıra Asiya ölkələrində, eləcə də yeni
müstəqil dövlətlərin yaranması ilə
bağlı Afrikada aparılmağa başlandı. 70-ci illərdə
Yəmən, Birləşmiş Ərəb Əmirlikləri,
Səudiyyə Ərəbistanı və Əfqanıstan kimi
ölkələrdə ilk dəfə siyahıyaalma
aparılıb. XX əsrin sonuna qədər əhalinin
siyahıyaalınması demək olar ki, dünyanın
bütün əhalisini əhatə edib. İnkişaf
etmiş ölkələrdə vətəndaşlar qanuna tabe
olur və əhalinin siyahıyaalınması hər kəsin
vətəndaşlıq borcu kimi səciyyələndirilir.
Siyahıyaalma zamanı kifayət qədər təcrübə
toplanıb: siyahıyaalmanın aparılmasında istər
universal üsullar, istərsə də müxtəlif dövlətlərin
siyasi sisteminə, etnik tərkibinə və digər
xüsusiyyətlərinə aid konkret aspektlər mövcuddur.
Əhalinin siyahıyaalınmasına hazırlıq zamanı,
digər ölkələrdəki oxşar kampaniyaların təşkili
və keçirilməsi təcrübəsinə müraciət
hər zamankından daha vacibdir: burada əsas amil səhvlərin
təkrarlanmasından qaçmaq və mümkün problemlərin
effektiv həllinı tapmaq arzusu ilə bağlıdır.
Dünyanın
bir çox ölkələri üçün statistik tədqiqatların
aparılmasına dair yeni müasir alternativ yanaşmaların
olmasına baxmayaraq, demoqrafik və sosial göstəricilər
üzrə əhalinin vəziyyəti haqqında məlumatların
yeganə və dəqiq məlumat mənbəyi hər bir vətəndaşın
sorğusuna əsaslanan ənənəvi və geniş
miqyaslı əhali siyahıyaalmasıdır.
Əhalinin
siyahıyaalmasının tam və hərtərəfli tərifi
BMT-nin Statistika Komissiyası tərəfindən verilib. Bu tərifə
əsasən, əhalinin siyahıyaalınması “zamanın
müəyyən bir vəziyyətinə ölkədə
olan bütün şəxslərə və ya ölkənin
dəqiq müəyyən edilmiş hissələrinə aid
olan demoqrafik, iqtisadi və sosial məlumatların toplaması,
yekunlaşdırılması, qiymətləndirməsi, təhlili,
nəşri və ya başqa şəkildə
yayılmasının vahid prosesidir”. Bu proses dövlətin
vahid statistik metodologiyası əsasında həyata
keçirilir və cəmiyyətdəki vəziyyət
haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri
və sair haqqında mühakimə yürütməyə,
müəyyən problemləri daha effektiv şəkildə həll
etməyə imkan verir. Demək olar ki, cəmiyyətin
demokratik inkişaf dərəcəsi, ölkə daxilində
vətəndaş qurumlarının inkişaf səviyyəsi
əhalinin siyahıyaalınmasında öz əksini
tapır. Bu səbəbdən müntəzəm şəkildə
aparılan əhali siyahıyaalmaları demokratik cəmiyyətin
ən mühüm əlamətlərindən biri hesab olunur.
Bu isə cəmiyyəti təşkil edən bütün
sosial qrupların maraqlarını əks etdirməklə onu nəzərə
almağı təmin edir.
BMT
dünyanın bütün ölkələrinə
“Üçüncü minilliyin ərəfəsində əhalinin
siyahıyaalınmasının aparılmasına dair təkliflər”ni
göndərərək bu tədbirin hər 10 ildən bir həyata
keçirilməsini tövsiyə edib. Məlumdur ki, on il ərzində
cəmiyyətdə əhalinin siyahıyaalınması
metodlarının effektivliyini əhəmiyyətli dərəcədə
azaldan mühüm dəyişikliklər baş verir. Bu səbəbdən,
müasir sosial və davranış amillərini nəzərə
alaraq, anketlərin məzmununa, məlumatların toplanması
və emalı metodikasına düzəlişlərin edilməsi
tələb olunur. Siyahıyaalma aparılmadan əvvəl əhali
ilə əhatəli iş aparılır. Əsas məqsəd
əhalinin siyahıyaalınmasının faydalı, zəruri
tədbir olduğunu göstərmək və
inandırmaqdır.
Siyahıyaalma
hər bir ölkənin milli statistikasının əsasını
təşkil edir, istər regional, istərsə də qlobal səviyyədə
demoqrafik və sosial vəziyyət barədə ən vacib məlumat
mənbələrindən biri hesab edilir. Dünyanın
inkişaf etmiş ölkələrində əhalinin
siyahıyaalınması nəticəsində əldə
edilmiş səmərənin onun yerinə yetirilməsi xərcindən
artıq olması qənaəti təsdiqlənib. Bundan əlavə,
siyahıyaalma cəmiyyətin siyasi həyatı
üçün bir növ stimuldur və ictimai resursların ədalətli
istifadəsinə, paylanmasına yardım edir.
Dünyanın
demək olar ki, bütün ölkələrində mövcud
olan statistika haqqında qanuna əsasən, siyahıyaalma
zamanı toplanan bütün məlumatlar statistik məqsədlər
üçün istifadə olunur. Hər bir şəxs
haqqında əldə edilən məlumat hər hansı təşkilat
və ya fərdi şəxsə verilə bilməz. Müxtəlif
ölkələrin siyahıyaalma üzrə anket forması
çox oxşardır. Dövlətin sosial
proqramlarını həyata keçirmək üçün
anketə müvafiq suallar daxil edilir. Bununla yanaşı, hər
bir ölkə siyahıyaalmaya hazırlıq işləri və
əhali ilə işləməyin üsulları üzrə
mexanizmi cəmiyyətin ənənələrini nəzərə
alaraq tərtib edir.
Müstəqil
Azərbaycan Respublikasında əhalinin ilk
siyahıyaalınması 1999–cu ildə keçirilib. Müasir
dövrdə əhalinin siyahıyaalınmasının
aktuallığı qabaqcıl monitorinq tədqiqatı kimi
dünyanın bütün bölgələrində əhalinin
sürətli artımı ilə səciyyələnir.
Ölkənin sosial-iqtisadi proseslərinin idarə edilməsi
ilk növbədə əhali haqqında keyfiyyətli
informasiya təminatını tələb edir. Hər bir
ölkə öz ehtiyatları haqqında məlumata malik
olmalıdır. Bu baxımdan əhalinin sayı, onun tərkibi,
keyfiyyət göstəriciləri mühüm strateji ehtiyat
hesab edilir. Əhalinin siyahıyaalınması əhalinin hərtərəfli
xüsusiyyətlərini əks etdirməklə cəmiyyətin
inkişafının bütün sahələrinin tənzimlənməsi,
sosial-iqtisadi proqramların işlənməsi və
reallaşdırılması üçün zəruri olan
mühüm məlumat mənbəyidir. Məhz əhali
siyahıyaalması demoqrafları, iqtisadçıları,
sosioloqları, digər mütəxəssisləri, habelə
dövlət qurumları və digər müvafiq təşkilatları
əhali, onun sayı və tərkibi haqqında lazım olan məlumatlarla
təmin edir. Siyahıyaalma məlumatları hökumət tərəfindən
təhsil və səhiyyə sistemində, məşğulluğun
planlaşdırılmasında, elektrik enerjisinin
bölgüsündə, nəqliyyat infrastrukturunun
düzgün inkişaf etdirilməsində, yaşayış
evlərinin tikintisinin planlaşdırılmasında adekvat qərarların
qəbul edilməsi üçün böyük əhəmiyyət
kəsb edir. Məlumdur ki, əhalinin siyahıyaalınması
nəticəsində ölkədə yaşayan
ayrı-ayrı şəxslər haqqında bir sıra əlamətlər
üzrə məlumat toplanır. Lakin ölkənin əhalisi
haqqında toplanılmış bu ilkin məlumat işlənməzsə,
sistemə salınmazsa heç bir nəticə
çıxarmaq olmaz. Ölkə əhalisini bu məlumat əsasında
xarakterizə etmək üçün həmin məlumatı
sistemləşdirmək və əhalinin sayını bir
sıra əlamətlər üzrə qruplaşdırmaq, yəni
yekun məlumat əldə etmək lazımdır. Məsələn,
ayrı-ayrı regionların, rayonların və bütün
ölkədəki əhalinin sayını, kənd və
şəhər əhalisinin sayını, əhalinin yaş
qrupları üzrə sayını, kişi və
qadınların sayını və sair müəyyən etmək
lazımdır. Ancaq belə məlumat əsasında ölkənin
əhalisi haqqında aydın təsəvvür əldə
etmək mümkündür.
Əhali
bilavasitə istehsal prosesinin iştirakçısı (əmək
qabiliyyətli hissəsi) və onun nəticələrinin
istehlakçısı olduğuna görə müasir
dövrdə əhali dedikdə hərtərəfli tədqiqat
obyekti başa düşülür. Belə ki, əhalinin,
onun həyat keyfiyyətinin, cəmiyyətdə baş verən
proseslərin statistik tədqiqinə maraq artmaqda davam edir.
Statistikada tədqiqatın predmeti kimi əhali müəyyən
ərazidə yaşayan, doğum və ölüm hesabına
fasiləsiz olaraq yenilənən əhali məcmusu kimi səciyyələnir.
İstənilən ölkənin əhalisi öz tərkibinə
görə yekcins deyil və zamana görə dəyişir.
Bu səbəbdən əhalinin inkişaf
qanunauyğunluqları, onun tərkibinin dəyişməsi və
bir çox digər xarakteristikalar konkret tarixi şərtlər
nəzərə alınmaqla tədqiq olunur.
Statistik
tədqiqatda istər müşahidə vahidi, istərsə də
müşahidə obyekti iştirak edə bilər. Statistik tədqiqatın
müşahidə vahidi ayrıca fərdlər yaxud ailə
ola bilər. 1999-cu ildən etibarən əhalinin
siyahıyaalınmasında yalnız ailə deyil, beynəlxalq
təcrübədə olduğu kimi, həmçinin, ev təsərrüfatı
nəzərə alınır. Ailədən fərqli olaraq ev
təsərrüfatı dedikdə birgə yaşayan və
ümumi təsərrüfat aparan insanlardan (qohumluq əlaqəsi
vacib hesab edilmir) ibarət olan sosial-iqtisadi özək başa
düşülür. Ailədən fərqli olaraq ev təsərrüfatı
maddi cəhətdən özünü təmin etməklə
bir nəfərdən də ibarət ola bilər. Statistik tədqiqatın
müşahidə obyekti müxtəlif əlamətlər
üzrə formalaşa bilər: bütövlükdə əhali
(daimi yaxud mövcud), əhalinin ayrı-ayrı qrupları (əmək
qabiliyyətli əhali, işsizlər, təqaüdçülər,
şəhər yaxud kənd əhalisi, kişi yaxud qadın və
sair), gənc ailələr yaxud, əksinə yaşlılar,
il ərzində (yaxud digər dövrdə) doğulanlar yaxud
ölənlər və sair. Müşahidənin obyekti və
vahidi tədqiqatın məqsədindən asılı olaraq
müəyyən edilir. Statistik tədqiqatın əsas
informasiya mənbəyini əhali siyahıyaalınması
materialları təşkil edir. Əhalinin sayı haqqında
burada daha tam və dəqiq məlumat mövcud olur. Sonuncu
siyahıyaalma məlumatlarından istifadə etməklə
doğulanlar, ölənlər, ölkəyə daxil olan və
ölkədən gedənlərin cari uçotu əsasında
növbəti illər üzrə əhali sayı müəyyən
edilir. Demoqrafik və sosial sahədə digər mühüm məlumatları
əldə etmək üçün adətən seçmə
müşahidələr təşkil olunur. Əhali üzrə
aparılan hər bir statistik müşahidə əsasında
müxtəlif məsələləri həll etmək olur.
Bütövlükdə əhali statistikasında əsas
aşağıdakı məsələləri qeyd etmək
olar:
• əhali
sayının müəyyən edilməsi və onun ölkə
ərazisi üzrə bölgüsü;
• əhalinin
tərkibinin öyrənilməsi (cinsinə, yaşına,
milli mənsubiyyətinə, sosial vəziyyətinə, təhsilinə,
məşğulluğuna və sairə görə);
• əhalinin
təbii hərəkətinin öyrənilməsi (doğum,
ölüm, əhalinin təbii artımı);
• əhali
miqrasiyasının öyrənilməsi.
Əhalinin
siyahıyaalınması məlumatlarından, həmçinin
əmək bazarının tədqiqində geniş istifadə
olunur. Mövcud məlumatlardan istifadə etməklə,
hazırlanmış metodologiyaya müvafiq olaraq, seçmə
nümunələr elmi əsaslarla müəyyən edilir.
Aparılan tədqiqat əsasında əmək
bazarının əsas sosial-iqtisadi göstəriciləri olan
iqtisadi-fəal əhali, məşğul əhali, işsiz əhali,
qeyri-fəal əhali haqqında məlumat əldə edilir. Bu
məlumatların müxtəlif qruplaşmalar üzrə (ərazi
bölgüsünə, cinsə, təhsilə, yaş
qruplarına və sair) bölgüsü verilir.
Əhalinin
iqtisadi fəaliyyəti haqqında statistik məlumatlar
aşağıdakı məqsədlər üçün
böyük əhəmiyyət kəsb edir:
•
iqtisadi və sosial siyasətin formalaşdırılması və
planlaşdırılması: məsələn, dövlət
və özəl sektorlarda məşğulluğun təşviq
edilməsi, işsizliyi, natamam məşğulluğu azaltmaq
üçün xüsusi proqramların hazırlanması, eləcə
də yeni iqtisadi fəaliyyət növləri üzrə ərazilərin
və bazarların müəyyən edilməsi
üçün qərarların qəbul edilməsi;
•
investisiya sahəsində qərarların qəbul edilməsi,
təhsil sahəsində tələbatın müəyyən
olunması, eləcə də yoxsulluqla mübarizə
yollarını aydınlaşdırmaq üçün əmək
bazarında vəziyyətin öyrənilməsi üzrə
siyasətin həyata keçirilməsi zamanı əldə
edilməsi tələb olunan məqsəd göstəricilərinin
müəyyənləşdirilməsi;
•
iqtisadiyyatın mövcud vəziyyətinin və əhalinin
müxtəlif qrupları arasında iqtisadi vəziyyətindəki
fərqlərin aşkar ediləsi daxil olmaqla məşğulluq
yaxud sosial təminat sahəsində milli proqram və siyasətin
qiymətləndirilməsi;
•
pensiya təminatı və digər sosial sığorta
proqramlarını işləyib hazırlamaq üçün
elmi tədqiqatların aparılması;
• əmək
miqrasiyası ilə bağlı təhlillər;
•
yoxsulluğun xəritəsinin müəyyən edilməsi;
•
iqtisadi və sosial vəziyyətin öyrənilməsi və
təsviri, eləcə də müxtəlif yaşayış
məntəqələrində, region yaxud ölkə daxilində
əmək bazarının vəziyyətinin təhlili.
Əhalinin
siyahıyaalınması məlumatlarından tematik seçmə
müşahidələrin hazırlanmasında istifadə
olunur. Bu məlumatlar aşağıda göstərilən məsələlər
üçün əsas hesab olunur:
• statistik
tədqiqat layihələrinin icrası üçün məlumatla
təmin edilməsi;
•
demoqrafiya sahəsində göstəricilərin
hazırlanması;
• kənd
təsərrüfatı sahəsində, eləcə də
qeyri-formal sektor üzrə iqtisadi fəaliyyətin tədqiqi;
•
müşahidə vahidlərinin stratifikasiyası;
•
statistik tədqiqatların qiymətləndirilməsi.
Nəticə
olaraq qeyd etmək lazımdır ki, sosial-iqtisadi və
sosial-ekoloji xarakterli bütün məsələlərin həllini
dərin statistik tədqiqat olmadan həyata keçirmək
mümkün deyil. Burada əsas şərt tədqiqat obyekti
haqqında tam və düzgün informasiyanın
olmasıdır. Odur ki, statistik tədqiqat dedikdə məlumatların
toplanması, işlənməsi,
qruplaşdırılması, ümumiləşdirilməsi və
təhlili başa düşülür.
Statistik
tədqiqatın birinci mərhələsində ilkin statistik məlumatlar
formalaşır ki, bu da aparılacaq tədqiqatın
fundamentini təşkil edir. Statistik tədqiqatın
etibarlı, düzgün, keyfiyyətli olması
üçün məhz ilk növbədə onun fundamenti
keyfiyyətli olmalıdır. İlkin statistik məlumatlarda
mövcud səhvlər istər nəzəri, istərsə də
praktiki nəticələrin doğru və etibarlı
olmasına öz mənfi təsirini göstərmiş olur.
Bu səbəbdən aparılan siyahıyaalmalar və digər
statistik müşahidələr ilk mərhələdən
son mərhələyədək diqqətlə
düşünülməli, elmi üsullarla təşkil
edilməlidir. Statistik müşahidə əldə olunmuş
nəticələri ümumiləşmək üçün
ilkin mərhələdir. Aparılan statistik müşahidə
zamanı hər bir vahid haqqında onu müxtəlif tərəfdən
səciyyələndirən məlumatlar mövcud olduqda
alınan məlumatların yekunu bütün statistik məcmunu
və onun ayrı-ayrı hissələrini xarakterizə edə
bilir. Bu mərhələdə statistik məlumatlar toplusu fərq
əlamətlərinə görə bölünür və
bənzərlik əlamətlərinə görə birləşdirilir,
ümumi göstəricilər qruplar və məqsədlər
əsasında hesablanır. Qruplaşdırma metodundan istifadə
etməklə tədqiq olunan statistik vahidlər əsas
xüsusiyyətlərə əsasən ən əhəmiyyətli
növlərə, xarakterik qruplara və alt qruplara
bölünür. Qruplaşdırmadan istifadə edərək,
əhəmiyyət kəsb edən keyfiyyətcə həmcins
məcmu formalaşdırılır ki, bu da ümumiləşdirici
göstəricilərin müəyyən olunması və tətbiqi
üçün əsas şərtdir. Təhlilin yekun mərhələsində
ümumiləşdirici göstəricilər əsasında
nisbi və orta kəmiyyətlər hesablanır, variasiya və
keyfiyyət göstəriciləri hesablanır, dinamika qurulur,
indekslər hesablanır, balans qurulur, əlaqə
sıxlığını xarakterizə edən göstəricilər
hesablanır, statistik modellər qurulur. Rasional və vizual təsvir
olunması məqsədilə mövcud məlumatlar cədvəllər
və qrafiklər şəklində təqdim olunur.
Bütün
bunları nəzərə alaraq demək olar ki, siyahıyaalma
ölkənin həyatında mühüm bir tədbirdir və
onun müvəffəqiyyətlə keçirilməsində hər
bir vətəndaşın üzərinə böyük məsuliyyət
düşür. Ölkənin inkişafında həlledici
rol məhz insan potensialı ilə bağlı olduğundan əhalinin
siyahıyaalınması nəticəsində əldə
edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli
resursudur.
Xalq qəzeti.- 2019.- 4 may.- S.10.