Dövlət İçərişəhərin
hər daşının,
hər tikilisinin
keşiyindədir
Mən
İçərişəhərdə dünyaya
göz açıb böyümüşəm.
60 ildən artıq bir dövrdə qala divarları arasında baş
verənləri yaxşı xatırlayıram. Ötən əsrin
60-cı illərində üzdəniraq “modern
düşüncəlilər” min illərin
şahidi olan bu nadir tarixi
məkanı uçurub yerində göydələnlər
tikməyi təklif edirdilər. Qeyrətli
ziyalılarımız o zaman
bu avantüraya
qarşı həyəcan səslərini ucaltdılar. Elə
bu vaxt tariximizin,
milli-mədəni dəyərlərimizin böyük
himayədarı Heydər Əliyev hakimiyyətə gəldi və
İçərişəhər şər niyyətlərdən
xilas edildi. Qala şəhər tarixi qoruq elan edildi,
onun mühafizəsi və tədqiqi ilə
bağlı işlərə başlandı.
Müstəqilliyimizin ilk illərində yenidən İçərişəhərin başı üstünü qara buludlar aldı. Çoxları külüngünü qapıb İçərişəhərə cumdu. Bərpa-yenidənqurma adı ilə müəyyən naşı işlər də aparıldı. İctimaiyyətin həyəcan səsləri yenidən yüksəldi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə tarixlər şahidi İçərişəhər yenidən xilas edildi. Bu dəfə ərazinin qorunması, tədqiqi və onun misilsiz dəyərlərinin təbliği dövlətimizin himayəsi altına keçdi. Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın səyləri ilə İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilməsi nəticəsində isə qala, bütövlükdə, beynəlxalq humanitar himayəyə götürüldü, onun hər daşı, divarı bəşəri önəm qazandı.
Bütün bunların fonunda bugünlərdə öz içərimizdəki qarayaxmaçıların İçərişəhərlə bağlı qopardığı haray-həşirə ilk təəccüblənən də biz içərişəhərlilər olduq. Axı ölkə rəhbərliyinin daimi diqqətində olan bir ərazidə bəhs edilən özbaşınalıq necə baş verə bilərdi? Biz yaxşı bilirik ki, qala və daxilindəki hər bir tikili ciddi pasportlaşdırılıb, gündəlik nəzarət altındadır. Əlaqədar qurumlar isə dərhal işə qoşuldular, araşdırma apardılar. Məlum oldu ki, ortaya atılmış söküntü şəkilləri ötən əsrin 50-ci illərinin mənzərəsi imiş.
Məsələyə həssas münasibət bildirən Birinci vitse-prezident Mehriban Əliyevanın ictimaiyyətin narahatlığını cavablandıraraq İçərişəhərə gəlməsi isə qəti şəkildə göstərdi ki, ortaya atılan mənasız söz-söhbətin heç bir əsası yoxdur. Onu uyduranlar isə adamların əsəbləri ilə oynamaqdan çəkinməyənlər, cəmiyyətdə narazılıq hissi yaratmaq istəyənlərdir.
Mehriban xanım İçərişəhərdə olarkən tarixi qoruq idarəsinin rəhbəri Əsgər Ələkbərov görülən işlərlə bağlı ətraflı məlumat verərək qeyd etdi ki, ərazidəki tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daim müvafiq tədbirlər həyata keçirilir. Hazırda idarə Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işlərini həyata keçirir. Burada yeni aşkar olunmuş tarixi hamam da bərpa olunur. Son illər İçərişəhərdə Qala divarı üzərində aparılan bütün bərpa işlərinə bu sahədə ən aparıcı ekspertlər cəlb olunub.
Birinci vitse-prezidentin İçərişəhərə gəlişi ilə mötəbər şəkildə təsdiqləndi ki, aparılan təmir-bərpa işləri Qoşa qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, İçərişəhərin, qala divarlarının görünüşünə də xələl gətirməyəcək və o, əvvəlki görünüşünü saxlayacaq. Mehriban xanım bildirdi ki, İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdir. Lakin bir zamanlar qala UNESCO-nun qara siyahısına salınmışdı. Burada bərpa işləri aparılmırdı. O zaman ölkə rəhbərinin göstərişi ilə İçərişəhərdə bərpa-yenidənqurma işləri aparıldı. Sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı.
Nəhayət, Mehriban Əliyeva İçərişəhər ətrafında yaranan bədxah hay-küyün yekunu olaraq dedi ki, hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlar bunu çox gözəl bilirlər: “Əlbəttə, biz İçərişəhərimizi çox qorumalıyıq, çox diqqətli olmalıyıq”.
Eldəniz
İBRAHİMOV,
İçərişəhərdəki
“Abşeron” Rəsm
Qalereyasının direktoru, sənətşünas
Xalq qəzeti.- 2019.- 5 may.- S.7.