“Azərbaycan xalçası
sivilizasiyaların kəsişməsində”
Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən hər ilin 5 mayı Xalçaçı Günüdür. Bu, xalçaçıların əməyinə verilən yüksək dəyərdir. Dünya ölkələrinin heç birinin təqvimində belə bir tarixi gün təsis olunmayıb. Bu, onu göstərir ki, qədim xalçaçılıq sənətinin vətəni məhz Azərbaycandır. Xalçaçıların peşə bayramı ərəfəsində Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ölkəmizin Argentinadakı səfirliyinin dəstəyi ilə sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın “Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabının ispan dilində nəşr edilməsi bu sənətin tarixinə qiymətli töhfədir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
Azərbaycan xalça sənətinin yaranması, inkişafı, özünəməxsus bədii dili və ornamental simvolizmindən bəhs edən kitabda beşminillik tarixi dövr ərzində milli kimliyini qoruyub saxlamış, gözəlliyi ilə çoxlarını valeh edərək mədəniyyətlərarası dialoqun ən bariz nümunəsinə çevrilmiş bu sənət əsərlərində ənənəyə bağlılıq xüsusilə ön plana çəkilmişdir. Kitab Azərbaycan xalçasının tarixi inkişaf mərhələlərindən bəhs edən adi dəzgahdan rəngarəng xalçaya qədər, tükənməyən mənbələrdən ruhlanan naxışların mənşəyindən, rəmziliklərindən danışan, sənətkarların tükənməz təxəyyülünü əks etdirən lokal xalça məktəblərindən və xalça texnologiyalarına həsr edilmiş bölmələrdən ibarətdir.
Hər bölmə bir tarix, hər tarix isə bir ənənəyə söykənərək mədəniyyətlərarası dialoqun əsasını təşkil edir. Kitabda “Səlcuq komponenti”, “İslam dövrü”, “Uzaq Şərq ornamentləri”, “Avropa incəsənətində əks-səda” bölmələri yer alıb.
Azərbaycan xalçası Böyük İpək Yolu vasitəsilə ölkəmizdən Avropaya doğru uzun bir yola qədəm qoyaraq, mədəniyyətlərin zənginləşməsinə səbəb oldu. Azərbaycan xalça sənəti sivilizasiyaların kəsişməsində məhz öz bədii dili, məxsus olduğu xalqın tarixi keçmişi, araya-ərsəyə gəldiyi ölkənin təbiəti və insanların mənəvi zənginliyi nəticəsində körpüyə çevrilir. Bütün dinlərin, əqidələrin fövqündə duran xalça sənəti insanın hiss və həyəcanının daşıyıcısı, tarixin aynası, adət və ənənələrin qoruyucusu kimi insanların məişətinin ayrılmaz bir parçasına çevrilmiş və onun həyatında özünəməxsus yer tutmuşdur.
Kitab oxucuya xalça sənətinin yaranmasının ibtidasını açmaqla yanaşı, onun növlərini, toxunma texnologiyalarını, adlarını, hər bölgəyə xas ifadə vasitələrini və bu sənətin mənşəyinə dair bütün sualları cavablandırır. Xalçanın Azərbaycan xalqının həyatında oynadığı rol, adət və ayinlərdə istifadə olunan xalçaların müxtəlifliyində, texnoloji özəlliklərində, rəng həllində öz əksini tapmaqla, onun milli kimliyini bir daha təkzibolunmaz dəlillərlə təsdiq edir. Kosmoqonik hadisələrə münasibəti naxışlarda, artıq formalaşan zövqü və gözəllik anlayışı bu naxışların rənglərlə həmahəngliyində, onların yaratdığı kompozisiyalar isə tamaşaçıya ünvanlanan ismarıclarındadır.
Xalq ifadələri ilə adlandırılan “Şal-Şəddə”, “Gərdəklik qırmızı kilim”, “Şəddə-kilim”, xovsuz “Şəddə” xalçalarının üzərindəki naxışlar, rənglərin sehrli qüvvəsini, kosmoqonik mahiyyətini izah edir. Çilləçıxarma ayininə görə evdə bir bədbəxtlik, ağırlıq, xəstəlik üz verərsə ondan xilas olmaq üçün hana qurub xüsusi qoruyucu olan qırmızı rəngli “Çillə Şəddəsi” toxuyurlar. Bu zaman xüsusi nəğmə də oxuyurdular.
“Dama-dama Şəddə ” Novruz bayramı ərəfəsində İlaxır çərşənbədə istifadə olunurdu. Qız-gəlinlər qırmızı “Dama-dama Şəddənin” üstündə arzularını söyləyər, açıq havaya sərib Ay və ulduz şüaları altında diləklərinin Tanrı dərgahına tez çatacağına inanırdılar.
Orta əsr türk alimi Mahmud Kaşğari deyirdi: türkün xalısı, atı, sazı varsa, döyüş ruhu var, həyat eşqi var və o Tanrıya yaxındır.
Azərbaycan xalçasının rəngbərəng təsvirlərini dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Xaqani Şirvani yadigar saxlamışlar.
Kitabda Azərbaycan xalçası haqqında bizim eramızdan əvvəl V əsrdən başlayaraq, tarixi və əbədi mənbələrdə geniş və qiymətli məlumatların verildiyi əks olunub. Yunan tarixçisi Ksenofontun e.ə. V əsrdə verdiyi xəbərə görə, Azərbaycanda artıq bu dövrdə xalça təkcə gərəkli ev əşyası deyil, bədii sənət əsəri kimi dəyərləndirilirdi. Digər tarixçi Herodotun dediyinə görə toxuculuqda istifadə olunan əsrarəngiz rəng çalarları, boyalar elə Azərbaycan təbiətinin rənglərinə bənzəyirdi.
Şərqdən Qərbə doğru uzanan yola qədəm qoyan xalça mədəniyyətlər arasında körpü saldı, onların daxili zənginləşməsinə xidmət etdi.
Xalçalar ərəblər və qərb tacirləri tərəfindən əntiq mal kimi alınır. Venetsiya, Amsterdam, Marsel və Hindistan şəhərlərinə göndərilirdi.
Azərbaycan xalçaları Qərbi Avropa rəssamlarının əsərlərinin tək bəzəyi deyil, kompozisiya bitkinliyini təmin edib, rəng həllinə təsir göstərirdi.
Dörd ünsürü, insanın yaranışını, həyatını müqəddəsləşdirən türk kökənli bərabərtərəfli xaçın şəkil dəyişmələri isə bütün Avropanı bürüyərək stilizə olundu, müxtəlif mənalar kəsb etdi.
Hans Memlinqin məftun olduğu naxış isə Quba xalçalarından uzaq səyahətə çıxıb Avropada “Memling çiçəyi” kimi tanınmağa başladı.
Bəşəri anlayışlarla yaşayan, tarixi dönəmdə yeni mövzularla, təsviri, naxışlarla zənginləşən XVI əsr Təbriz xalçaları dünya muzeylərində ən qiymətli sənət möcüzəsi kimi saxlanılır.
Azərbaycan xalçasının dəqiq təsnifatını, növlərini qədim və zəngin tarixli mədəniyyətimizlə bağlılığını Azərbaycanın xalq rəssamı Lətif Kərimovun təşəbbüsü ilə 1967-ci ildə yaradılan Xalça Muzeyində bütün dünyaya açılır.
Sənət şedevrləri təkçə öz xalqına deyil, bütün dünyaya məxsusdu.
2010-cu ildə Azərbaycan xalçaçılıq ənənəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və səyi ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi.
Xalça sənəti haqqında Röya Tağıyevanın kitabı tariximizi, mədəniyyətimizi, adət-ənənələrə hörmətimizi və sənətimizin yaşaması üçün əzmimizi nümayiş etdirir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 5
may.- S.6.