Babaların yolu ilə
İkinci dünya müharibəsi XX əsrdə
bəşəriyyət üçün dəhşətli
dövr olub. Müharibənin başa çatmasından 74 il
keçsə də, bütün dünya üçün
faciəli fəlakətlər dövrü kimi yadda qalan həmin
qanlı-qadalı illər hələ də undulmur.
Böyük Vətən müharibəsində faşizm
üzərində Qələbənin ildönümü
münasibətilə hər il təntənəli mərasim
keçirilir. Xalqımızın fəxri olan Böyük Vətən
müharibəsi veteranlarının qəhrəmanlığı
böyük hörmətlə xatırlanır, həlak olan
soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu
ağır döyüşdə misilsiz şücaət
göstərmiş soydaşlarımızın xidmətləri
heç vaxt unudulmur.Dövlətimizin başçısı
İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyeva İkinci dünya müharibəsinin veteranları ilə
görüşür, onları Qələbənin
ildönümü münasibətilə təbrik edirlər.
İkinci
dünya müharibəsində SSRİ-nin qazandığı
şanlı Qələbədə Azərbaycanın
böyük payı var. Həmin illərdə xalq
özünün 650 mindən çox oğul və
qızını cəbhəyə yola salıb. Onların təqribən
yarısı döyüşlərdə həlak olub. Bu
müharibədə göstərdikləri igidliyə görə
Azərbaycan vətəndaşlarından 123 nəfər Sovet
İttifaqı Qəhrəmanı adına layiq
görülüb, 170 mindən çox əsgər və
zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycan
diviziyaları Qafqazdan Berlinədək şanlı
döyüş yolu keçib, yüzlərlə həmyerlimiz
isə partizan dəstələrinin tərkibində
vuruşub. Azərbaycanın əsgər və zabitləri
Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində
cəsarətlə vuruşublar. İkinci dünya müharibəsində
şərəfli döyüş yolu keçmiş Azərbaycan
övladlarının tarixi şücaətləri
yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə
vətənpərvərlik nümunəsidir. Qələbədə
Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində
Sovet İttifaqında hasil olunan neftin dörddə üç
hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli
yağların 85-90 faizi Azərbaycanın payına
düşürdü.
Fəxr edir və qürur hissi
keçirirəm ki, atam Hacalı Şalı oğlu
Şıxəliyev də bu müharibədə mərdliklə
vuruşub və Berlinə qədər gedib. 1939-cu ildə atam
Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən
Ukraynanın İvano-Frankovsk vilayətinə hərbi xidmətə
göndərilirb. Müharibəyə də həmin ərazidən
yollanıb. Müxtəlif cəbhələrdə vuruşan
atam 1942-ci ildə təcrübəli
döyüşçü kimi Stalinin ehtiyat komandasının
tərkibinə daxil edilir. Bu komandanın tərkibində
bütün döyüş tapşırıqlarında
iştirak edib. Stalinqrad uğrunda ağır döyüşlərin
iştirakçısı olub.
1943-cü
ildə hərbi hissələrdə zabit
çatışmazlığını nəzərə
alaraq atamı Qorkiyə zabitlər hazırlayan kursa göndərirlər.
Bir ildən sonra yenidən cəbhənin qaynar nöqtəsinə
zabit kimi qayıdır. Sonradan marşal G.K.Jukovun komandan
olduğu I Belorusiya cəbhəsinə göndərilib. Atam
müharibədən sonra deyirdi ki, bizim hissəmizə
yalnız təcrübəli döyüşçülər
göndərilirdi. Döyüşə-döyüşə
Berlinə qədər gedən atam Qələbəni orada
qarşılayıb.
Hacalı
Şıxəliyev müharibədən qayıdanda sinəsini
orden və medallar bəzəyirdi. Müharibədən sonra da
– 1946-cı ildə atamı təcrübəli zabit kimi
SSRİ Silahlı Qüvvələrində xidmətini davam
etdirməyə çağırırlar. Lakin ailə vəziyyətinin
ağırlığını nəzərə alıb onu
Bakıdakı Salyan kazarmasına göndərirlər.
1950-ci ilə
qədər hərbi qulluqda olan atam öz ərizəsi ilə
xidmətdən tərxis olunub və Sabirabad Rayon Partiya Komitəsində
hərbi şöbədə fəaliyyətini davam etdirib.
On
uşaq – yeddi oğlan, üç qız böyüdən
atam övladlarının hamısına təhsillərini
davam etdirməyə şərait yaradıb. O, tez-tez
övladlarını, nəvələrini ətrafına
toplayıb müharibənin ağrılarından,
dağıntılarından, ana-bacıların sinəsinə
çəkdiyi dağdan danışardı. Deyərdi ki, Vətən
yolunda, torpaq uğrunda mübarizə aparmaq, döyüşmək,
şəhid olmaq şərəfdir. Vətən anadır,
namusdur, qeyrətdir.
Onun nəvələrindən
biri – Teymur Şıxəliyev babasının yolunu davam etdirmək
qərarına gəldi. Bakı Dövlət Universitetinin
hüquq fakültəsini bitirməsinə baxmayaraq, gələcək
taleyini hərbi xidmətə bağladı. Təlim – tədris
mərkəzində 3 aylıq kurs keçdikdən sonra hərbi
qulluqçu oldu və 14 ildir ki, bu sahədə
çalışır. Hazırda Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Xətai rayon idarəsində baş
zabitdir, mayor rütbəsinə qədər yüksəlib.
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant
Arzu Rəhimovun nizam-intizama ciddi nəzarəti, əsl hərbçi
qətiyyəti və hadisələrə obyektiv münasibəti
bu sahədə çalışanların, o cümlədən
oğlumun öz peşəsinə məsuliyyətini daha da
artırıb.
Prezident,
Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunu dövlət
siyasətinin prioritetinə çevirməsi, hərbi xidmətçilərə,
müharibə veteranlarına xüsusi qayğısı
yetişən gənc nəsildə böyük ruh yüksəkliyi
yaradıb. Biz 2016- cı ilin Aprel döyüşlərində
də bunun şahidi olduq. Dörd gün davam edən
döyüşdə ordumuz Ermənistan silahlı qüvvələrini
darmadağın etdi. Xalqımız 1945-ci il alman faşist
işğalçıları üzərindəki Qələbədən
sonra ən böyük Qələbə sevincini 2016-cı ilin
aprelində bir daha yaşadı.
Hər il
9 May – Qələbə bayramı ölkəmizdə
böyük təntənə ilə qeyd edilir. Ulu öndər
Heydər Əliyevin “Xalqımızın qızıl fondu”
adlandırdığı müharibə veteranlarına birdəfəlik
maddi yardımlar göstərilir. Prezident İlham Əliyev müharibə
veteranlarının sosial problemlərinin həlli istiqamətində
ardıcıl olaraq mühüm addımlar atır, hər il
onlara maddi yardım verilməsi ilə bağlı sərəncamlar
imzalayır.
Babaların yolunu şərəflə
davam etdirən gənc nəslin Qələbə
bayramını torpaqlarımızı azad etməklə,
Şuşada, Xankəndidə və işğal altında
olan digər şəhərlərimizdə Azərbaycan
bayrağını dalğalandırmaqla qeyd edəcəyimizə
böyük inam və ümidimiz var. Bu inamı
xalqımızda Prezident, Ali Baş Komandan cənab İlham
Əliyevin düşünülmüş siyasi kursu yaradıb.
Əlabbas ŞIXƏLİYEV,
Sabirabad rayonu
Xalq qəeti.- 2019.- 9 may.- S.12.