Uşaqlığın şərikli
çörəyi
50 il əvvəl
ekranlara çıxarılan “Şərikli çörək”
filmi müharibə uşaqlarının ağrılı talelərindən
söhbət açır. O çətin günlərdə
uşaqların bir-birinə olan münasibətləri, baş
qəhrəman Vaqifin ac olduğu halda çörəyini digərlərlə
bölüşməyi olduqca ibrətamizdir. Film ağır
şəraitdə belə mənliyini itirməyən
uşaqların gələcəyə böyük ümidlərini
tərənnüm edir. Böyük müharibənin
kiçik qurbanları olan uşaqlar bu filmdə ön plana
çəkilir. 10 yaşlı uşaq dərs oxumaq əvəzinə,
çörəkpulu qazanmağın yollarını
axtarır.
Filmdə təsvir olunan uşaqların düşündükləri bir şey varsa, o da bir qarın çörək tapmaqdır. Bəziləri oğurluqla, kimisi isə öz zəhməti hesabına bir parça çörək əldə edir. Filmin qəhrəmanı Vaqif fərdi cəhətləri ilə örnək bir personajdır. Onu digər uşaqlardan fərqləndirən müsbət cəhətlərinin çoxluğudur. Vaqifin başındakı buxara papağı kişiliyin, əlində daim gəzdirdiyi kitab elmin, tərəqqinin simvolu kimi göstərilib. Filmdə ekran taleyini izlədiyimiz uşaqların məhv olmuş arzularını, kiçik yaşlarından müdrikləşmiş obrazlarını görürük. Haqlı deyirlər ki, müharibə uşaqları tez böyüdür.
Xalq artisti, kinorejissor Şamil Mahmudbəyov iki filmində (“Şərikli çörək” və “Skripkanın sərgüzəşti”) müharibə uşaqlarının ağır həyat şəraitini ekranlaşdırıb. Bu isə şəxsən ön cəbhədə düşmən amansızlığı ilə rastlaşan rejissorun müharibəyə olan nifrətinin əlamətidir. Hadisələri İkinci dünya müharibəsinin son günlərində cərəyan edən, vacib faktları ümumiləşdirilmiş şəkildə əks etdirən film sülhə çağırışla yanaşı, idrakı dərinləşdirir, cəmiyyətə mühüm mesajlar verir. Hadisələri müşayiət edən musiqi (bəstəkar Vasif Adıgözəlov) bu ekran əsərinin emosional təsir gücünü və daxili dinamikasını artırır. Filmdə səslənən “Sən, ey uşaqlıq” mahnısı filmin məzmun və ideyasını bütövlükdə açır.
Yaradıcı heyət kino estetikası çərçivəsində həyatın dərin qatlarına nüfuz edərək vacib və dəyərli nüansları tamaşaçıya çatdırmağa müvəffəq olmuşdur.
Filmin qəhrəmanları olan uşaqlar haradasa müharibə getdiyini bilirlər. Amma çoxu bilmir ki, müharibə həm də elə onların yaşadığı bu məhəllədə gedir. Əli iş, silah tutan bütün kişilərin hamısı cəbhədədir, qalanlar isə qadınlar, uşaqlar və yaşlılardır. Sovet ideologiyası bu idi ki, arxa cəbhə möhkəm olanda, ön cəbhədəkilər biləndə ki, ailələri etibarlı əllərdədir, onlar da sidq ürəklə Vətəni, ailələrini qoruyurlar. Hətta Vətən yolunda ölümə də gedirdilər. “Azərbaycanfilm” də bu ideologiyanın təbliğatçılarından idi. Ümumiyyətlə, xalqımızın əxlaqı, mənəviyyatı, insanların arxa cəbhədə fəaliyyəti filmlərin mövzusunun əsas motivləri idi.
Uşaqlığı müharibə illərində keçənlərin həyatında kədər üstünlük təşkil edir. Filmin qəhrəmanı olan uşaqlar müharibənin nə vaxt qurtaracağını bilmirlər. Əslində, heç bu barədə düşünə də bilmirlər. Onu bilirlər ki, bir parça çörək tapmaq üçün nə isə etmək lazımdır.
Filmin müəllifləri şəhərin bu balaca məhəlləsinin uşaqlarının timsalında müharibənin onların mənəviyyatına təsirini əks etdirməyə səy göstərmişlər. Onlar arasında hər xasiyyətdə uşaq var. Öz çörək payını belə uşaqlarla bölüşən filmin qəhrəmanı Vaqifin yaşantıları daha qabarıq verilmişdir. Filmdə o çətin illər haqqında cəsarətlə və sadə dildə söhbət açılır. Bəli, müharibə çoxlarını həm fiziki, həm də mənəvi cəhətdən şikəst edib. Bundan başqa, insan həmrəyliyinin, xeyirxahlıq və ədalətin yenilməz gücü bütün dövrlərdə insanlara yardımçı olub, onları bəd əməllərdən qoruyub.
Bəli, 50 ildir ki, bu film müharibənuin bəlaları haqqında həqiqəti danışır. Müharibələrin yalnız yaşlılara deyil, uşaqlar üçün də böyük fəlakət yaratdığını bədii formada əks etdirir.
Məlumat üçün bildirək ki, filmin ssenari müəllifi Alla Axundovadır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 9 may.- S.11.