“Heydər
Əliyev yolunun
işığı”nda
Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdikləri, nəzəri ifadə etdikləri, praktiki diplomatiyaya verdiyi töhfələr uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaqdır.
AMEA Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində ümummilli lider
Heydər Əliyevin anadan olmasının
96-cı ildönümünə həsr olunmuş
elmi sessiya dahi siyasətçinin dövlətçilik
ideyası uğrundakı çoxşaxəli fəaliyyətinin
öyrənilməsinə həsr olundu.
Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri “Ulu öndərin davam edən dərsləri” adlı məruzəsi ilə açaraq qeyd etdi ki, Heydər Əliyevin istənilən ədəbi abidə və istənilən qüdrətli ədəbi simaya verdiyi qiymətin, ifadə etdiyi qənaətin təkrarsızlığı, peşəkar ədəbiyyatşünas sözündən daha sərrast olması onun miqyaslı düşüncəsi ilə bağlıdır. Geniş bilik və dərin təfəkkür sahibi Heydər Əliyev hər ədəbi şəxsiyyət və ədəbi incini yalnız bir fərd olaraq görmür, bütöv Azərbaycan tarixinin işıqlı zərrəsi olaraq çox ucalardan seyr etməyi bacarırdı.
R. Hüseynov qeyd etdi ki, Azərbaycan tarixinə nəzər saldıqda, orta əsrlərdən bu günümüzədək bütün Yer kürəsinin ən müxtəlif guşələrində yaşamış böyük şəxsiyyətlərimiz var. Bunların sırasında filosoflarımız, memarlarımız, təbiblərimiz, musiqişünaslarımız, musiqiçilərimiz, şairlərimiz də çoxdur. Amma tarix içərisində böyük bir yolumuzu nəzərdən keçirdikdə görürük ki, indiyədək adı qalan böyük dövlət başçıları, sərkərdələrimiz o qədər də çox deyil. Azərbaycanın son minillik tarixini araşdırsaq aydın olur ki, az sayda olsa da, xalqın, millətin taleyində xidmətlər göstərmiş, iz qoymuş insanlar, şəxsiyyətlərimiz vardır və onların hər birinin öyrənilməsinə, xatırlanmasına, adının əbədiləşdirlməsinə borcluyuq.
Belə tarixi şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. 2019-cu il mayın 10-da ulu öndərin anadan olmasının 96-cı ildönümü tamam oldu. İyul ayının 14-də isə ümummilli liderin Azərbaycana rəhbərlik etməsinin 50 illik yubileyi qed ediləcək. Bu tarixi hadisə də ayrıca təhlil olunmalı, araşdırılmalıdır. Azərbaycan tarixində Heydər Əliyevin yeri dəqiq qiymətləndirilməlidir. Heydər Əliyev həmişə öz işində yüksək peşəkarlıq nümayiş etdirib və ona tapşırılan bütün işlərin öhdəsindən ləyaqətlə gəlib. O, ölkəmizdə böyük müəssisələrin açılması, iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində misilsiz işlər görmüş, müstəqil respublika kimi yaşamağın əsaslarnı hələ sovet dövründə qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-ci ildə qazanılmış müstəqilliyi cəmi 23 ay qoruya bilmişdilər. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqilliyini elan etdi. 1993-cü ildə Azərbaycanın müstəqilliyi daxili və xarici qüvvələr tərəfindən təhlükə altına alınanda Heydər Əliyev yenidən tarix səhnəsində göründü və müstəqilliyimizi 5 yaşına, 10 yaşına yüksəltdi, 21-ci əsrə qoruyub çatdıra bildi. Müstəqilliyimizin 28-ci ilini yaşayırıq. Hər bir azərbaycanlının borcudur ki, müstəqilliyiumizin davamlı olması üçün əlindən gələni əsirgəməsin.
Heydər Əliyevin böyüklüyü bir də ondan ibarətdir ki, onun qoyduğu təməl prinsipləri, Azərbaycanın inkişafı üçün gördüyü misilsiz işlər bu gün də Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.
Tədbirdə, həmçinin muzeyin komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Fəxr edirik: O azərbaycanlıdır”, Ədəbi mərasimlər və nəşrlər şöbəsinin böyük elmi işçisi, dosent Gülzar İbrahimovanın “Heydər Əliyev - ədəbiyyatımızın, mədəniyyətimizin hamisi”, “Elmi inkişaf və tədris layihələri” şöbəsinin elmi işçisi Tutu Məmmədovanın “Daim qəlblərdə yaşayan ulu öndər”, Xurşudbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “Ömrünü millətə və dövlətə həsr etmiş Heydər Əliyev” adlı məruzələri də dinlənildi.
Tədbir çərçivəsində iştirakçılar Heydər Əliyevin fəaliyyətinin müxtəlif anlarını əks etdirən sərgi ilə də tanış oldular.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.- 2019.- 11
may.- S.11.