Heydər Əliyev və Azərbaycanın
ərazi bütövlüyü
Heydər
Əliyevin istefasından iki həftə keçmədən
erməni separatçıları məsələ
qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın
tərkibindən çıxarılıb Ermənistanın tərkibinə
verilməlidir. Dağlıq Qarabağ münaqişəsindən
sonra digər yerlərdə də toqquşmalar baş verdi və
nəticə etibarilə Sovet İttifaqı
dağıldı...
Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda
da biz Heydər Əliyev kimi prinsipial mövqeyimizi müdafiə
edirik və bu mövqe gündən-günə güclənir.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Xalqımızın
ümummilli lideri Heydər Əliyev çoxşaxəli siyasi
fəaliyyətində ölkəmizin ərazi
bütövlüyünün qorunması strategiyasının
müəyyən olunmasına və onun uğrunda mübarizəyə
Azərbaycanın milli maraqlarının ən önəmli məsələlərindən
biri kimi daim ciddi diqqət
yetirmişdir. Həqiqi milli lider olaraq Heydər Əliyev
1969-cu ildə Azərbaycan rəhbərliyinə gələnədək
ölkəmizin ərazisinin bir qismini Ermənistan
açıq-gizli qəsdlər yolu ilə ələ
keçirmişdi. Mənfur düşmənlərimiz bununla
kifayətlənməyib, daha böyük torpaqlara yiyələnmək
niyyəti ilə fəaliyyət göstərirdilər.
Tarixdən məlumdur
ki, iki yüz ildən bəri Azərbaycan xalqı erməni
şovinist-millətçi ünsürlərinin ərazi
iddiaları, soyqırımı və etnik təmizləmə
siyasəti ilə üz-üzə qalmışdır. Bu
müddət ərzində azərbaycanlılar amansız
hücumlara məruz qalmış, öz doğma
yurdlarından qovulmuş və ərazilərinin böyük
bir hissəsini itirmişlər. XIX əsrin 20-ci
illərinə qədər Azərbaycan xalqının tarixən
məskunlaşdığı ərazi, təxminən, 410 min
kvadratkilometr olmuşdur. 1813–1828-ci illərdəki müharibələr
nəticəsində 280 min kvadratkilometr ərazi – Cənubi Azərbaycan
İran dövlətinin tərkibində qaldı, 130 min
kvadratkilometr ərazi– Şimali Azərbaycan isə Rusiya əsarətinə
düşdü. 1918-ci ildə 9 min kvadratkilometrlik ərazidə
Ararat Respublikası yaradıldı, 7 min kvadratkilometrlik Dərbənd
xanlığının ərazisi Rusiya tərəfindən
tutuldu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə onun ərazisi 113,9 min kvadratkilometr idi. Bunun 97,3 min kvadratkilometri mübahisəsiz, 16,6 kvadratkilometri isə mübahisəli ərazi idi. Gürcüstanla 8,7 min kvadratkilometr, Ermənistanla isə 7,9 min kvadratkilometr həmsərhəd ərazi qonşu dövlətlər tərəfindən mübahisəli torpaq sayılırdı. Ərazi məsələlərinin birtərəfli, “daşnak-bolşevik həlli” nəticəsində “mübahisəli” ərazilər ermənilərə verildi və bundan əlavə, 11 min kvadratkilometr ərazimiz Ermənistana bağışlandı. Buraya, əsasən, Zəngəzur, Dərələyəz qəzaları və Göyçə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycanın 27,6 min kvadratkilometr ərazisi itirildi. 1922-ci ildə Dilican və Göyçə ərazisinin qalan torpaqları da Ermənistana bağışlandı.
1929-cu ildə Naxçıvan Muxtar Respublikasının 657 kvadratkilometr torpaq sahəsi – 11 kəndi, Zəngilan rayonunun 3 kəndi Ermənistana verildi. Bundan əlavə, həmin illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və başqa yaşayış məntəqələri də Ermənistanın ərazisinə birləşdirildi. 1938-ci ildə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı ilə Şərur rayonunun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi. Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi üçün erməni daşnakları bir neçə dəfə SSRİ rəhbərliyinə müraciət etdilər. Hələ 1960–1970-ci illərdə ümummilli lider Heydər Əliyev Azərbaycanın bu qədim bölgəsinin Ermənistana birləşdirilməsi üçün Dağlıq Qarabağ Muxtar Vilayətində aparılan gizli işləri aşkar edərək qarşısının alınması üçün kəskin tədbirlərin görülməsinə nail olmuşdu.
SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi. 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən Heydər Əliyev bu qərarın icrasını dayandırdı. O, məsələyə yenidən baxmağı Moskva qarşısında təkidlə qoydu.
Belə sərt mövqe respublikanın yeni rəhbəri üçün təhlükəli olsa da, Azərbaycan xalqının mənafelərini hər şeydən üstün tutan Heydər Əliyev təzyiqləri rədd edərək mövqeyindən dönmədi. Onun məntiqi, biliyi, bacarığı Moskvanı geri çəkilməyə vadar etdi. Erməni rəsmi dairələri yerində oturduldu. Heydər Əliyev bu məsələni bir ay müddətində uğurla həll etdi. O, həmin qərarı yerinə yetirməkdən imtina etdi. Moskvadakı bəzi qüvvələr və Ermənistan rəhbərləri qərarın həyata keçirilməsində çox israr etsələr də, Heydər Əliyev buna imkan vermədi.
Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində uzun illər torpaq üzrə mütəxəssis vəzifəsində işləyən Nadir Hüseynbəyov 1969-cu ilin avqust ayında Heydər Əliyevlə görüşünü belə xatırlayırdı: “Heydər Əliyev heç bir ay yox idi ki, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyirdi. Bildirdilər ki, Heydər Əliyev məni yanına dəvət edib. Bu, mənim üçün gözlənilməz idi. Söhbətimizin əsasını Azərbaycanla Ermənistan arasında olan sərhəd, guya, mübahisəli torpaq məsələləri təşkil edirdi. Görüşümüz iki saata yaxın davam etdi. Mən özümlə 1903-cü ildə nəşr edilmiş xəritəni də gətirmişdim. Möhtərəm Heydər Əliyev həmin xəritəyə diqqətlə baxdı, onu 1969-cu ildəki mövcud xəritə ilə müqayisə etdi. Heyrət onu bürüdü: “Aman Allah, heç olmazsa, bu millətə sənin rəhmin gəlsin. Gör nə qədər torpağını əlindən alıblar”, – dedi.
Görüşümüzdən iki gün keçmişdi. Azərbaycan KP MK-dan mənə dedilər ki, Heydər Əliyev qatarla Ağstafaya gedir. Mənim də onunla birlikdə Ağstafaya getməyimi tapşırıb və bildirib ki, özü ilə bir sıra sənədləri, o cümlədən 1903-cü ilin torpaq xəritəsini də götürsün. Qatar Bakıdan yola düşəndən bir az keçmiş xəbər elədilər ki, Heydər Əliyev məni yanına dəvət edir. Söhbətimiz iki saatdan artıq oldu. Heydər Əliyev sənədlərə, həmin xəritəyə yenə dönə-dönə diqqətlə baxdı.
Qazax Rayon Partiya Komitəsinin birinci katibi bizi
qarşıladı. Qazaxa, oradan da Azərbaycanla Ermənistanın
sərhəddinə getdik. Sərhəddə
Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyanın rəhbərlik
etdiyi nümayəndə heyəti bizi gözləyirdi.
Heydər
Əliyev məndə olan bütün sənədləri və
1903-cü il xəritəsini aldı, mənə
dedi ki, Qazax Rayon Partiya Komitəsində məni gözləyin.
Heydər Əliyev onu qarşılayanlarla
Dilicana yola düşdü. Təxminən,
üç saatdan sonra Heydər Əliyev Qazax RPK-ya gəldi.
Hamımızla görüşdü. Məndən
aldığı sənədləri qaytardı və dedi ki,
1903-cü ilin xəritəsini Ermənistan KP MK-nın birinci
katibi Koçinyana bağışladım və Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qeyri-qanuni qərarını müzakirə
etdik. Koçinyanla ümumi razılığa gəldik
ki, heç bir sərhəd və mübahisəli məsələyə
bundan sonra baxılmayacaq”.
Həmin
dövr tarixinin başqa bir canlı şahidi Həbib Həsənov
yazırdı: “Ermənistanda Azərbaycan KP MK-nın birinci
katibi Heydər Əliyevlə görüşə müstəsna
əhəmiyyət verilirdi. Əslində, bu
görüş ermənilər tərəfindən bir növ
kəşfiyyat xarakteri daşıyırdı. Heydər Əliyev Ermənistan rəsmiləri
üçün sirli şəxsiyyət idi. Koçinyan görüşdən İrəvana
qayıdan kimi, Ermənistan KP MK-nın bürosu toplandı.
Koçinyan qayğılı və
dalğın görünürdü. Mən
həmin büroda iştirak edən yeganə azərbaycanlı
idim. O, Heydər Əliyevlə görüşü barədə
çox qısa məlumat verdi.
Yerdən
bir neçə nəfər Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 7 may 1969-cu il tarixli qərarının
icrasına nə vaxt başlanacağı barədə suallar
verərkən Koçinyan bildirdi ki, “Ermənistanı və
erməniləri sevən hər birinizdən xahiş edirəm
ki, nə qədər Heydər Əliyev adlı adam var,
heç bir sərhəd məsələsi və mübahisəli
torpaq, ərazi iddiası qaldırmayın. Bunu
birdəfəlik yaddan çıxarın”.
Sonralar Həbib
Həsənov “Ali Sovetin 1969-cu il tarixli torpaq alverini rəsmiləşdirən
qərarı icra olunmadı” adlı məqaləsində
yazırdı: “1969-cu il mayın 7-də Ermənistan SSR Ali
Soveti Rəyasət Heyəti sədrinin müavini kimi gündəliyin
tərtibində iştirak edirdim. İclasın
başlanmasına 10--15 dəqiqə qalmış sədr
N.Arutyunyanın yanına getməli oldum. Ermənistan
KP MK-nın birinci katibi A.Koçinyan başda olmaqla büronun
bütün üzvləri onun kabinetində idi.
Təəccübümü görən N.Arutyunyan
bildirdi ki, bu gün Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Heyəti Azərbaycanla Ermənistanın mübahisəli sərhəd
məsələsinə baxacaq. Biz də həmin məsələni
müzakirə etməliyik. Qeyd etdi ki, Azərbaycan
SSR Ali Sovetinin Rəyasət Heyəti də bu gün həmin
məsələni müzakirə edir. Azərbaycan
razılaşdırılmış xəritəni və qərar
layihəsini Ermənistan SSR Ali Sovetinə təqdim edib. Xəritə divardan asılmışdı. Qara tuşla hər iki respublikanın sərhədləri
bir-birindən ayrılmışdı. Xəritənin
aşağı hissəsində eyni ilə qrafik sənədə
razılıq bildirilən sözlər yazılmış, Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyəti katibinin imzası ilə təsdiqlənmiş
və möhür də vurulmuşdu.
İclasın gedişində N.Arutyunyan Bakıya – Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.İsgəndərova
zəng vurub öyrəndi ki, onlar həqiqətənmi məsələni
müzakirə edirlər. Müzakirələrdən, təqdim
olunmuş sənədlərdən belə qənaətə gəlindi
ki, Azərbaycan təsərrüfatçıları Ermənistana
aid olan 1568,2 hektar sahədən istifadə
edirlər, bu torpaqlar Ermənistana qaytarılmalıdır.
Zaldan replika eşidildi: Bu qədər ərazi
üçün qazan qaynatmağa dəyərmi? Replikaya cavab olaraq sədr N.Arutyunyan bildirdi ki, biz
xalqımıza cavab verməliyik. Qonşu
ölkələrdən torpaqlarımızı ala bilmirik.
Xalqımıza başa salmalıyıq ki,
imkanımız olan təqdirdə bircə hektar
torpağımızı kənarda qoymayacağıq”.
Ermənistan dairələrinin Azərbaycanın digər
sərhəd rayonlarına qarşı da əsassız iddialar
irəli sürdüyü niyyətlər puça
çıxdı. Sov. İKP MK-nın 1969-cu il 5 avqust
tarixli “Ermənistan SSR Şəmsəddil rayonunun və Azərbaycan
SSR Gədəbəy rayonunun bəzi kolxozları arasında
qeyri-normal qarşılıqlı münasibətlər
haqqında” qərarı Azərbaycan KP MK bürosunun Heydər
Əliyevin sədrliyi ilə keçirilən 1969-cu il 17 avqust
tarixli iclasında müzakirə edildi. İki
qonşu xalq arasında normal münasibətlərin
yaradılması zəruri sayıldı. Nəzərdə
tutulan 1568,2 hektar sahədən bircə
qarış belə Ermənistana verilmədi. May
ayından sonra Azərbaycanda baş verən dəyişikliklər
və bunun ölkədə yaratdığı əks-səda
torpaq “alverinin” qarşısını aldı.
Heydər
Əliyev 1969-cu il avqust plenumunda respublika rəhbərlərinin
1968-ci ildə Ermənistan rəhbərləri ilə torpaq məsələsi
üzrə bir neçə dəfə
görüşdüyünü və Azərbaycan ərazisindən
Ermənistana torpaq verilməsi haqqında protokol
imzalanmasını qeyd etmişdi. Həmin protokola görə
ermənilər Naxçıvanın Ermənistanla sərhəddində--
indiki Sədərək rayonunun ərazisindəki torpaqların
bir hissəsinə, Ordubad tərəfdən Mehri ilə sərhəddə
olan torpaqlara, Gədəbəy rayonundakı Tağlar kəndinə,
Qazax, Qubadlı və Laçın rayonlarının bir hissəsinə
iddia edirdilər. Təəssüf ki, Azərbaycanın
o vaxtkı rəhbərləri bununla
razılaşmışdılar.
Heydər
Əliyev o hadisəni belə xatırlayırdı: “İndi mən
o günləri xatırlayıram. Bir neçə
gün idi ki, işləyirdim, bu məsələləri gətirib
qarşıma çıxardılar. Moskvadan
da çox böyük təzyiq edirdilər ki, qərar qəbul
olunub, tez edin, icrasına sərəncam verin. Dedim,
bilirsiniz, bu qərar mayda qəbul olunub, əgər iyul
ayına qədər icra edilməyibsə, imkan verin mən onu
bir araşdırım. Şübhəsiz ki, mən
araşdırandan sonra gördüm ki, buna razılıq verə
bilmərəm. Mən razılıq vermədim.
Nə qədər ki, mən Azərbaycanda
işlədim, o qərar həyata keçmədi”. Beləliklə,
1969-cu il mayın 7-də qəbul
edilmiş qərar kağız üzərində qaldı və
1984-cü ilə qədər Ermənistanda bu məsələ
qaldırılmadı. Heydər Əliyevin nə
qədər böyük və güclü şəxsiyyət
olduğunu ermənilər də yaxşı dərk edirdilər.
Ermənistan
KP MK-nın keçmiş birinci katibi A.Koçinyan 1988-ci ildə
bir müsahibəsində deyirdi ki, onun rəhbərliyi
dövründə Qarabağ “məsələsi” neçə
dəfə qaldırılmış, lakin Heydər Əliyevin
nüfuzu və mərkəzdə sözünün iti kəsəri
bu məsələnin həllinə imkan verməmişdir.
Heydər Əliyevin düşünülmüş və
uzaqgörən siyasəti sayəsində respublika təşkilatları
öz işlərini elə qurmuşdular ki, erməni
separatçıları açıq
çıxışlardan çəkinirdilər. 1977-ci ildə
Dağlıq Qarabağ məsələsi növbəti dəfə
qaldırılsa da, qarşısı qətiyyətlə
alınmışdı.
Ümummilli lider Heydər Əliyev erməni millətçilərinin
niyyətini yaxşı dərk edir, sərhəd rayonlarının
iqtisadi və sosial-mədəni inkişafına böyük əhəmiyyət
verir, qayğı göstərirdi. 1970-ci illərdə rəsmi
Moskva ermənilərin təhriki ilə Kəlbəcər
rayonunun perspektivsizliyi, buradan əhalinin
köçürülməsi, torpaqların isə yaylaq kimi
respublikalar arasında bölüşdürülməsi
haqqında məsələ qaldırdı. Buna qarşı Heydər Əliyev 1977-ci ildən bu
rayonun potensial imkanlarını genişləndirmək tədbirləri
hazırlanmasına və həyata keçirilməsinə
nail oldu. İqtisadiyyat xeyli dirçəldi.
Mərkəzin, erməni millətçilərinin
niyyətləri alt-üst oldu.
1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə isə
Azərbaycan Konstitusiyası qəbul edilərkən ermənilər
müxtəlif mərkəzi orqanlara müraciət edərək
Dağlıq Qarabağ məsələsini yenidən
qaldırdılar. Lakin Heydər Əliyev L.Brejnevlə
görüşüb məsələni həll edərək
erməni avantüristlərinin iddialarını puça
çıxardı. Artıq onun
Dağlıq Qarabağa yönəlmiş siyasətində həyata
keçirdiyi tədbirlərin qarşısını kimsə
almaq iqtidarında deyildi.
Bundan sonra Heydər Əliyev Dağlıq Qarabağ məsələsi
ilə bağlı fəaliyyətini daha da genişləndirərək
erməni iddialarını əməli işləri ilə
puça çıxardı. Ermənilər ölkə
rəhbərliyi qarşısında Dağlıq
Qarabağın Ermənistana verilməsi barədə məsələ
qaldıran zaman Heydər Əliyevin göstərişi ilə
Dağlıq Qarabağın tarixi barədə geniş bir
arayış hazırlanaraq mərkəzə təqdim olundu və
bununla da növbəti bir təxribatın qarşısı
alındı.
Dağlıq Qarabağ məsələsini “əsaslandırmaq”
üçün erməni separatçıları iddia edirdilər
ki, guya, Azərbaycan rəhbərliyi tərəfindən vilayətin
sosial-iqtisadi və mədəni inkişafına fikir verilməmişdir. Heydər
Əliyev isə faktlar və dəlillərlə bu fikirlərin
tamamilə əsassız olduğunu göstərmiş, qeyd
etmişdir ki, DQMV sosial-iqtisadi inkişaf göstəricilərinə
görə Azərbaycan və Ermənistanın orta respublika
göstəricilərini üstələmişdir. Xüsusilə vilayətin iqtisadiyyatı 70--80-ci illərdə
daha da inkişaf etmiş, vilayətin mərkəzinə dəmir
yolu çəkilmiş, Xankəndidə vağzal, yeni aeroport
tikilmişdi.
1983-cü ildən etibarən ermənilər Azərbaycana
qarşı yeni-yeni ərazi iddiaları irəli sürməyə
başladılar. Respublika rəhbərlərinin zəifliyi
erməni planlarının genişləndirilməsinə rəvac
verirdi. 80-ci illərin ortalarından etibarən
erməni dairələri öz fəaliyyətlərini bir
neçə istiqamətdə daha da genişləndirdilər.
Bunun əsas səbəblərindən ən
ümdəsi ermənipərəst M.Qorbaçovun hakimiyyətə
gəlməsi idi. Lakin ermənilər
çox yaxşı başa düşürdülər ki,
Heydər Əliyev Kremldə işlədikcə onların
iddialarının reallaşdırılması mümkün
deyil. Çünki, Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi 1969--1982-ci illərdə ermənilərin
torpaq iddialarının həyata keçməsinin
qarşısı alınmış, ərazilərimizin bir
qarışı da Ermənistana verilməmişdir.
Ulu
öndər Heydər Əliyevin hakimiyyətdə olmaması,
SSRİ-də yaranmış vəziyyət, M.Qorbaçovun
ermənipərəst mövqeyi erməni millətçilərinin
Azərbaycan Respublikasına qarşı yeni ərazi
iddiaları irəli sürmələrinə əsas verdi. Əsrin əvvəlindən
başlayaraq tarixi Azərbaycan torpaqlarının – İrəvan,
Göyçə və Zəngəzur mahallarının
işğal edilməsi ilə kifayətlənməyən ermənilər
“Böyük Ermənistan” xülyasını yenidən ortaya
atdılar. Bu siyasət Qərbi Azərbaycandan
azərbaycanlıların kütləvi şəkildə
qovulması, Ermənistan–Azərbaycan qarşıdurması ilə
nəticələndi. Bu, ermənilərin
Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq
Qarabağa qarşı ərazi iddiaları onların strateji
planlarının tərkib hissəsi idi.
1987-ci ildən başlayaraq ermənilər Azərbaycana
qarşı əsassız ərazi iddiaları ilə
çıxış etməyə başladılar. Bu mübarizənin
Heydər Əliyevin vəzifədən getməsindən dərhal
sonra başlaması təsadüfi deyildi. “Dağlıq
Qarabağ” kartı ortaya atıldı və bu məsələdə
Azərbaycan rəhbərliyinin tam acizliyi aşkar oldu. Xalq mövcud rəhbərlikdən narazı
olduğu üçün ümidlə milli liderini gözləyirdi.
Dağlıq
Qarabağ münaqişəsindəki Ermənistan
işğallarını üç dövrə ayırmaq
mümkündür: 1. DQMV-nin türksüzləşdirilməsi.
2.Ermənistanla birbaşa torpaq əlaqəsinin
yaradılması (1992--1993). 3. Ermənistanın bilavasitə
Azərbaycana təcavüzü (1993--1994).
1988-ci ilin fevralından Dağlıq Qarabağda
separatçılar və erməni millətçilərinin
mitinqləri başladı. Millətçi-separatçıların
tələbi ilə fevralın 20-də Vilayət Sovetinin
sessiyası DQMV-nin Azərbaycan SSR-in tərkibindən
çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi
haqqında qərar qəbul etdi. Ermənistandan
230 min azərbaycanlı qovuldu. SSRİ Ali Sovetinin Rəyasət
Heyəti 1989-cu il yanvarın 12-də “Azərbaycan
SSR-nin DQMV-də xüsusi idarəçilik formasının tətbiqi
haqqında” qərar qəbul etdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanın o
zamankı siyasi rəhbərliyinin prinsipsiz fəaliyyətindən
təəssüflənir və qeyd edirdi ki, o dövrdə
onlar bu idarənin yaranmasını böyük qələbə
kimi qiymətləndirir və bu idarəyə çox
böyük ümidlər bəsləyirdilər. Dağlıq
Qarabağ münaqişəsinin ilkin mərhələsində
yüz minlərlə azərbaycanlı öz tarixi
torpaqlarından qovuldu.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün
getdikcə daha mütəşəkkil xarakter
aldığı dövrdə respublikamızda hakimiyyət
çəkişmələrinin artması, qanunsuz silahlı dəstələrin
yaradılması ölkəni anarxiya girdabına sürükləyir,
siyasi və iqtisadi böhranın dərinləşməsinə,
torpaqlarımızın bir-birinin ardınca işğal
olunmasına rəvac verirdi. 20 Yanvar faciəsi,
Xocalı soyqırımı, hərbi uğursuzluqlar,
torpaqların itirilməsi Azərbaycan hakimiyyətinin səriştəsizliyi,
Moskvanın əlaltısına çevrilməsi, çəkişmələrin
baş verməsi nəticəsində olmuşdu. Səbir kasası dolmuş xalq Heydər Əliyevin
hakimiyyətə qayıtmasına yeganə xilas yolu kimi
baxırdı.
Müstəqilliyin ilk illərindəki başıpozuqluq
dövründə DQMV və onun ətrafında olan 7 rayon ermənilər
tərəfindən işğal olundu. İtirilmiş
torpaqlarımız 14 min 82 kvadratkilometrə çatdı.
Bunun 4 min 372 kvadratkilometri Dağlıq
Qarabağa, qalanı isə ətraf rayonlara aiddir.
Ümumiyyətlə, XX əsrin 20--90-cı illərində 40
min 681 kvadratkilometr ərazimiz Ermənistan tərəfindən
işğal olunmuşdur.
Xalqımız ümummilli liderin olmaması səbəbindən
ağır faciələrlə üzləşdi. 1990--1993-cü illərdə
Bakıda gedən proseslərin əksinə olaraq, blokada şəraitində
yaşayan Naxçıvan Muxtar Respublikasını Heydər
Əliyev mətinliklə müdafiə edir, həmişə
xalqın yanında olurdu. Naxçıvan əhalisi
də onun ətrafında sıx birləşərək nicat
yolunun məhz Heydər Əliyevdə olduğunu başa
düşürdü. Bu xalq və rəhbər
birliyi Naxçıvanı tarixin çətin
sınaqlarından çıxardı.
1993-cü ilin iyun ayında respublikamızda
yaranmış böhranlı vəziyyətin aradan
qaldırılması yolunu xalqın əksər təbəqələri
dövrün görkəmli siyasi xadimi, zəngin dövlətçilik
təcrübəsinə malik olan Heydər Əliyevin
respublikanın siyasi rəhbərliyinə qaytarılmasında
görürdü. Dünyanın bir sıra siyasi xadimləri
və xalqımız deyirdi ki, əgər Heydər Əliyev
bu illərdə Azərbaycanda hakimiyyətdə olsa idi nə ərazilər
itirilər, nə də bu faciələr baş verərdi.
Hakimiyyətdə olan qüvvələr ölkəni
saldıqları ağır vəziyyətdən
çıxarmaqda aciz olduqlarından, yaratdıqları problemləri
həll etmək üçün çıxış yolu
tapa bilmədiklərindən, xalq və tarix
qarşısında məsuliyyətdən qorxaraq Heydər
Əliyevi hakimiyyətə dəvət etdilər. Ümummilli lider Heydər
Əliyev bununla bağlı deyirdi: “Mən buraya adamların təzyiqindən
çox, yaranmış vəziyyətə görə gəldim,
çünki xalqın taleyi həll olunurdu”. Ulu
öndərin Azərbaycan rəhbərliyinə gəlməsi
respublikanın tarixi müqəddəratını həll
etdi, vətəndaş müharibəsinin qarşısı
alındı, torpaqların işğalı
dayandırıldı, respublikanın parçalanması təhlükəsi
aradan qaldırıldı.
Azərbaycan rəhbəri kimi Heydər Əliyev
Dağlıq Qarabağ probleminin həllinə kompleks
yanaşır, daxili və xarici siyasət amillərini hökmən
nəzərə alırdı. O, Azərbaycanın dövlət
müstəqilliyini qorumaq, erməni təcavüzkarlarına
qarşı xalqın ədalətli müharibəsini sülh
vasitəsi ilə başa çatdırmaq, respublikanın ərazi
bütövlüyünü bərpa etmək
üçün yorulmaq bilmədən
çalışırdı.
Nizami ordu olmadan ölkənin təhlükəsizliyini təmin
etmək mümkün deyildi. Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda
yeni dönüş mərhələsi başladı. Dövlət Müdafiə Şurası
yaradıldı. Könüllülərdən
ibarət batalyonlar yaradılıb cəbhəyə göndərildi.
İki ay ərzində 16,7 min nəfərdən
ibarət 40 ehtiyat taboru təşkil edildi. Döyüşçülərin
mənəvi-psixoloji ruh yüksəkliyi artırıldı.
Vahid komandanlıq möhkəmləndirildi,
ordunun döyüş hazırlığı yüksəldildi.
Silahlı Qüvvələrin maddi-texniki
bazası xeyli möhkəmləndirildi.
Ali
Baş Komandan Heydər Əliyev ən qaynar cəbhə
bölgələrinə getdi, döyüş səngərlərində
əsgər və zabitlərlə görüşdü,
onların problemləri ilə maraqlandı, tapşırıq
və tövsiyələrini verdi. Nəticədə, Azərbaycan Ordusu düşmənin
respublikanın içərisinə doğru hücumunu
dayandırdı. Hətta əks-hücuma
keçib bir sıra torpaqları işğaldan azad etdi.
Formalaşan Azərbaycan Ordusu düşmənə
öz qüvvəsini göstərdi. Ermənistanın Beyləqan
istiqamətindəki hücumu dayandırıldı.
1994-cü il yanvarın 5-6-da Füzuli rayonunun ən
böyük yaşayış məntəqəsi olan
Böyük Bəhmənli kəndi, bir gün sonra Horadiz qəsəbəsi,
Füzulinin daha 22 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndi geri alındı. Bir sıra strateji
yüksəkliklər, yaşayış məntəqələri
azad edildi. Məhz bu uğurlar erməniləri
danışıqlar masası arxasına oturmağa və
1994-cü il mayın 12-də atəşkəs
barədə saziş imzalamağa məcbur etdi.
Ümummilli lider Heydər Əliyev daxili siyasətlə
yanaşı, xarici siyasətə də böyük önəm
verir, bu sahədə də böyük müdriklik və
diplomatik istedad nümayiş etdirirdi. Ulu öndərin
başçılığı ilə informasiya
blokadasının yarılması, Dağlıq Qarabağ
probleminə dair həqiqətlərin dünya dövlətləri
arasında özünəlayiq yer tutması, respublikanın ərazi
bütövlüyünün sülh, danışıqlar yolu
ilə təmin edilməsi istiqamətində gərgin və səmərəli
iş aparılırdı. Azərbaycan dövləti
ölkənin ərazi bütövlüyünü bərpa
etmək, dövlətçiliyini möhkəmləndirmək
üçün dünyanın nəhəng və yüksək
inkişaf etmiş ölkələri arasında özünə
layiqli yer tutmasına hesablanmış siyasət yeridirdi.
Beynəlxalq təşkilatlardan BMT, ATƏT,
AŞ, Aİ, İKT, QİƏT, MDB kimi təşkilatlarla
geniş və sıx əməkdaşlıq quruldu.
Prezident
Heydər Əliyev Ermənistan – Azərbaycan münaqişəsinin,
qondarma “Dağlıq Qarabağ problemi”nin,
Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi və qorunması məsələlərinin həll
edilməsində ilk gündən beynəlxalq təşkilatların
gücündən istifadə edilməsinə, onların vasitəsilə
bu məsələlərin sülh yolu ilə həll edilməsinə
çalışırdı. Heydər Əliyevin qətiyyəti,
əzmkarlığı və gərgin fəaliyyəti sayəsində
ATƏT-in Minsk qrupu, BMT-nin Təhlükəsizlik Şurası
çərçivəsində müntəzəm olaraq
danışıqlar aparılmış, Azərbaycanın ərazi
bütövlüyü təsdiq edilmiş və “Azərbaycan
Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul
olunmuşdur. ATƏT-in üzvü olan ölkələrin
dövlət başçılarının Budapeşt,
Lissabon, İstanbul görüşlərində Azərbaycanın
ərazi bütövlüyünün tanınması və bərpası
istiqamətində mühüm qərarlar qəbul
edilmişdir.
Ulu öndər Heydər Əliyevin ərazi
bütövlüyümüzün təmin olunması sahəsindəki
apardığı siyasət bu gün ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ərazi
bütövlüyünün pozulduğu və
torpaqlarımızın 25 ildən artıqdır ki, təcavüzkar
erməni dövlətinin işğalı altında olduğu
bir şəraitdə Azərbaycan ordu quruculuğuna, onun
maddi-texniki təminatına böyük əhəmiyyət
verir. Azərbaycan NATO standartlarına
uyğun şəkildə təlim görmüş öz
Milli Ordusu ilə Cənubi Qafqazda hərbi qüdrətinə
görə lider dövlətə çevrilmişdir.
Bu gün Azərbaycan Ordusu düşmənin istənilən
hərbi hədəfini məhv etməyə qadirdir. İlham
Əliyevin rəhbərliyi ilə yaradılmış
Müdafiə Sənayesi Kompleksində 1160 adda silah-sursat
istehsal edilir. 2016-cı ilin dördgünlük
Aprel müharibəsində Azərbaycan Ordusu nəyə qadir
olduğunu göstərdi. Son 22 il ərzində
ilk dəfə düşmənin işğal etdiyi ərazilərin
bir hissəsini geri qaytardılar, xeyli əraziyə isə nəzarəti
bərpa etdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə
bağlı tədbirlər haqqında” Sərəncamı hər
bir azərbaycanlıda işğal altında olan ərazilərimizin
azad ediləcəyinə olan inamı daha da artırıb. Əgər bu
gün Cocuq Mərcanlıdan didərgin salınmış
soydaşlarımız ata-baba yurdlarına qayıdırsa, deməli,
Cəbrayıl, Füzuli, Ağdam, Kəlbəcər və
işğal altında olan digər ərazilərimizin sakinləri
də artıq öz doğma yurdlarına qayıdacaqlar.
Bu qayıdış Şuşaya, Xankəndinə
qayıdışın başlanğıcıdır. Azərbaycan yaxın zamanlarda öz ərazi
bütövlüyünü bərpa edəcək, mənfur
düşməni yerinə oturdacaqdır.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin
sədri, akademik
Xalq qəzeti.-
2019.- 11 may.- S.9.