Görkəmli sənətkara dərin ehtiramla

 

Adil Gəray – 100

 

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində görkəmli bəstəkar, pedaqoq, dirijor, ifaçı, musiqi xadimi, Əməkdar artist Adil Gəray Məmmədbəylinin (1919-1973) anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

Tədbiri Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq qeyd edib ki, bütün həyat və yaradıcılığını Azərbaycan incəsənətinin, tar-ixtisas tədrisinin, ifaçılıq sənətinin inkişafına və peşəkar ifaçıların yetişməsinə həsr edən Adil Gərayın danılmaz xidmətləri olub. Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində Üzeyir Hacıbəylinin sinfində təhsil alan Adil Gəray dahi bəstəkarın milli musiqi yaradıcılığı və pedaqoji fəaliyyəti zəminində musiqi sənətinə qədəm qoyub, onun layiqli davamçısı olub. Üzeyir Hacıbəylinin, Səid Rüstəmovun, Əhmədxan Bakıxanovun tar tədrisi sahəsində yaratdıqları metodika və elmi-təcrübi əsasları Adil Gəray özünün müəllimlik fəaliyyətində uğurla davam etdirib.

Professor N.Kazımov Adil Gərayın bəstəkar kimi fəaliyyətini xüsusilə qeyd edib, xalq çalğı alətləri orkestri, tar ilə fortepiano üçün yazdığı əsərlərin musiqi ictimaiyyətində böyük maraq doğurduğunu bildirib. Adil Gərayın tələbələrinin məşhur, görkəmli bəstəkar, musiqişünas, istedadlı ifaçılar kimi yetişdiyini, dillər əzbəri olmuş mahnılarının məşhur müğənnilər tərəfindən ilhamla ifa olunduğunu diqqətə çatdırıb.

Yubiley tədbirində Adil Gərayın tar sənəti məktəbindən dərs almış tələbələr və musiqiçilər, Xalq artistləri Ceyran Haşımova, Ramiz Quliyev, Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov, tibb elmləri doktoru, professor Zülfüqar Fərəcov, yazıçı-publisist Mustafa Çəmənli, müəllimlər Elxan Müzəffərov, Sidqi Mustafayev çıxışlarında görkəmli pedaqoq və bəstəkarın həyat və yaradıcılığı, onun yaradıcılıq irsinin qorunub saxlanılması, yubileylə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən söz açıblar.

Sonra Musiqi Kolleci tələbələrinin ifasında Adil Gərayın əsərləri və mahnıları səslənib.

Adil Gərayın qohumları Firavan Məmmədbəyli (qızı), Nigar Əzizova (nəvəsi), Reyhan Məmmədbəyli (nəvəsi), Banu Məmmədbəyli (nəticəsi) sənətkarın xatirəsini əziz tutduqlarına, onun yaradıcılığına yüksək dəyər verdiklərinə görə tədbir iştirakçılarına, musiqi kollecinin rəhbərliyinə, müəllim-tələbə heyətinə, ifaçılara minnətdarlıqlarını bildiriblər.

 

Afət Sadıqoğlu

 

Xalq qəzeti.- 2019.- 17 may.- S.10.