Rafael HÜSEYNOV: Böyük

Çöldə mədəniyyət ortaqlığı yaradan

dəyərlər, əsərlər və cərəyanlar var 

 

Müştərək körpülərin varlığı, xüsusilə də çoxluğu, eyni zamanda, dəqiq işləməsi ictimai ideyaların, təriqət və cərəyanların da Böyük Çöl boyunca ildırım sürəti ilə yayılmasına, qısa vaxt ərzində ətrafına saysız-hesabsız tərəfdarlar toplamasına şərait yaradırdı.

Böyük Çöl, eləcə də Böyük İpək Yolu hər biri özlüyündə ayrıca bir müstəvidir ki, orta əsrlərdə qloballaşmanın, onun başlıca bəhrələrindən olan mədəni transferin reallaşmasına çox münbit mühit yaradıblar. İmadəddin Nəsiminin yaradıcılığı və şəxsiyyətinin timsalında bu qənaətlər öz əyani təsdiqini tapır.

Bu sözləri Milli Məclisin komitə sədri, akademik Rafael Hüseynov UNESCO-nun mənzil-qərargahında keçirilən “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” beynəlxalq forumunda söyləyib.

Akademik Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu bildirərək qeyd edib ki, 650 yaşı tamam olan İmadəddin Nəsimi şəxsiyyəti və yaradıcılığı Böyük Çöldəki intellektual və mədəni əlaqə və qarşılıqlı bəhrələnmələrin bir neçə istiqamətinə işıq salır.

O, orta əsrlər boyunca Nəsimi tərənnümçülərinin Böyük Çöl ədəbi inkişafına verdiyi töhfələrdən söz açıb, həmin dövrlərdə fəaliyyət göstərmiş təriqət və dini-fəlsəfi cərəyanlardan danışıb.

R. Hüseynov Nəsiminin əvəzedilməz olduğunu, onun dilinin aydınlığı və melodizmi, ən mürəkkəb düşüncələri də klassik Şərq poetikasının “səhl-i mümtənə” (Əlçatmayan sadəlik) düsturuna uyğun olaraq anlaşıqlı tərzdə ifadə edilə bilməsini və şeirlərinin hər birinin nəğmə kimi ahəngdar olduğunu diqqətə çatdırıb. R.Hüseynov azərbaycanlı mütəfəkkirin Böyük Çöl sivilizasiyasına, mədəniyyətinə verdiyi töhfələrdən də bəhs edib, Mərkəzi Asiyadakı ədəbi transferin Nəsimi timsalındakı hüdudlarını müəyyənləşdirmək üçün bir-birindən uzaq məsafələrdə yaşayıb-yaratmış Həbibi, Xətai, Füzuli kimi zirvə şairlərin yazdıqlarını xatırladıb.

Bildirib ki, poetik dil və obrazlar sistemi Böyük Çölü vahidləşdirən ən bariz amili idi. Bir türkmənin, özbəyin, azərbaycanlının, osmanlı və ya İraq türkünün geyimi, süfrəsi, məişətinin xeyli elementi nə qədər fərqlənsə də, davamlı və qarşılıqlı ədəbi təsir və bəhrələnmələr onları yaxınlaşdırır, nəhəng bir ədəbi ailənin üzvlərinə çevirirdi.

“Əsrlərlə davam edən ədəbi-mədəni transferdə iki müstəsna Azərbaycan şairi və mütəfəkkiri bütün zamanlar üçün etalon şəxsiyyətlər kimi ucalır: Nəsimi və Füzuli. Bu, onların yaradıcılıqlarının bütün başqa üstün keyfiyyətləri, şəxsiyyətlərinin parlaqlığından savayı, Böyük Çöl sərhədlərindəki üç əsas işlək dilin hər birində gözəl əsərlər yaratmaları ilə bağlı idi. XII əsrdə Nizami, XIV-XV əsrlərdə Nəsimi, XVI əsrdə isə Füzuli ədəbi irsi bir növ nəhəng coğrafiya üçün dərslik, qəlib, örnək mahiyyəti daşımağa başlayır.

Böyük Çöl, ortaq Mərkəzi Asiya, müştərək İpək Yolu vərdişi və düşüncəsi tədricən genetik yaddaşa hopur” – deyə R. Hüseynov vurğulayıb.

 

Şəhla AĞALAROVA

 

Xalq qəzeti.- 2019.- 17 may.- S.10.