Qırğız deputat: İmadəddin Nəsimini

bütün türk xalqları tanımalıdır 

 

“Türk xalqları, ilk növbədə, bir-birinin tarixi şəxsiyyətlərini tanımalı, sonra Qərblə maraqlanmalıdırlar”. Bunu Qırğız Respublikası parlamentinin sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri Sadık Şer-Niyaz UNESCO-da keçirilən “Böyük Çöl: onun mədəni irsidünya tarixində rolu” adlı beynəlxalq forumda deyib.

 

Onun sözlərinə görə, türk xalqları dünya sivilizasiyasına ortaq miraslar bəxş edib: “Biz, ilk növbədə, bu tarixi, mədəniyyəti, yazıçıları tanımalıyıq. Türkdilli xalqlar bir-biri haqqında daha ətraflı məlumatlar əldə etməlidirlər. Biz Qərb mədəniyyəti və tarixindən əvvəl özümüzünkünü öyrənməli və təbliğ etməliyik”.

Qırğız deputat Azərbaycanın zəngin mədəniyyətinə də toxunubbuna hər kəs tərəfindən tanınmasının vacibliyini bildirib. “İmadəddin Nəsimini və Azərbaycanın digər istər tarixi, istərsə də müasir mədəniyyətinə öz töhfəsini vermiş şəxsiyyətləri bütün türk xalqları tanımalıdırlar. Həmin şəxsiyyətlər bütün türk sivilizasiyasının birgə tarixinin ayrılmaz hissəsidir”.

S.Şer-Niyaz türkdilli dövlətləri həmrəyliyə və bu zəngin tarixi daha artıq təbliğ etməyə çağırıb: “Güman edirəm ki, tədbir türkdilli xalqların tarixində yeni dönüş mərhələsi olacaq.”

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 18 may.- S.11.