Beynəlxalq Muzeylər Günü
tədbirlərinə start
verilmişdir
Beynəlxalq
Muzeylər Şurasının (ICOM) təşəbbüsü
ilə 1977-ci ildə təsis olunmuş
Beynəlxalq Muzeylər Günü hər
il mayın 18-də dünyada
müəyyən bir deviz
altında qeyd olunur. Bu il ICOM tərəfindən
“Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi”
devizi elan olunub.
Bu əlamətdar gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə keçirilir. Ölkəmizin 12 muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün ərzində keçirilən tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edirlər.
Tədbirin rəsmi açılışı dünən Park Bulvar AVM-nin I mərtəbəsində oldu və mayın 19-dək davam edəcək.
Dünən Azərbaycan Milli İncəsənət Muzeyinin əsaslı təmirdən çıxmış yeni korpusunun geniş ictimaiyyət üçün açılış mərasimi keçirilmişdir. Xatırladaq ki, keçən il dekabrın 18-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunda aparılmış təmir, bərpa və bədii tərtibat işləri və eksponatlarla yaxından tanış olmuşlar
Muzey son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir. Hazırda muzeyin ekspozisiyasında dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, rus, İslam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür. Ekspozisiya iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə - Qədim dünya incəsənəti, İran-türk, Çin, rus (avanqard) və Zərifə xanım Əliyevaya aid “Xatirə zalı”, İtaliya, Flamand, Holland incəsənəti guşələri var. İkinci mərtəbədə - İtaliya, “İslam incəsənəti”, alman, fransız rəngkarlığı və Rusiya incəsənəti nümunələri nümayiş olunur.
Eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimat mərasimi keçirilmişdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 18
may.- S.11.