Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın

xarici siyasətinin prioritetlərindəndir

 

Ölkəmiz hazırda dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq qurmuş, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olmuş və nüfuzlu beynəlxalq qurumlarla əlaqələri daha da genişləndirmişdir. Azərbaycanın bu il dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik etməsi hər birimizdə qürur hissi yaradır və bu fakt ölkəmizin dünya birliyində nüfuzunun daha da artmasından xəbər verir. Qarşıdan gələn 3 il ərzində – 2022-ci ilə qədər Azərbaycan 120 ölkənin adından beynəlxalq tribunadan danışmaq hüququ əldə edəcək.

 

Ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələri yüksək səviyyədədir. Azərbaycan beynəlxalq təşkilatların üzvü kimi, BMT, AŞPA, Aİ və ATƏT-də söz sahibidir. Buna baxmayaraq, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq şəraitində əməkdaşlığı davam etdirir. Məhz bu baxımdan Azərbaycanın dünyada gedən proseslərdə Cənubi Qafqazın lider dövləti olaraq enerji və Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən -- böyük bir nəqliyyat dəhlizini özündə ehtiva edən bir ölkə kimi Avropa üçün çox önəmlidir. Bu baxımdan, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində xüsusi yerə və rola malikdir. Bütün bunlar ölkəmizin Avropa İttifaqı kimi nüfuzlu qurumla əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin yaranması 1991- ci ilə təsadüf edir. 1996- cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi -- bu sənəd 1999-cu ildə qüvvəyə minmişdir-- siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. Həmin dövrdən etibarən Avropa İttifaqının Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başlamışdır. 1998- ci ildə Avropa İttifaqı Azərbaycana xüsusi elçisini təyin etmiş, 2000-ci ildə isə Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyi təsis edilmişdir. 2004- cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilmişdir.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Avropa İttifaqı proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanmışdır.

Bəzi ermənipərəst dairələrin ölkəmizin əleyhinə apardıqları qarayaxma, şər-böhtan kampaniyası, bir müddət Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə durğunluq yaratmış və bu, çox davam etməmişdir. 2017-ci ildə bu qurumla yeni hərtərəfli sazişin imzalanması üçün aparılan danışıqlar prosesi ilə qarşılıqlı əməkdaşlıq dinamik vüsət aldı. Münasibətlərin yeni müstəviyə qədəm qoyması tərəflər arasında etimadın, qarşılıqlı anlayışın və hörmətin daha da inkişaf etdirilməsini qoruyub saxlamağa və möhkəmləndirməyə təkan verdi. Bu istiqamətdə Azərbaycan və Avropa İttifaqı münasibətlərin fundamental bazasını möhkəmləndirmək üçün əsl strateji tərəfdaşlar kimi bütün məsələləri açıq dialoq formatında uğurla davam etdirirlər.

2018-ci il iyulun 11- də Brüsseldə “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri haqqında” sənədin imzalanması ölkəmizin bu qurumla əməkdaşlığında yeni səhifə açıldı. Bu tarixi sənəd Avropa İttifaqının prezidenti Donald Tusk və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.

Bu, ilk növbədə, qurumun rəsmiləri tərəfindən irəliyə doğru atılan mühüm addım kimi dəyərləndirilib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat katibinin Tvitterdə yaydığı məlumatdan: “Tərəfdaşlıq prioritetləri” sənədi Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan verib”.

Avropa Komissiyasının Qonşuluq Siyasətinin Baş Direktorluğunun Tvitterində qeyd edilib: “Avropa İttifaqı və Azərbaycan birgə daha güclüdürlər. Bu gün Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” sənədi üzrə danışıqları başa çatdırıb, münasibətlər gündəliyinə yeni təkan verilib”.

Siyasi şərhçilər və tanınmış ictimai-siyasi xadimlər tərəfindən yüksək dəyərləndirilən bu sənəd aşağıdakı prioritetləri müəyyən edib:

-- İnstitutların möhkəmləndirilməsi və korrupsiyaya qarşı mübarizə, dövlət idarəetməsində islahat, cinayətkarlığa və terrorçuluğa qarşı mübarizə üçün potensial yaradılmasından ibarət olan yaxşı idarəçilik;

-- iqtisadi inkişaf və iqtisadiyyatın sabit şəkildə şaxələndirilməsini, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün dəstəklənməsini, işgüzar və investisiya mühitinin yaxşılaşdırılmasını nəzərdə tutan bazar imkanları;

-- Cənub Qaz Dəhlizinin həyata keçirilməsi nəzərə alınmaqla, Azərbaycanın ticarət, logistika və nəqliyyat qovşağı kimi fəaliyyət göstərmək imkanına dəstəkdən ibarət olan enerji səmərəliliyi, ətraf mühit və iqlim;

-- təhsil və insan kapitalına dəstək, Avropa İttifaqı və Azərbaycan vətəndaşları üçün görüşməsi və təcrübələrini bölüşməsi üçün daha çox imkan verilməsini əhatə edən mobillik və insanlar arasında əlaqə.

Tərəfdaşlığın prioritetləri həm də 2018-2020-ci illərdə maliyyə əməkdaşlığı üçün əsas olacaq.

Bu prioritetlər çərçivəsində Avropa İttifaqı və Azərbaycan Avropa Qonşuluq Siyasətinin dəyərlərinə və prinsiplərinə, o cümlədən insan hüquqlarına riayət olunmasına, demokratiyaya, qanunun aliliyinə və vətəndaş cəmiyyəti ilə dialoqu əks etdirən ambisiyalı və hərtərəfli gündəliyə sadiq olduqlarını təsdiq edirlər.

Azərbaycanın dünya birliyində söz sahibinə çevrilməsi, Aİ ölkələri ilə əlaqələrini daha da genişləndirməsi, bu nüfuzlu qurumla strateji tərəfdaşlıq sazişinin hazırlanması ölkəmzin Avropa İttifaqı ilə münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Dövlətimizin başçısı Azərbaycanla Avropa İttifaqı əlaqələrinin genişlənməsi baxımından Şərq Tərəfdaşlığı təşəbbüsünün əhəmiyyətini yüksək qiymətləndirərək, Azərbaycanın təşkilata üzv olan 10-dan çox ölkə ilə strateji tərəfdaşlığa dair sənədlərin imzalanmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycanla Avropa İttifaqı arasında sazişə münasibət bildirən dövlətimizin başçısı bu sahədə də işlərin çox müsbət istiqamətdə irəlilədiyini bildirib. Prezident İlham Əliyev bu qurumla siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini, əməkdaşlığımızın çoxşaxəli olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu əməkdaşlıq geniş sahələri, o cümlədən demokratik inkişaf, multikulturalizm, iqtisadi və digər sahələri əhatə edir. Avropanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrində də əlaqələr inkişaf edir.

Hazırda Azərbaycanla Avropa İttifaqı bir-birinin maraq dairəsindədirlər. Beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini möhkəmləndirən Azərbaycan Avropa İttifaqına iqtisadi faydalı layihələr vəd edir.

Məlum olduğu kimi, ölkəmiz enerji sahəsində Avropa İttifaqının vacib tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarının Avropa İttifaqının bazarına daşınmasında əsas rol oynayır. Bu mötəbər qurum həm də neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici investorudur. Bütün bunların qarşılığında isə Azərbaycan dövləti xüsusi həssaslıq tələb edən məsələlərdə -- Dağlıq Qarabağ münaqişəsinin birmənalı şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmasında real addımları gözləyir. Bu addımlar artıq özünü büruzə verməkdədir. Avropa İttifaqının qəbul etdiyi bir sıra sənədlərdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir. Məsələn, 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində Azərbaycan Respublikası daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənir. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinin əhəmiyyətinin vurğulanması Azərbaycanın növbəti nailiyyəti, Ermənistan diplomatiyasının isə məğlubiyyəti olaraq işğalçı tərəfə növbəti zərbə olmuşdur.

Hazırda beynəlxalq aləmdə ölkəmizi gözləyən ən vacib məsələlərdən biri də Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasıdır. Artıq bu sənədin hazırlanması yekun mərhələyə çatıb. Həm Ermənistanı, həm ermənipərəst qüvvələri, həm də “sapı özümüzdən olan baltaları” – xəyanətkarları, bütövlükdə antiazərbaycan dairələri təşvişə salan, ciddi narahat edən də bax elə budur.

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq yeni saziş, ölkəmizlə bu təşkilat arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması, bu nüfuzlu quruma üzv dövlətlərlə strateji tərəfdaşlığı genişləndirməyimizi gözü götürməyən qüvvələri ciddi təşvişə salıb. Prezident İlham Əliyev də bugünlərdə Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla görüşü zamanı imzalanacaq sənəd barəsində söhbət aparmışlar. Yeni sazişdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunması da öz əksini tapıb.

Məlum olduğu kimi, Avropa İttifaqı hər ölkə ilə geniş şəkildə əməkdaşlığa razılıq vermir. Ancaq Azərbaycan özünün hərtərəfli inkişafı, iqtisadi qüdrəti, enerji resursları ilə təkcə Avropanın yox, eləcə də dünya birliyinin diqqət mərkəzindədir. Bu baxımdan, Avropa İttfaqı ilə əməkdaşlığın daha da inkişaf etdirlməsi, əlaqələrin möhkəmləndirilməsi, həmçinin yeni sazişin imzalanması Azərbaycan üçün nə qədər önəmlidirsə, Avropa İttifaqı üçün də ölkəmizlə yaxınlaşmaq bir o qədər vacibdir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2019.- 18 may.-S.9.