Tanınmış uşaq
yazıçısı
Reyhan Yusifqızı ilə
görüş
Firudin bəy
Köçərli adına Uşaq Kitabxanasında qələbəlik
idi. Bakı şəhəri Mikayıl Müşfiq adına
18 saylı orta məktəbin 2 ç sinfinin şagirdləri
həyəcan qarışıq sevinclə əsərlərini
oxuduqları sevimli uşaq yazarı, fantastik məzmunda əsərlər
müəllifi Reyhan Yusifqızı ilə
görüşdüklərinə görə çox
sevinirdilər. Əvvəlcə yazarın həyat və fəaliyyətini
əks etdirən videoçarx nümayiş etdirildi. Bildirildi
ki, Azərbaycan yazıçısı, uşaqlar
üçün elmi-kütləvi kitablar və fantastik povestlər
müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə
doktoru 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü olmaqla yanaşı, yüzdən çox povest və
hekayənin, nağıl və poemanın, elmi-kütləvi
kitablar seriyasının müəllifidir.
Daha sonra 18 saylı məktəbin direktoru Rəna Süleymanova uşaq ədəbiyyatının əhəmiyyəti və şagirdlərin dünyagörüşü, fikiryürütmə qabiliyyəti və nitqlərinin inkişafında bədii əsərlərin rolunu vurğuladı. O qeyd etdi ki, ədəbiyyat uşaq yaşlarından insanların ruhunu qidalandırır və zənginləşdirir: “Sevindirici haldır ki, bu gün uşaqlar üçün yazılan dəyərli əsərlər maraqla oxunur və şagirdlər tərəfindən sevilir. Uşaqlar üçün onların başa düşəcəyi dildə əsər yazmaq məsuliyyət tələb edir.
Bu baxımdan Reyhan xanım çağdaş dövrümüzdə uşaqların, xüsusilə də şagirdlərimizin sevə-sevə mütaliə etdiyi müəlliflərdəndir.” 18 saylı orta məktəbin ibtidai sinif müəllimi Mehriban Qarayeva şagirdlərinin Reyhan Yusifqızının əsərləri ilə tanış olduqlarını vurğuladı. Qeyd etdi ki, onun elmi-kütləvi, fantastik janrda qələmə aldığı əsərləri şagirdləri ilə birgə oxuyub, həm də təhlil ediblər. Onun “Aysu”, “Zamanın əsirləri”, “Yaşıl gözlü qız” əsərləri şagirdlərdə yüksək təəssürat oyadıb və qərara alıblar ki, elə son iki əsər əsasında səhnəcik hazırlayıb öz fikirlərini müəlliflə bölüşsünlər. Mehriban Qarayeva bildirdi ki, bu səpkili əsərlər şagirdlərə elmi biliklər verməklə yanaşı, həm də onların dünyagörüşünü formalaşdırır. “Uşaqlara onların ilk oxuduqları əsər haqqında inşa yazmalarını tapşırmışdım. İnşalarla tanış olanda şagirdlərin əksəriyyəti məhz Reyhan xanımın əsərlərinin adlarını çəkmişdi. Odur ki, qərara gəldik ki, elə balaca oxucuları müəlliflə görüşdürək.”
Daha sonra şagirdlər müəllifin əsərlərinin əsasında hazırladıqları çıxışları nümayiş etdirdilər.
Reyhan Yusifqızı uşaqlarla öz əsərləri barədə danışaraq onların fikirlərini öyrəndi. O, əsərlərinin balacalar tərəfindən belə maraqla qarşılanmasını görməkdən şad olduğunu vurğuladı. Bildirdi ki, bu yaxınlarda “Diribaş qızlar klubu” əsəri ilə oxucuların görüşünə gələcək və əsər nəşr ərəfəsindədir. “Bu görüşdən çox məmnun oldum. Hər kəsə təşəkkür edirəm. Uşaqların müzakirə etdiyi əsərləri mən 4-cü sinif şagirdləri üçün nəzərdə tutsam da, görürəm ki, 2-ci sinif şagirdləri də onu özlərinə məxsus səviyyədə anlayıb və qavrayıblar. Uşaqlar əsərlərimi anlayır və sevirsə buna çox sevinirəm.”
Daha sonra müəllif şagirdlər üçün öz kitabını imzaladı. 2 ç sinif şagirdi İnci müəllifə sinif adından çəkdiyi rəsm əsərini təqdim etdi. Belə bir görüşə şərait yaratdıqlarına görə, Firudin bəy Köçərli adına Uşaq Kitabxanasının rəhbəri Şəhla Qəmbərovaya minnətdarlıq ifadə edildi. Kitabxana rəhbərliyi balaca oxucuları öz nəşri olan “Göy qurşağı” jurnalı ilə sevindirdi və kitabxananın hər zaman balaca oxucuların üzünə açıq olduğu vurğulandı.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2019.- 18 may.- S.10.