Biz işğal edilmiş
torpaqlarımıza qayıdacağıq
Laçının
işğalından 27 il keçir
Üç il əvvəlki Aprel
döyüşlərindən sonra xalqımızda belə bir
inam yaranıb ki, biz işğal altında olan
yurd-yuvalarımıza mütləq və tezliklə
qayıdacağıq. Hansısa rayonumuzun düşmən
tapdağına keçdiyi tarixin ildönümlərində
isə bu inam daha qətiyyətlə dilə gətirilir.
Heç kəsin yadından çıxmayıb, 2016-cı
ilin aprelində Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi
əməliyyatı nəticəsində dövlət
bayrağımızı Lələtəpə yüksəkliyinə
sancdı. Bundan sonra Dövlət bayrağımız
işğaldan azad edilmiş, insanların təhlükəsiz
yaşaması mümkün olmuş Cocuq Mərcanlıda
dalğalandı. Azərbaycan Respublikasının Prezidentinin
müvafiq sərəncamları ilə Cocuq Mərcanlı
qısa müddətdə bərpa olundu və məcburi
köçkünlərin öz doğma torpaqlarına
“Qayıdış proqramı”nın icrasına
başlanıldı.
Prezident İlham Əliyev Aprel qələbəsində Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirərək deyib: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır... Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir... Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.
Hələlik isə düşmən tapdağında olan torpaqlarımız çoxdur və qayıtmağa, görməyə daha çox tələsdiyimiz rayonlardan biri də Laçındır. Bu gün Laçının işğalından 27 il keçir. Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. Ayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. İşğalı reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın rayona dəhlizi vastəsilə daxil olub.
Tariximizin ən qaranlıq günlərini yaşadığımız həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal edilən rayonlarımızdan biri də Laçın oldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.
Bildirilir ki, işğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.
Bundan başqa, dünya əhəmiyyətli 54, yerli əhəmiyyətli 200-dən çox tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda “Sotheby`s” auksionunda 80 min ABŞ dollarına satılıb.
Mütəxəssislər qeyd edirlər ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.
Ancaq dünya birliyi artıq bu məsələlərə biganə qalmaq istəmir. Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, qərarın 19 və 20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə rayon mərkəzinin və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.
Həmin qanlı hadisələrin – işğalın və vandalizmin tüğyan etdiyi günlərdə BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə ardıcıl olaraq 822 , 853, 874 və 884 (1993) saylı qətnamələri qəbul edib. Həmin qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqlənərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edilib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.
Çox təəssüf ki, bu gün Ermənistan rəhbərliyi öz xalqını aldatmağa və dünya ictimaiyyətini çaşdırmağa çalışır ki, guya İrəvan rəsmiləri regionda sülh və əmin-amanlığın bərpasında maraqlıdır. Tamamilə absurddur. Qonşu ölkənin dünya birliyi tərəfindən tanınan ərazilərinin 20 faizini işğal etmiş ölkə hansı üzlə sülhdən və əmin-amanlıqdan danışır? Əgər Ermənistan sülh tərəfdarıdırsa, onda nə üçün Azərbaycan torpaqlarını işğal altında saxlayır? Axı bu torpaqların kimə məxsus olduğunu bilməyən yoxdur.
Dünya ictimaiyyətinə gün kimi aydındır ki, Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında yaşamaqdan məhrum olub. Onların yaşadıqları yerlər -- evlər, məktəblər, xəstəxanalar, tarixi-mədəni abidələr, hətta məzarlıqlar dağıdılıb. Bunu edən isə ermənilərdir. Otuz ilə yaxındır ki, bir milyondan çox insan öz doğma torpaqlarına qayıdıb sülh şəraitində yaşamaq istəyir. Əgər Ermənistan tərəfi həqiqətən sülh istəyirsə, öz hərbi birləşmələrini özgə torpaqlarından çıxarsın ki, onlar da qayıdıb öz doğma yurdlarında yaşasınlar.
Amma ermənilər unutmasınlar ki, Azərbaycan xalqı öz torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Həmin barışmazlıq isə Ermənistanın növbəti Aprel döyüşləri ilə üz-üzə qalmasına səbəb ola bilər. Təbii ki, erməni xalqı bunu istəmir. Bəs Ermənistanın rəhbərliyi? Hələlik isə Laçının işğalından 27 il keçir...
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2019.- 18 may.- S.8.