Azərbaycan torpaqlarında
Ermənistan dövləti necə
yaradıldı
(Tarixi, nəticələri
və Azərbaycanın müasir baxışı)
əvvəli ötən saylarımızda
Ermənilər
vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan “millətlərin
öz müqəddəratını təyin etmək”
hüququ ilə manipulyasiya etməyə
çalışırlar. Lakin bildirmək
istəyirəm ki, ermənilər artıq bir millət kimi
öz müqəddəratını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti
vardır.
Biz imkan vermərik ki, öz ərazimizdə
ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə,
qədim Azərbaycan torpağında, İrəvan,
Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
III.Ermənistan dövlətinin
yaradılması
barədə erməni
tarixşünaslığı nə yazır?
Ermənistan dövlətinin yaradılması haqqında
erməni tarixşünaslığında vahid fikir yoxdur. İlk
konsepsiyanı daşnak liderləri yaradıb. Ermənistan Respublikasının ilk baş naziri
Kaçaznuni bunu 1923-cü ildə yazdığı və “məruzə”
adlandırdığı “Daşnaksütuna bir iş
qalmadı” kitabında ifadə edib. Onun
fikrincə, Ermənistan dövlətinin yaradılması
daşnakların işi idi. Bu kitaba ön
söz yazan kommunist S.Xanoyan isə Kaçaznuninin sözləri
ilə, bütövlükdə, daşnaklara qarşı
çıxıb, özlərini haqlı hesab edib.
İkinci konsepsiya kommunist ideologiyasına əsaslanan erməni
sovet tarixşünaslığına məxsusdur. Erməni sovet
tarixşünaslığı Ermənistan Respublikasının
yaradılmasını Osmanlı imperiyası ilə
bağlayırdı. Y.Sərkisyan “Osmanlı
imperiyasının I Dünya müharibəsi ərəfəsi
və illərində Zaqafqaziyada təcavüzkar siyasəti”
adlandırıdığı monoqrafiyasında (1962) Ənvər
paşaya istinadən belə bir iqtibas verir: “Türkiyə
nazirləri iki həftə fikirləşdilər ki, Ermənistan
yaratsınlar, ya yox və nəhayət, qərara aldılar
ki, yaratsınlar, ona görə ki, bu həm ermənilər
üçün, həm də türklər üçün
əlverişli idi.”
Üçüncü konsepsiya isə müasir dövrdə
yaradılıb. Bu baxış o zaman dövlətin yaradılmasında
“erməni xalqı və onun mübarizəsi”nə, xüsusilə
1918-ci il mayın 21--28 arasında olan Sərdarabad,
Başaparan və Qarakilsə döyüşlərinə
xüsusi yer ayırır. Bunu Ermənistanın
indiki baş naziri N.Paşinyanın Ermənistan
Respublikasının 100 illiyi münasibətilə Sərdarabadda
keçirilən paraddakı çıxışından da
aydın görmək olur. O, deyib ki, erməni xalqı
qalib gəldi, ona görə ki, öz tarixinin 400 ilində ilk
dəfə olaraq özünə ümid etdi, ona görə
ki, milli dövlətin təhlükəsizliyin yeganə
qarantı olduğunu başa düşdü.
Burada erməni baş nazir, eyni zamanda, azadlıq hərəkatı
haqqında erməni mifini də rədd edir və istər-istəməz
təsdiq edir ki, ermənilər öz tarixinin 400 ilində
yalnız başqalarına ümid ediblər. Bu fikirlər
nə qədər müxtəlif və ziddiyyətli olsa da, həqiqəti
müəyyən etmək çətin deyil.
Ermənistanın müstəqilliyi və
daşnakların
hakimiyyəti ələ alması (1918-ci il 26-28 may)
Batum konfransının birinci raundunun gedişində
Gürcüstan və Almaniya arasında yaxınlaşma sonda
gürcülərin dövlət müstəqilliyini elan etməyə
qərar verməsi ilə nəticələndi. Bu xüsusi
prosedurla həyata keçirildi. 1918-ci il
26 may iclasında Seym iki səs əleyhinə olmaqla,
çoxluqla Zaqafqaziyanın parçalanmasını təsdiq
etdi və öz səlahiyyətlərinə xitam verdi. Seymin sədri Çxenkelinin onun buraxılması
haqqında digər dövlətlərə məlumatında
Zaqafqaziya Seymi tərəfindən gündüz saat 3-də
Zaqafqaziya Federativ Respublikasının hissələrə
bölündüyünü və daha mövcud
olmadığını elan etdi. 2 saat
sonra, saat 5-də gürcülər dövlət müstəqilliyini
elan etdilər.
Erməni Milli Şurası da həmin gün axşam
iclasa toplandı. Gürcülər əleyhinə
çıxışlar ilə birlikdə, yeni şəraitə
uyğun hərəkət etmək qərara alındı.
Daşnaksütyun partiyası daha çox canfəşanlıq
etməyə başladı və mayın
27-də Tiflis təşkilatının iclasında Erməni
Milli Şurasının hökumət funksiyası və
diktator hüququnu üzərinə götürməsi
haqqında qətnamə qəbul etdi.
Azərbaycan Milli Şurasının həmin gün
müstəqilliyini elan etməsini qərara alması ermənilər
üçün həlledici rol oynadı. Kaçaznuni bunu
özünməxsus tərzdə belə izah edir: Növbə
Ermənistanın idi. Biz müstəqilliyimizi
elan etməli idikmi, öz dövlətimizi yaratmaq və onu
saxlamaq imkanımız var idimi? Bu suallar
gülüş doğuracaq qədər gülünc idi.
1918-ci ilin mayında başqa seçimin yeri və
vaxtı deyildi. Tarix bizi müəyyən vəziyyətə
gətirmişdi və s. Daha sonra o qeyd edir ki, 28 mayda gecədən
keçmiş mərkəzi milli şura Ermənistanı
müstəqil respublika, özünü respublikanın ali
hakimiyyəti elan etməyi qərara aldı.
Kaçaznuninin bütün fikirlərinin üzərində
ətraflı şəkildə dayanmadan iki məsələni
xüsusi qeyd etmək lazımdır. Əvvəla, müstəqil
Ermənistan elan edilməsinin ən mühüm məqsədlərindən
biri Azərbaycanın öz tarixi torpaqlarına sahib
olmasının qarşısının bu yol ilə
alınması olub. Kaçaznuni yazırdı: Biz Ermənistanın
sahibi olmalı idik, başqa cür onu geridönməz şəkildə
itirə bilərdik. İkincisi, Ermənistanın
müstəqilliyini elan edən mərkəzi milli şura milli
məclisdən belə bir səlahiyyət
almamışdı. Kaçaznuni
yazırdı ki, sonralar heç kimin ağlına gəlmirdi
ki, onu hakimiyyətini artırmaqda günahlandırsın.
O, burada tamam yanlışlığa yol verib.
Ola bilsin ki, nə onda,
nə də indi bu qanunsuzluq ermənilərin ağlına gəlməsin,
lakin tarix bunu unutmur. Azərbaycan Prezidenti İlham
Əliyev haqlı olaraq demişdir: “Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə
Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim
tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır.
Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz
olaraq dövlət qurub”.
Elə həmin gün türklər tərəfindən
verilən ultimatumun qəbul edilməsi və Batuma geniş səlahiyyətlər
ilə yeni nümayəndə heyəti (A.Xatisyan,
O.Kaçaznuni və M.Papacanyan) göndərilməsi də qərara
alındı.
Müstəqil Ermənistan haqqında siyasi qərar
onun “ərazi təminatını” da tələb edirdi. Əsl məsələ də bundan ibarət idi.
Ermənilər Cənubi Qafqazda heç bir əraziyə
malik deyildi. Ona görə də əsas
obyekt Azərbaycan torpaqları oldu. Bu
torpaqların ələ keçirilməsi üçün təcavüzkar
mahiyyəti olan hərbi-siyasi vasitələrə əl
atıldı.
İlk hədəf yeni yaradılmış Azərbaycan
Xalq Cümhuriyyəti oldu. İrəvanın tədricən
ermənilər tərəfindən işğalı və
AXC-dən fərqli olaraq böyük hərbi qüvvəsi
olması ona təzyiqi gücləndirdi. Sonralar
bu təzyiq Ermənistan–Azərbaycan müharibəsinə
çevrildi. Osmanlı dövlətinə
yanaşma isə fərqli oldu. Batum
danışıqlarının yeni formatda davam etdirilməsi qərara
alındı. Ərazi iddiaları
Gürcüstan ilə də müharibəyə səbəb
oldu.
Azərbaycan Milli Şurası
iclasının 3
nömrəli protokolu (1918-ci il 29 may)
İclasın açılması ilə şura
üzvü Fətəli xan Xoyski Azərbaycan Milli
Şurası və Erməni Milli Şurası nümayəndələrinin
Azərbaycan və Ermənistan federasiyası ərazilərinin
sərhədi xüsusunda məruzə etdi. O,
çıxışını belə bir məlumat ilə
bitirdi ki, Ermənistan federasiyasının yaradılması
üçün onlara siyasi mərkəz lazımdır,
Gümrü (Aleksandropol) türklərə keçdiyi
üçün belə mərkəz İrəvan ola bilər, bunun üçün İrəvanın
ermənilərə güzəşt edilməsi,
labüddür. Bu məsələ üzrə
X.Xasməmmədov, M.Cəfərov, A. Şeyxülislamov, M.Məhərrəmov
öz fikirlərini bildirərək, İrəvanın ermənilərə
güzəşt edilməsini tarixi zərurət, labüd bəla
adlandırdılar. Bu məsələ üzrə səsvermə
aşağıdakı nəticəni verdi:
İrəvanın güzəşt edilməsinə
28
ümumi saydan – 16 lehinə, 1 əleyhinə ,
3 bitərəf olmaqla səs verildi.
Burada Gümrü məsələsi üzərində
xüsusi dayanmağa ehtiyac var. Gümrü də Azərbaycanın
tarixi coğrafiyasına aiddir. 1837-ci ildə çar
I Nikolayın Qafqaza səfəri zamanı belə
adlandırılıb. Bu şəhər də
çar Rusiyası zamanı erməniləşdirməyə
məruz qalıb, imperiyanın süqutundan sonra ermənilər
tərəfindən işğal edilib. Ona
görə də Batum konfransındakı Azərbaycan
nümayəndələri İrəvan və digər Azərbaycan
torpaqlarını qorumaq məqsədi ilə Gümrü ətrafında
ermənilərin cəmlənməsini mümkün hesab
edirdi. Bununla da Ermənistan Osmanlı
dövlətinə daha yaxın olurdu.
Gümrüdə ermənilərin fəallaşması
onu ciddi təhlükə mənbəyinə çevirirdi. Bunu nəzərə alan Osmanlı imperiyası 1918-ci il mayın 14-dən
15-nə keçən gecə ultimatum verdi ki, ermənilər
Gümrüdən geri çəkilsin. 15 may axşam saat 6-da
ermənilər geri çəkildi. Ermənilər
Gümrüyə bir də 1918-ci ilin dekabrında qayıda
bildilər.
F.Xoyski İrəvan məsələsinə
elə həmin gün xarici işlər naziri M.Hacınskiyə
direktivində bir daha qayıdaraq yazdı ki, biz ermənilər
ilə bütün mübahisələri bitirdik, onlar ultimatumu
qəbul edəcək və müharibəni qurtaracaqlar.
Biz İrəvanı onlara güzəşt etdik.
Bu sənəd məsələnin mahiyyətinə daha bir aydınlıq gətirir. Deməli, bu protokolda, sadəcə, güzəştdən bəhs olunmur, burada erməni işğalından, onun qarşısını almaq üçün seçilən “labüd bəla”dan bəhs olunur. Bu sənəd mahiyyət etibarı ilə həmin zaman mövcud olan tarixi reallığı sənədləşdirərək, Ermənistana ittiham aktı kimi çıxış edir. Bu, Ermənistanın Azərbaycan torpaqlarında dövlət yaratmasına dair dosyenin ən vacib sənədlərindən də biridir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, İrəvanın ermənilərə güzəşt edilməsi o zaman ondan əl çəkilməsi anlamına gəlmirdi.
Kərim
ŞÜKÜROV,
tarix üzrə
elmlər doktoru,
professor Dövlət mükafatı laureatı
Xalq qəzeti.- 2019.- 19 may.- S.4.