“Ədəbiyyatımızda və mədəniyyətimizdə

Cəfər Cabbarlı missiyası” 

 

XX əsrin ilk onilliyi Azərbaycan ədəbiyyatına yeni ədəbi təmayül və yaradıcılıq metodları, janrüslub müxtəlifliyi gətirmiş sənətkarların dərin məzmunlu əsərlərilə zəngindir. Bu pleyadada çoxşaxəli bədii fəaliyyəti ilə bənzərsiz irs qoymuş şair, dramaturq, hekayəçi, mühərrir, kinossenarist, rejissor, aktyor, eyni zamanda ictimai xadim Cəfər Cabbarlının xüsusi yeri vardır.

 

Bu il anadan olmasının 120-ci ildönümü qeyd olunan  ədibin, otuz beş illik ömür  yolunda yaratdığı dəyərli əsərlər vətənpərvər duyğuların oyanışına, dilimizin saflığına, azadlıq və istiqlal məfkurəsinin, o cümlədən, azərbaycançılıq ideyasının intişarına misilsiz xidmətlər göstərmişdir.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədbiyyatı Muzeyində Cəfər Cabbarlının anadan olmasının 120 illk yubileyi “Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı missiyası” adlı elmi sessiya ilə qeyd olundu. Muzeyin direktoru akademik Rafael Hüseynov tədbiri “Müasirimiz Cəfər Cabbarlı”  adlı məruzə ilə açaraq qeyd etdi ki, yaradıcılığı milli oyanış ideyalarının carçısına çevrilmiş Cəfər Cabbarlı, Azərbaycan Xalq Cümhuriyyətini alqışlayan milli ruhlu ziyalı, dramaturgiyamızın 1920-1932-ci illər mərhələsinin təməlini qoyaraq klassik nümunələrini yaratmış ilk yazarlardandır. Cəfər Cabbarlı baharda dünyaya gəlmişdi. O yaşadığı qısa ömür yolunda  Azərbaycanın istiqlalına xidmət etmiş, öz işi, əməli, yaradıcılığı ilə azərbaycançılıq ideyasını təbliğ etmişdir.

Akademik vurğuladı ki, Azərbaycanın istiqlal tərənnümü yolunda xidmətlər göstərmiş insanların adları ilə yanaşı, istiqlal şairi, ədibi epitetini işlədirik. Fikrimcə, Cəfər Cabbarlı ən böyük istiqlal şairimiz, yazıçımızdır. İstiqlal məfkurəsi Cabbarlı yaradıcılığında qaynar xətt kimi keçir, onun bir insan olaraq fəaliyyətinin məğzini təşkil edir. Cabbarlı gözəl tədqiqatçı, şair, nasir, tərcüməçi, ədəbiyyat tənqidçisi idi. O bu işləri sevərək gördüyündən bütün sahələrdə yüksək keyfiyyətli nümunələr yaradırdı.

Muzeyin direktoru bildirdi ki, C.Cabbarlı 1934-cü ildə 35 yaşında dünyasını dəyişməsəydi, 1937-ci ildə mütləq repressiya qurbanı kimi güllələnəcəkdi. Çünki böyük dramaturq Azərbaycanın müstəqilliyi, inkişafı, tərəqqisi uğrunda mübarizə aparan insanların önündə gedirdi. O 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalı ilə heç cür barışa bilmir, əsərlərində məcazlarla, rəmzlərlə müstəqilliyimizin bərpası uğrunda mübarizəyə səsləyirdi. 

Tədbirdə həmçinin ömrünün 35 ilini Cəfər Cabbarlı irsinin tədqiqinə həsr etmiş filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı”, muzeyin “Ədəbi mərasimlər və nəşrlər” şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Afət Qədirovanın “Onun sənət məbədi”, “Ekspozisiyanın qorunması, izahı, audio-video müşayiətin təmini” şöbəsinin kiçik elmi işçisi, muzeyin qadınlar təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın “Cəfər Cabbarlının qiymətli dəfinəsini hifz edən Nizami Muzeyi”, “Mədəni irs və mənbəşünaslıq” şöbəsinin baş fond mühafizi Ülviyyə Həsənovanın “Cəfər Cabbarlı məktublarında olduğu kimi” adlı məruzələri dinlənildi.

Sonda Cəfər Cabbarlının ev muzeyin direktorueyni zamanda da C.Cabbarlının nəvəsi Qəmər Bağırova babasının yaradıcılığına verilən böyük qiymətə görə, 120 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayan dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirdi, tədbirin yüksək səviyyədə təşkilinə görə muzeyin rəhbərliyinə minnətdarlıq etdi.

Tədbir iştirakçıları Cabbarlının həyat və yaradıcılığını təsvir edən maraqlı sərgi ilə də tanış oldular.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2019.- 22 may.- S.8.