İlyas Əfəndiyevin xatirəsi yad edilib
Xalq yazıçısı, Dövlət
Mükafatı laureatı İlyas Əfəndiyevin
anadan olmasının 105 illiyinə həsr
edilən elektron məlumat bazasının
təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Kitabxananın direktoru, professor Kərim Tahirov görkəmli yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.
Sonra yazıçının həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub, Milli Kitabxana tərəfindən hazırlanan “İlyas Əfəndiyev – 105” adlı elektron məlumat bazası təqdim edilib.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, hər bir yazıçının xalqın yaddaşında yaşamasının əsas səbəbi onun yaradıcılığının özünəməxsusluğudur. Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinin əziz tutulması, zəngin irsinin rəqəmsal şəkildə təbliği böyük əhəmiyyət kəsb edir.
Nazir 1980-ci ildə ulu öndər Heydər Əliyevin İlyas Əfəndiyevə Dövlət mükafatını təqdim edərkən onun yaradıcılığı haqqında söylədiyi fikirlərdən sitat gətirib: “İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl, bədii dilinə, həm məzmununa, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir göstərir. Onun kitablarında körpüsalanların çətin işi, neftçilərin qəhrəmanlığı, müasir kəndli həyatı həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks etdirilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar böyük ədibin yaradıcılığının məziyyətlərindən danışaraq bildirdi ki, İlyas Əfəndiyevin nəsr əsərlərini ədəbiyyatımızın şah əsərlərindən hesab edirəm. Onun istər sovetlər dövründə, istərsə də müasir dövrdə yazdığı pyesləri ədəbiyyatımızın qızıl fondunda qalacaq”.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev, Məryəm Əlizadə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Şirindil Alışanlı, aktrisa, Xalq artisti Firəngiz Mütəllimova çıxış edərək bildirdilər ki, böyük dramaturq əsərlərində dövrün mənəvi-əxlaqi və psixoloji problemlərini ustalıqla əks etdirib.
Sonda çıxış edən Xalq yazıçısı Elçin atasının xatirəsinə göstərilən ehtirama görə hər kəsə təşəkkür etdi. Bildirdi ki, vəfatından xeyli keçməsinə baxmayaraq, İlyas Əfəndiyev hər gün öz oxucusunun və tamaşaçısının yaddaşındadır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 25
may.- S.5.