Vaqif Səmədoğlunun xatirəsi
yad edilib
Azərbaycan
Dövlət Akademik Milli
Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun
xatirəsinə həsr olunmuş mərasim
keçirilib. Tədbirdə mədəniyyət
naziri Əbülfəs Qarayev,
ədəbiyyat, incəsənət xadimləri iştirak ediblər. Əvvəlcə
teatrın foyesində şairin
kitabları, haqqında dövrü mətbuatda
yazılan məqalələrdən ibarət sərgiyə
baxış olub.
Mədəniyyət naziri Əbülfəs Qarayev öz çıxışında bildirib ki, Vaqif Səmədoğlu çox zəngin təfəkkürə malik insan idi: “Bu gün böyük bir ədəbiyyat nəslinin nümayəndəsi Vaqif Səmədoğlunun 80 illik yubileyi çərçivəsində Akademik Milli Dram Teatrında onun “Generalın son əmri” tamaşası bərpa olunaraq yenidən təqdim edilir. Hesab edirəm ki, bu, gözəl ənənədir. Onun hər bir əsəri böyük əks-sədaya səbəb olurdu. Çünki o, tamamilə yeni bir düşüncənin sahibi idi. 60-cı illərin azadlıq duyğuları ilə yazıb-yaratmış şəxsiyyətlərdən biri idi. Ona görə də onun hər bir əsəri yeniliklə fərqlənirdi. Vaqif Səmədoğlunun hər bir əsərinin Azərbaycan kino, teatr, ədəbiyyat tarixində özünəməxsus yeri var”.
Nazir onu da diqqətə çatdırıb ki, iyunun 7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında şairin yubileyi qeyd olunacaq.
Sonra Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanmış eyniadlı ikihissəli tragikomik tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə 2014-cü ildə yenidən bərpa olunaraq auditoriyanın ixtiyarına verilən tamaşada rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova və başqaları ifa edirlər.
Təqaüddə olan və hələ müharibə dövründəki gəncliyindən unudulmaz sevgisinin xəyalı ilə yaşayan həyatsevər generalın və babalarının ölümünü səbirsizliklə gözləyən miskin nəvələrinin hekayətini canlandıran tamaşa imperiya, repressiya, müharibə və bu faciələr fonunda aşınmış, ümidsizliyə yuvarlanmış insan xarakterlərinin unikal, tragikomik boyalarla təsviridir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 31
may.- S.10.