Azərbaycan dünya futbol
tarixinə öz
adını həkk etdi
Beləliklə,
UEFA Avropa Liqasının Bakı finalı başa
çatdı. Dünyanın 204 kanalı vasitəsilə
canlı yayımlanan həlledici matçda güclü qalib gəldi.
Hansısa bir futbolçunun Azərbaycana səfər edib-etməməsi
ətrafında qaldırılmış boş və mənasız
səs-küyə baxmayaraq, Bakı finalı təşkilat və
təbliğat məsələsində yüksək səviyyə
nümayiş etdirməklə hamını müsbət mənada
təəccübləndirdi. Beynəlxalq ictimaiyyət bir daha
şahidi oldu ki, sürətlə inkişaf edən Azərbaycan
müasir, demokratik ölkədir və sivil xalqlarla əməkdaşlığa
hər zaman açıqdır, müxtəlif mədəniyyətlərə
və dinlərə məxsus insanların mehriban və dinc
birgəyaşayışına şərait yaradan istənilən
addımları dəstəkləyən qabaqcıl dövlətdir.
Tanınmış şotland məşqçi Bill Şanklinin futbol haqqında belə bir məşhur kəlamı var: “Bəziləri hesab edirlər ki, futbol həyat-ölüm məsələsidir. Onlar yanılırlar: futbol daha vacibdir”. Həqiqətən də, futbol tam başqa dünyadır və bu idman növünə belə yüksək dəyər verilməsi təsadüfi deyil.
Sual oluna bilər: dünyada yaşayan insanları nə birləşdirir? Uğur, şöhrət, yüksək mövqe? Əlbəttə, bütün bunlar cəlbedici görünə bilər, lakin etiraf etməliyik ki, onlar heç də insanları birləşdirmir. Bizi real birləşdirən həqiqi sevgidir. İlk baxışdan sadə, görünən, amma taktiki və strateji məsələlərdə real müharibədən heç də geri qalmayan futbola olan sevgi milyonlarla insanı tribunalarda, televizorlar qarşısında birləşməyə, həyəcanlamağa, sevinməyə, kədərlənməyə vadar edir. Məhz bu hisslərə görə biz futbolu sevirik. Futbola vurulanlar bu idman növünün həqiqi gücünü dərk edir, min kilometrlərlə uzaqda yerləşməsinə baxmayaraq komandasını dəstəkləyir. Mayın 29-da Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu da dünyanın futbola olan heyranlığını bir daha nümayiş etdirdi. Futbolun fərqli ölkə vətəndaşlarının bir araya gələrək sevimli komandalarına dəstək verdiklərini göstərdi.
Diqqət yetirin: həlledici matçı dünyanın 204 kanalı canlı yayımladı. Qarşılaşma hətta Ermənistanın “Shant TV” kanalında da göstərildi. Hesablamalara görə, həmin gecə Böyük Britaniya klublarının qarşılaşmasını televizor qarşısında izləyənlərin sayı təqribən 1 milyard nəfərə çatmışdı. Razılaşın ki, bu qədər insanın eyni saatda eyni matçı izləməsi futbola olan yüksək sevgi və marağın nəticəsidir.
Məlumdur ki, belə bir tamaşaçı sayı final qarşılaşmasının keçirildiyi ölkəni potensial turizm obyektinə çevirir. Məhz buna görədir ki, dünya dövlətlərinin bir çoxu milyonlarla insanın izlədiyi vacib qarşılaşmalara evsahibliyi etmək üçün ciddi mübarizə aparır. Bu gün heç kimə sirr deyil ki, turizm istənilən ölkənin iqtisadiyyatına müsbət təsir göstərən sahədir və buna görə də, beynəlxalq səviyyədə hər bir turistin diqqəti uğrunda ciddi mübarizə gedir. Kütləvi idman növü kimi futbola marağın həddən artıq böyük olması da ölkələri beynəlxalq səviyyəli turnirlərə evsahibliyi etməyə vadar edir. Axı hamı qısa zaman kəsiyində və böyük vəsait xərcləmədən milyonlarla insana arzuladığı mesajları ünvanlaya biləcək vasitəni əldə etməyi arzulayır. Futbol da məhz belə mühüm mesaj vasitəsidir və bu fürsətdən maksimum yararlanan Azərbaycan UEFA Avropa Liqasının final matçına evsahibliyi etməklə dünyaya bir çox mühüm mesajlar ünvanladı. Rəsmi Bakı bildirdi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin layiqli üzvüdür və müasir insanın rahat və təhlükəsiz səfər edə biləcəyi ölkədir. Bundan başqa, Azərbaycan belə möhtəşəm final matçını bütün qaydalara uyğun səviyyədə təşkil etməklə dünyaya göstərdi ki, böyük miqyaslı tədbirləri keçirməyə qadirdir və bu məsələdə zəngin təcrübəsi olan qabaqcıl ölkələrlə yanaşı dayanır.
Bakı finalının yüksək səviyyədə keçirilməsi məşhur insanların da diqqət mərkəzində oldu. Məsələn, Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin bildirdi ki, Azərbaycanda yad deyillər: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə yaxşı əlaqələrimiz var, deyərdim ki, əladır. Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkədə futbolun inkişafında böyük addımdır”.
Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti
Aleksandr Çeferini də Bakıda Avropa Liqasınını
finalının təşkilini ideal
adlandırmışdı. Qeyd etmək yerinə düşər
ki, cənab Çeferini mətbuat konfransında Azərbaycana
qarşı kampaniya aparanlara tutarlı cavab da vermişdi. Jurnalistin “Ermənistan mətbuatı
yazır ki, Mxitaryan diplomatik hücum etdi, sonra estafet erməni
deputatlara keçdi. Siz bu barədə dəqiq nə deyə
bilərsiniz?” sualına UEFA prezidenti cavab vermişdi ki, erməni
mətbuatının yazdığı onu maraqlandırmır:
“ Bu məsələni şərh etmək istəmirəm. Erməni
mətbuatının yazdığı məni
maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları
verdi. Bura gəlməmək Mxitaryanın şəxsi qərarı
idi. Heç bir problem görünmürdü”.
Xatırladaq
ki, “Arsenal” klubunun oyunçusu, erməni Henrix Mxitaryana dövlət
səviyyəsində tam təhlükəsizlik zəmanəti
verilsə də, o, Azərbaycana gəlməkdən imtina
etmişdi. Onun bu mənasız addımını dəstəkləyən
bəzi xarici KİV məsələ ətrafında
hay-küy qaldırmağa can atmış və məsələyə
siyasi çalar verməyə
çalışmışdı. Lakin Azərbaycana
qarşı aparılan informasiya müharibəsi hədəfinə
çatmadı, ölkəmizə səfərə gələn
xarici azarkeşlər Bakıda əsl tolerantlıq mədəniyyətinin
hökm sürdüyünü və təhlükəsizlik səviyyəsinin
yüksək olduğunu müşahidə etdilər.
Bakı
Olimpiya Stadionunda “Çelsi” və “Arsenal” komandaları arasında
keçirilən final matçını canlı izləyən
Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol
Krofts da qarşılaşmaya hazırlıqdan razı
qaldığını bildirmişdir: “Final oyununun əla təşkil
olunmasına görə Bakıya əhsən! Stadion dünya
standartlarına cavab verir”. Avstraliya millisinin və İngiltərənin
“Çelsi” klubunun futbolçusu olmuş Mark Şvartser isə
“oxu.az” saytına müsahibəsində Britaniya mətbuatının
final öncəsi Azərbaycanın, Bakının təhlükəli
olmasına dair yaydıqları yazılara belə münasibət
bildirmişdir: “Mən burada heç bir təhlükəni
indiyədək görməmişəm. Heç bu barədə
eşitməmişəm də. Hamı deyir ki, bura gözəl
yerdir. Azərbaycan xalqı da möhtəşəmdir. Dediyim
kimi, heç vaxt Azərbaycan barədə neqativ şeylər
eşitməmişəm. Yalnız pozitiv informasiyalar
eşitmişəm”. Məşhur futbolçu, “Çelsi”nin
keçmiş oyunçusu Florent Malouda da yerli mətbuata
açıqlamasında şəhərimiz barəsində dəyərli
fikirlər səsləndirmişdir: “Bakı çox gözəl
şəhərdir. İnsanları çox mehriban və
dostcanlıdır. İlk dəfə bu şəhərə gəlmişəm,
çox bəyəndim və təşkilati işlər də
gördüyümə görə əla səviyyədə
yerinə yetirilmişdir”.
Bir
sözlə, “bulanıq suda balıq tutmağa”
çalışan Ermənistan və bəzi xarici KİV
Bakı finalının möhtəşəmliyinə kölgə
sala bilmədilər və mühüm futbol
qarşılaşması yüksək atmosfer şəraitində
keçdi. Azərbaycan belə mötəbər futbol tədbirinə
evsahibliyi etməklə və qarşılaşmaya
hazırlığı yüksək səviyyədə həyata
keçirməklə həm milyonlarla insanın sevincinə
sevinc qatdı, həm də futbol yox, siyasət oynamaq istəyənləri
oyundankənar vəziyyətdə qoydu.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti.- 2019.- 31 may.- S.1-2.