Görkəmli bəstəkar
“Xalq qəzeti”nin qonağıdır
Onun
redaksiyamıza hər gəlişi əməkdaşlarımız
üçün hadisəyə çevrilir. Çünki hər
gəlişində bir uğuru barədə söz
açır, musiqi ictimaiyyətimizin müxtəlif nümayəndələrinin
söz-söhbətini, zarafatlarını yada salır və
ya xarici səfərləri zamanı Azərbaycan haqqında
eşitdiyi təqdiredici fikirlərdən sitat gətirir.
Söhbət
Xalq artisti, professor Tofiq Bakıxanovdan gedir. Tofiq müəllimin
redaksiyamıza budəfəki gəlişi zamanı da deməyə
sözü var idi. Əvvəla, Naxçıvan Muxtar
Respublikasında görkəmli mütəfəkkir-şair
Hüseyn Cavidin ailəsində böyüyən, qısa
ömür yaşamasına baxmayaraq, bənzərsiz əsərləri
ilə zəngin irs yaradan, bəstəkar, musiqişünas, rəssam,
tərcüməçi və dramaturq Ərtoğrol Cavidin
anadan olmasının 100 illiyi keçirilmiş və yubiley tədbirinin
ən hörmətli qonaqlarından biri məhz Tofiq
Bakıxanov olmuşdur. Bu da təsadüfi deyildi.
Çünki hələ xeyli əvvəl Tofiq müəllim
bu yubileylə bağlı Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinə məktubla müraciət
edərək bir kitab ərsəyə gətirmək istədiyini
bildirmişdi. Məlum olmuşdu ki, bəstəkarın təşəbbüsü
Muxtar Respublika Mədəniyyət Nazirliyinin Tədbirlər
Planı ilə üst-üstə düşürmüş.
Yeri gəlmişkən,
Tofiq müəllim yada saldı ki, Muxtar Respublika Ali Məclisinin
sədri Vasif Talıbovun müvafiq sərəncamı əsasında
təşkil edilən yubiley tədbirləri böyük
uğurlarla yadda qalmışdır.
Tədbirlər
planına uyğun olaraq , Muxtar Respublika Ali Məclisi sədrinin
Ərtoğrol irsinə böyük qayğısının
ifadəsi kimi Azərbaycan Respublikasının Xalq artisti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət
xadimi, bəstəkar Tofiq Bakıxanovun Ərtoğrol Cavidin bəstəkarlıq
fəaliyyətinə həsr olunmuş “Natamam ömrün 100
illik təntənəsi” kitabının nəşri həyata
keçirilib, kitab yüksək tirajla çap edilib. Kitabda
Ərtoğrolun indiyədək işıq üzü görməmiş
bəstələri, şeirləri, tərcümələri,
məktubları, rəsm əsərləri və ailə
fotoları yer alıb. Akademik, Milli Məclisin deputatı Rafael
Hüseynovun yaxından köməyi və elmi məsləhətləri
əsasında ərsəyə gəlmiş bu toplu Tofiq
Bakıxanovun Cavidşünaslığa əsaslı töhfəsidir.
Kitabdakı əsas məqalələrdən birinin müəllifi
“Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist
İttifaq Mirzəbəylidir.
Yeri gəlmişkən,
Tofiq Bakıxanovun bu günlərdə Naxçıvanda
işıq üzü görmüş ”Yüz təbəssüm”
adlı kitabı da musiqişünas, rəssam və tədqiqatçı
Ərtoğrol Cavidin 100 illiyinə həsr edilib. Musiqi
dünyamızın görkəmli simalarının deyim və
zarafatlarının toplandığı bu kitabın ön
sözünün müəllifi də İttifaq müəllimdir.
Naxçıvanda
keçirilən yubiley tədbirindən iki gün sonra isə
Bakıda – Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasında Bəstəkarlar İttifaqının
85 illiyinə həsr olunmuş musiqi festivalının
açılışı olub. Mərasimdə Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə
çıxış edərək əsası dahi bəstəkar
Üzeyir Hacıbəyli tərəfindən qoyulan qurumun fəaliyyəti
barədə məlumat verib. Bildirib ki, Azərbaycan Bəstəkarlar
İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin
inkişafında çox əhəmiyyətli rol oynayır.
Bu təşkilatın başında həmişə
böyük sənətkarlar, şəxsiyyətlər olub.
Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini söyləyən Firəngiz
Əlizadə deyib ki, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən beynəlxalq miqyaslı layihələrdə
Azərbaycan Bəstəkarlar İttifaqı da yaxından
iştirak edir.
Gecədə
Tofiq Bakıxanovun İhsan Doğramacının xatirəsinə
həsr etdiyi 6 saylı “Türk Simfoniyası”, Azər
Dadaşovun 13 saylı Simfoniyası – “Ad Victoriam”, Cahangir
Zülfüqarovun “Ümid adası” qravüraları, Cəlal
Abbasovun simli orkestr üçün “İn memoriam”u və digər
əsərlər səslənib.
Tədbirin
daha maraqlı məqamı isə Tofiq Bakıxanovun Azərbaycan
Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir
Hacıbəyli” medalına layiq görülməsi olub. Firəngiz
Əlizadə qeyd edib ki, Tofiq müəllimin bu medala layiq
görülməsi təsadüfi deyil. Çünki Tofiq
Bakıxanov bilavasitə Üzeyir Hacıbəylinin
qarşısında imtahan vermiş, dahi bəstəkardan
xeyir-dua almışdır.
Tofiq
müəllim redaksiyamızda olarkən Üzeyir Hacıbəyli
ilə bağlı xatirələrini də əsirgəmədi:
-- Üzeyir bəyi yaxşı xatırlayıram. O bizim
qonşuluqda yaşayırdı. Elə mən, qardaşım
və bacımın musiqiçi olmağımız da onun istəyi
ilə baş tutub. Üzeyir bəyin təşəbbüsü
ilə atam bizi musiqi məktəbinə qoydu. Bacımı
fortepiano, qardaşımı simli alətlər, məni isə
skripka sinfinə. Daha sonra isə Üzeyir bəyin təşəbbüsü
ilə indiki Bülbül adına məktəbdə oxuduq. Mən
Üzeyir bəyin təklifi ilə skripka sinfini bitirdim. Atama
dedi ki, milli alətlərimizin ifaçıları var, amma
Avropa musiqisini ifa etmək üçün bizə instrumental
musiqiçilər lazımdır. Mən və qardaşım
Avropa alətlərini öyrəndik. İndiki Bülbül
adına Musiqi Məktəbi o vaxt konservatoriyanın nəzdində
onillik musiqi məktəbi idi. Üzeyir bəy bütün
konsertlərimizə gəlib baxırdı. Öz fikirlərini
deyirdi. İlk dəfə skripkada onun əsərlərini ifa
etmişəm. İfa etdiyim əsərlər arasında “Leyli
və Məcnun” operasındakı “Axşam oldu” musiqi nömrəsi
də var . Üzeyir bəy özü gözəl skripka
çalırdı.
... 1948-ci
ildə onillik musiqi məktəbini bitirən kimi imtahansız
konservatoriyaya qəbul olundum, əvvəlcə skripka
ifaçılığına. Rektor da Üzeyir bəy idi. Bu
ixtisası oxuyub başa vurandan sonra bəstəkarlığa
qəbul oldum. Üzeyir Hacıbəylidən sonra rektor Qara
Qarayev idi. Mən yeganə tələbə idim ki, Üzeyir bəy
Hacıbəyli adına təqaüdə layiq
görülmüşdüm. Həmin mükafat müəllimin
aldığı maaşın yarısı qədər idi --
400 rubl. Üzeyir bəyin “Fantaziya” əsəri əsasında
tədqiqat aparmışam. Böyük müəllimimə həsr
etdiyim səkkiz saylı “Azərbaycan” simfoniyası tar ilə
simfonik orkestr üçündür. Həmin əsər də
filarmoniyada mənim 75 illik yubileyim keçiriləndə də
səsləndirilmişdi.
... Fəxr
edirəm ki, həm Azərbaycan Milli Elmlər Akademiyası məni
“Üzeyir Hacıbəyli Mükafatı”na layiq görüb, həm
də Bəstəkarlar İttifaqı bu medalla təltif etdi.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2019.- 2 noyabr.-S.6.