Müstəqil Azərbaycan inkişaf və

demokratiya yolu ilə inamla irəliləyir 

 

Bizim qarşımızda bir çox vəzifələr dayanır. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan öz müstəqil siyasətini aparmalıdır. Xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və öz seçimimizi edə bilmirdik. Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmiş nadir ölkələrdəndir. Müsəlman dünyasında ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də xalqımızın qədim dövlətçilik ənənələrini bərpa etdi və Şərqdə ilk müstəqil respublika kimi adını tarixə yazdı. Bu gün də böyük iftixar və qürur hissi ilə deyirik ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı. Bu, Azərbaycan tarixində baş verən ən əlamətdar və önəmli hadisədir. Ulu öndər Heydər Əliyev də bu tarixi hadisəni yüksək qiymətləndirmişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal bəyannaməsinin elan olunması böyük zəka, uzaqqörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz həmin gün bu tarixi addımı atdılar”.

 

Tarixi faktlar da təsdiqləyir ki, Azərbaycanı müstəqilliyə aparan yol heç də asan olmayıb. Ancaq xalqını, millətini sevən vətənpərvər insanların demokratiya, müstəqillik, istiqlaliyyət arzusu çətinliklə də olsa, reallaşdı və bu yolda qarşıya çıxan bütün maneələr dəf edildi.

Cəmi 23 ay yaşasa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsasını qoydu. “İstiqlal bəyannaməsi” insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə, irqi, milli və digər bərabərsizliklərin ləğvinə, sivilizasiyalı dövlətlərin inkişaf etmiş demokratiyasından istifadə edilməsinə əsaslı şərait yaratdı. Bəyannamədə göstərilirdi ki, Azərbaycan demokratik respublika formasında müstəqil və suveren dövlətdir, ali hakimiyyət xalqa məxsusdur, beynəlxalq birliyin bütün üzvləri ilə dostluq əlaqələri yaradır və öz ərazilərində yaşayan xalqların bərabər inkişafına şərait yaradır.

Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də tarixi uğur qazanaraq dövlət müstəqilliyini yenidən bərpa etdi. Həmin gün dövlət müstəqilliyinin bərpa olunması haqqında parlamentdə Konstitusiya Aktının qəbul edilməsi ilə respublikamız müstəqilliyinə qovuşdu.

Azərbaycanın müstəqillik tarixi o vaxtdan başlansa da, əslində, bu istiqamətdə əsaslı dönüşün başlanğıcı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından hesablanır. Çünki müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında, ağır, məşəqqətli günlər yaşadı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başlanan münaqişə, digər tərəfdən də daxildə birincilik uğrunda mübarizə vəziyyəti son dərəcə ağırlaşdırdı. Yenicə qazanılmış müstəqilliyimizin başı üstünü almış real təhlükə xalqı addım-addım uçuruma yaxınlaşdırırdı. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı rəhbərləri taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdi. Məhz buna görə də torpaqlarımızın xeyli hissəsi itirilmişdi və vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Xalq belə məqamda yeganə çıxış yolu kimi ulu öndər Heydər Əliyevə müraciət etdi. Ulu öndər xalqın müraciətini qəbul etdi və müstəqil Azərbaycana rəhbərliyə razılıq verdi.

Dövlət müstəqilliyimizi milli sərvət hesab edən ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsaslı dönüş yarandı. Ulu öndər Heydər Əliyev ölkəni siyasi və iqtisadi tənəzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxardı, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirdi. Həmin gündən elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Həyata keçirilən təxirəsalınmaz tədbirlərin nəticəsi kimi respublikamızda ciddi nizam-intizam yaradıldı, əhalidə qorxu və vahimə yaradan qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Ordu quruculuğundakı pərakəndəliyə son qoyuldu və Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addımlar atıldı. Ulu öndərin qarşıya qoyduğu əsas vəzifələrədn biri də Ermənistanın başladığı müharibəni dayandırmaq, atəşkəs barədə saziş imzalamaq və bundan istifadə edərək ölkəmizin inkişafına nail olmaq, beynəlxalq aləmə inteqrasiaya istiqamətində qəti addımılar atmaq idi. Ulu öndərin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və beynəlxalq aləmdəki nüfuzu sayəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Bundan sonra davamlı olaraq həyata keçirilən tədbirlər də təsdiqləyir ki, Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi yolunda həyata keçirdiyi genişmiqyaslı tədbirlər, bütün sahələri əhatə edən islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatını getdikcə gücləndirilməsində böyük rol oynadı. Artıq xalqın gələcəyə olan inamı artırdı. Qarşıya qoyulan əsas vəzifələrdən biri də beynəlxalq aləmə inteqrasiya olunmaq, nüfuzlu təşkilatların üzvü olmaq, tədbirlərində fəal iştirak etmək və müstəqil Azərbaycanı dünyada tanıtmaq idi. Bu baxımdan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması vacib amil kimi önə çəkilirdi. Demokratik dəyərlərə önəm verilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, söz və mətbuat azadlığına geniş imkanlar yaradılması müstəqi ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını getdikcə artırırdı.

Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmək, malik olduğu təbii resurslardan səmərəli istifadə etmək və iri şirkətləri Azərbaycan cəlb etməklə qarşıya qoyulan məqsədlərə nail olmaq ulu öndərin həyata keçirdiyi siyasi kursunun prioritetini təşkil edirdi. 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında “Əsrin müqaviləsi” nin imzalanması ilə . Azərbaycan öz iqtisadi imkanlarını dünyaya təqdim etdi və növbəti sazişlərin imzalanmasına zəmin yaratdı.

Bütün sahələrdə qazanılan uğurlar xalqın istək və arzularını reallaşdırırdı. Heydər Əliyevin 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində verdiyi vədlər həyata keçirdi. Ulu öndər andiçmə mərasimində demişdir: “Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

İllər keçdikcə, Azərbaycanın əlaqələri daha da genişləndi. Müstəqil ölkəmizin sədası ­nüfuzlu beynəlxalq təşkilatların tribunalarından eşidildi. Heydər Əliyevin dünya siyasətində cəsarəti və qətiyyəti, əsl liderlərə məxsus dönməzliyi və məğrurluğu Azərbaycanı demokratik prinsiplərə önəm verən ölkə kimi tanıtdı. Ulu öndərin irəli sürdüyü bütün prioritetlərin əsasında qüdrətli Azərbaycanın inkişaf perspektivləri -- dünya siyasətinə uyğunlaşdırılan məntiqli xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmləndirilməsi, müstəqilliyimizin əbədi olması dayanırdı.

Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunması insan hüquq və azadlıqlarının qorunması, Azərbaycanın tolerant dövlət kimi dünyada tanıdılması istiqamətində atılan addımlar ös bəhrəsini verdi. Ulu öndərin əsas xidmətlərindən biri də dünyanın müxtəlif yerlərində yaşayan və fəaliyyət göstərən bütün azərbaycanlıları bir bayraq altında birləşdirmək idi. Dünya azərbaycanlılarına müraciətində də bildirirdi ki, hamımızın bir Vətəni var --- Azərbaycan!

Respublikamızda demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də müstəqilliyimizin bəxş etdiyi əvəzsiz nemətdir. Məhz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş ilk Konstitusiyamız hüquqi, demokratik dövlət təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını müəyyən edərək hüquq sisteminin fundamental əsaslarını təşkil edən və məhkəmə-hüquq islahatlarının keçirilməsinə zəmin yaratmışdır.

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası yolunda atılan addımlar öz bəhrəsini verdi. Respublikamız dünyanın ən reytinqli beynəxalq təşkilatlarına üzv seçildi və həmin təşkilatların tədbirlərinin fəal iştirakçısına çevrildi. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada sabit ölkə kimi tanınır və nüfuzlu beynəxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrilib.

Ulu öndərin siyasi kursunu və onun strateji inkişaf konsepsiyasının hərtərəfli reallaşdırılması istiqamətində bütün səylərini əsirgəmnəyən Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi strategiya Azərbaycanı dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşdu. Son 16 ildə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasəti, aparılan uğurlu islahatlar nəticəsində bu gün Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş , azad vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2019.- 2 noyabr.- S.3.