Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

 

Bakıda belə mötəbər tədbirin keçirilməsi, ­hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Dünya dini liderlərinin ikinci Zirvə görüşünə evsahibliyi etməklə çoxkonfessiyalı, çoxmillətli bir ölkə oduğunu, dinlərarası dialoqun inkişafında önəmli rol oynadığını bir daha təsdiqlədi. Ölkəmizdə etnik bərabərlik və dini azadlıqlar yüksək səviyyədə qorunur. Dövlətimizin başçısının dəfələrlə səsləndirdiyi “Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir” – fikri ikinci sammitin Bakıda keçirilməsinin təsadüfi olmadığından xəbər verir. Dünyanın təxminən 67 ölkəsindən

500-ə yaxın dini liderin iştirak etdiyi II sammit də ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməsinin göstəricisidir.

Respublikamızda mədəniyyətlərarası və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsi dünya birliyində də yüksək dəyərləndirilir. Bütün bunların əsasını multikulturalizm və tolerantlığın Azərbaycanda cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənə halını alması, əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanların respublikamızda sülh, dostluq şəraitində yaşamaları təşkil edur. Din və etiqadla bağlı qeyri-tolerantlıq, ayrı-seçkilik və zorakılığın artdığı müasir dünyada mədəniyyətlərarası və dinlərarası dialoq tolerantlıq, davamlı sülh, sabitlik və inkişafı təşviq edən ən önəmli vasitələrdən birinə çevrilib. Bu baxımdan, ölkəmizdə keçirilən humanitar forumlar və dialoqlar böyük əhəmiyyət kəsb edir. Bunu dünyanın tanınmış ekspertləri də təsdiq edirlər.

ABŞ-ın Hayfa Universitetinin siyasi elmlər üzrə professoru Brenda Şafferin Azərbaycanın dini və etnik azlıqlara hər zaman bərabər münasibət göstərilən bir ölkə olduğu barədə fikirlərini xatırlatmaq yerinə düşərdi. Professorun sözlərinə görə, mədəniyyətlərarası anlaşma, bir çox mədəniyyətlərin birgə yaşayışı Azərbaycanda həmişə adi hal kimi qəbul edilib.

Böyük Britaniya Parlamentinin üzvü, Harrou İst əyalətindən seçilmiş deputat Bob Bləkmanın dedikləri də maraq doğurur: “Öz milli və dini tolerantlığı ilə ad çıxarmayan Cənubi Qafqaz ölkələri arasında Azərbaycan tamam fərqli mövqeyə malikdir. Çünki bu ölkə bütün dini etiqadları və etnik azlıqları təşviq edir. Xristian ölkəsi olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər cür şərait yaradılıb. Bu, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi yolundan dönməzliyinin bariz göstəricisidir”.

Çoxlu sayda belə faktlar göstərmək olar. Çünki Azərbaycan artıq dünyada multikulturalizmin beşiyi hesab olunur. Bu da təsadüfi deyil. Multikulturalizm Azərbaycan dövlətinin tarixində hər zaman önəmli yer tutub. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra da multikulturalizmin inkişafı istiqamətində bir sıra addımlar atılıb, ölkəmiz Şərq-Qərb mədəniyyətinin, müxtəlif dinlərin beşiyinə çevrilib. Son 16 ildə Azərbaycan multikulturalizm ənənələrinin təbliği və inkişafı üçün yeni qanun və qaydalar qəbul edib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bunları bir daha təsdiqləyir. Multikulturalizmin inkişafı Azərbaycanın dövlət siyasətinə çevrilərək, hökumətin diqqət yetirdiyi sahələrin sırasında yer alıb. Azərbaycanda multikultural cəmiyyətin qurulması və milli azlıqlara mənsub mədəniyyətin qorunması qanunvericiliklə təmin olunub.

 

Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun dünya miqyasında təşviq olunması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu sahədə ölkəmiz böyük nailiyyətlərə imza atmışdır. Belə uğurlardan biri artıq dünya siyasətində mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun önəmli platforması kimi geniş müzakirə olunan “Bakı prosesi”dir. Dünya dini liderlərinin sammiti “Bakı prosesi” çərçivəsində təşkil olunan tədbirlərdəndir.

Azərbaycanın evsahibliyi etdiyi Dünya dini liderlərinin I Bakı sammiti 9 il əvvəl keçirilsə də hələ də yaddaşlardan silinməyib. Bu sammitin keçirilməsi bir daha təsdiqlədi ki, dünyada sülh və əmin-amanlığın, dostluq münasibətlərinin bərqərar olması naminə belə beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac var. Xatırladaq ki, həmin sammitdə dünyanın 35 ölkəsindən 250 nümayəndə iştirak etmişdi. Bu tədbiri yüksək dəyərləndirən Prezident İlham Əliyev bütün dinlərin nümayəndələrinin, rəhbərlərinin Azərbaycana gəlməsini, birlikdə keçirilən müzakirələrdə iştirak etmələrini böyük əhəmiyyətə malik olan bir hadisə adlandırmışdı. Dövlətimizin başçısı bu gözəl görüşün əhəmiyyətli nəticələrinin olacağına, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəyinə əminliyini bildirmişdi. Ölkə rəhbəri Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxdığını demişdi. Dünya dini liderlərinin ikinci sammitinin də Bakıda keçirilməsi 9 il əvvəl səsləndirilən fikirlərin bariz nümunəsidir.

Onu da qeyd edək ki, belə tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Respublikamız dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoqun keçirilməsi üçün ən əlverişli ölkəyə çevrilirb. Azərbaycan maliyyə resursları yatırmaqla, müxtəlif beynəlxalq konfranslar təşkil etməklə də multikulturalizmin inkişafı prosesinə mühüm töhfələr verir. Məsələn, 2016-cı il aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Bakı şəhərində keçirilib. “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən bu forumda 140 ölkədən nümayəndələr fərqli konfessiyalar və sivilizasiyalar arasında dialoqu təşviq, insanların harmonik mühitdə yaşamasını təmin etmək üçün fikir mübadiləsi aparılıb.

Belə sammitlərin keçirilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki bu tədbir dünyanın bir çox dini liderlərini bir araya gətirir, dinlər və millətlər arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə layiqli töhfəsini verir. Hazırda dünyada hökm sürən münaqişələrin əsas amillərindən biri də dindir. Radikal dini qurumlar din pərdəsi arxasında gizlənərək öz çirkin niyyətlərini həyata keçirir, münaqişələr, qarşıdurmalar, müharibələr törədilir. Minlərlə günahsız insan bu müharibələrin qurbanı olur, yaşayış məntəqələri, mədəni abidələr məhv edilir. Bakıda keçirilən sammitlərin əhəmiyyəti dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmləndirlməsi işinə layiqli töhfəsini verir. Belə bir şəraitdə Azərbaycanda birgəyaşayış prinsiplərinin bərqərar olunması və bunun dünyaya təqdim edilməsi çox önəmli bir hadisədir. Eyni zamanda, Azərbaycanın təcrübəsinin dünyaya çatdırılmasına böyük ehtiyac var.

Sammitdə böyük maraqla izlənilən dövlətimizin başçısının nitqində də bu məqamlar özünü aydın şəkildə büruzə verdi. Ölkə başçısı bildirdi ki, Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın dinlərarası dialoqun inkişafında önəmli rol oynadığını bir daha təsdiqlədi. Diqqətə çatdırdı ki, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti olduğunu vurğulayan ölkə başçısı Azərbaycanın mötəbər tədbirə ikinci dəfə evsahibliyi etməsini yüksək qiymətləndirdi: “Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır.

Sammit iştirakçılarına bəlli oldu ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar. Ölkə başçısı fəxrlə bildirdi ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Bu, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscididir. Qeyd edildi ki, bir neçə il bundan əvvəl həmin məscid əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir.

Eyni zamanda, qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsinin Azərbaycanın digər tarixi şəhəri -- Şəkinin yaxınlığında yerləşdiyi barədə də sammit iştirakçılarına məlumat verildi. Dövlətimizin başçısı bu kilsənin qədim tarixə malik olduğunu bildirdi: “Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi – Atəşgah yerləşir. Bu da onu göstərir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri vardır. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir. Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir”.

Dövlətimizin başçısı öz nitqində, həmçinin Azərbaycanın öz inkişafını, gələcəyini milli köklər üzərində quran ölkələrdən olduğunun, multikulturalizmin Azərbaycanda həm həyat tərzinə çevrildiyinin, həm də dövlət siyasətinin ­prioritetini təşkil ­etdiyinin, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyinin və münasibətlərin formalaşmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı.

Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi, II sammitdə də Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, problemin aradan qaldırılmasının yeganə yolunun Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu bildirdi: “Dinlərarası dialoqdan danışarkən, əlbəttə ki, biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur”.

Ölkə başçısı qeyd etdi ki, Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlamış və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədildiyini bildirən Prezidentimiz bütün tarixi abidələrimizin, qəbirlərimizin, o cümlədən məscidlərimizin ermənilər tərəfindən dağıldığı barədə məlumat verdi. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul edildiyini və bu qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar olduğunu xatırladan ölkə başçısı Ermənistanın hələ də bu qətnamələrə məhəl qoymadığını dedi. Digər beynəlxalq təşkilatların – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatların da oxşar qərar və qətnamələr qəbul etdiyi diqqətə çatdırıldı.

İştirakçıların fikrincə, II sammit çox böyük əhəmiyyət kəsb edir. Bu tədbirin əsas məqsədi dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir.

 

 

Əliqismət BƏDƏLOV

Xalq qəzeti.- 2019.- 16 noyabr. S. 1;4.