Gələn ilin dövlət büdcəsi prioritet sahələrin inkişafını daha da sürətləndirəcək

 

Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Qeyri-neft sektorunun dinamik inkişafı bu ilin ötən aylarında da diqqət mərkəzundə saxlanılıb. Ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə xüsusi önəm verilib. Texnoparkların, yeni sənaye müəssisələrinin yaradılması davam etdirilib, ixrac yönümlü sənaye məhsullarının istehsalı genişləndirilib, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması xüsusi diqqətdə saxlanılıb. Bütün bunlar, şübhəsiz ki, ölkəmizin gələcək inkişafını sürətləndirəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaqrespublika iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcək.

Əlbəttə, əldə olunan uğurlar Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir. Eyni zamanda, bu, xalqın birmənalı şəkildə dövlət başçısının arxasında dayanması, taleyini bu müdrik dövlət başçısına bağlaması ilə bağlıdır. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Son 16 ildə dövlət başçısı ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişafdavam etdirib. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.

Ötən illər ərzində Azərbaycanın dövlət büdcəsi gəlirlərinin formalaşan strukturu da real inkişaf dinamikası barədə dolğun mənzərə yaradır. Səmərəli iqtisadi islahatların nəticəsi olaraq hazırda dövlət büdcəsi gəlirlərinin illik artım tempi dünya üzrə ən yaxşı göstəricilərdən sayılır. Məsələn, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən başlayaraq, Azərbaycanda büdcə gəlirlərinin orta illik artımı 20-30 faiz təşkil edib ki, bu da regionda ən yüksək rəqəmlərdən hesab olunur.

Son illərin dövlət büdcələri respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha təsdiqləyir. Büdcə hazırlanarkən qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması kimi məsələlərə daha çox önəm verilir.

Gələn ilin dövlət büdcəsinin də sosialyönümlü olacağı təsadüfi deyil. Çünki ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifahının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər artıq respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.

Hökumətin müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət göstərən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verir. Respublikanın dövlət büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək imkanından məhrum olan vətəndaşların problemləri xüsusi diqqət mərkəzində saxlanılır. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.

Artıq il ərzində iki dəfə sosial paketin elan olunması da ölkə Prezidentinin əhalinin rifahının daha da yaxşılaşdırılması ilə bağlı məsələyə mühüm önəm verdiyini göstərir. Belə ki, bu ilin martsentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 mərhələ üzrə sosial paketlər təsdiqlənib. Bu zəmində minimum əməkhaqqının təxminən 2 dəfə artırılaraq 130 manatdan 250 manata, eləcə də minimum pensiyaların 72 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılması mövcud sahədə atılan mühüm ­addımlardandır.

Yuxarıda sadalanan artımlar dövlət büdcəsindən maliyyələşdirilən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə və digər sahələrdə, habelə dövlət orqanlarında çalışan işçiləri əhatə edib və artım istiqamətlərinin maliyyə tutumu 2,3 milyard manata çatdırılmaqla 4,2 milyon nəfərə şamil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib ki, Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ildə dövlət başçısının fərmanları ilə iki sosial paket reallaşdırılıb, bu tədbirlər 4,2 milyon nəfər vətəndaşı əhatə edib, islahatların 2019-cu il üçün maliyyə tələbatı isə 2,3 milyard manat həcmində olub. Cari ildə minimum əməkhaqları 93 faiz, minimum pensiya 72 faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərin aylıq müavinətləri 50 faiz, təhsil alan tələbələrin təqaüdləri 20 faiz artırılıb, iki yeni Prezident təqaüdü təsis edilib, fiziki şəxslərin problemli kreditləri ilə bağlı müvafiq qərar qüvvəyə minib. Bu artımlardan sonra Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın məbləği MDB ölkələri arasında alıcılıq qabiliyyəti indeksinə görə birinci yerdə, orta aylıq pensiyanın məbləği isə üçüncü yerdə qərarlaşıb.

Cari ildə şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmələrin verilməsi davam etdirilib, 11 min 740 şəhidin 17 min 479 vərəsəsinə birdəfəlik ödəmə verilib. Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan digər şəxslər üçün mənzil və avtomobil təminatı proqramları da genişləndirilib, ilin sonuna qədər isə 934 mənzilin və 600 avtomobilin verilməsi reallaşdırılacaq. Bu proqramların icrası 2020-ci ildə davam etdiriləcək.

Gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirilib ki, 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq, ünvanlı sosial yardımın məbləği isə 50 milyon manat artırılacaq. Gələn il üçün büdcədə sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı üçün 4 milyard 825 milyon 508 min 800 manat vəsait nəzərdə tutulub ki, bu da əvvəlki illə müqayisədə 697 milyon manat çoxdur.

Sevindirici hal odur ki, ölkə Prezidentinin apardığı struktur islahatların səmərəsi nəticəsində qeyri-leqal məşğulluğun bu il təxminən 160 min nəfərinin sığortaya cəlb olunması büdcənin artımında özünü kəskin surətdə göstərə bildi. Ehtimal var ki, bu artımlar gələn ildə də çoxalacaq və Dövlət Sosial Müdafiə Fondu əlavə vəsaitlərin toplanmasında mühüm rol oynayacaq. Faktlar bir daha onu deməyə əsas verir ki, gələn il pensiyaların və əmək haqlarının artım tempi davam edəcək və bu, mütəmadi xarakter daşıyacaq.

Dövlət Sosial Müdafiə və İşsizlikdən Sığorta fondlarının 2020-ci il üçün tərtib olunan büdcələrində gəlir və xərclər əhəmiyyətli dərəcədə artıb. Gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri bu ilə nisbətən 16,9 faiz çox, qeyri-büdcə təşkilatları üzrə 2020-ci il üçün daxilolmalar 1 milyard 985 milyon manat proqnozlaşdırılır. Bu, 2019-cu ilə nisbətən 310 milyon manat ya 18,5 faiz çoxdur. Gələn il ünvanlı dövlət sosial yardım proqramına ayrılan vəsaitin həcmi 50 milyon manat artırılacaq. Ümumilikdə orta hesabla 85 min ailənin ünvanlı sosial yardımla əhatə olunması gözlənilir.

Əhalinin məşğulluğu ilə bağlı tədbirləri daha da gücləndirmək məqsədi ilə 2020-ci il üçün İşsizlikdən Sığorta Fondunun gəlirləri xərcləri 128,2 milyon manat proqnozlaşdırılır. Bu da 2019-cu ilin gözlənilən nəticəsinə nisbətən 29,8 milyon manat ya 30,2 faiz çoxdur. Gələn il yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarının həddi isə 160 manat məbləğində nəzərdə tutulur.

 

 

Vaqif BAYRAMOV,

Xalq qəzeti.- 2019.- 16 noyabr. S. 6.