Sosial paketlər vətəndaşların həyat səviyyəsinə mühüm təsir göstərib

 

Prezident İlham Әliyev tərəfindən son illər reallaşdırılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırıb, iqtisadi inkişafı sürətləndirib, qeyri-neft sektorunun yeni mərhələyə daxil olmasını şərtləndirib. Bu siyasətə uyğun olaraq, 2019-cu ilin əvvəlindən etibarən dövlət başçısının müvafiq sərəncamları ilə geniş sosial paketin icrasına başlanılıb. İlin əvvəlində sosial paketlərin birinci mərhələsi başlanıb, bu dövrdə 4,2 milyondan çox vətəndaşın həyatına birbaşa təsir göstərən qərarlar qəbul edilib, həm minimum əməkhaqqı, minimum pensiya, həm də sosial müavinətlər, təqaüdlər və digər ödənişlər artırılıb. Burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Ölkə Prezidentinin müvafiq fərmanı ilə 2015-ci il devalvasiyalarından əziyyət çəkən vətəndaşlara dəstək üçün dövlət büdcəsindən xarici valyutada kredit götürən 600 min nəfərdən yuxarı şəxsə kompensasiya ödənilib. Ümumilikdə isə cari ilin əvvəlində elan olunan sosial paket 4,2 milyondan çox insanı əhatə edib. İndiyədək atılan addımların icrası üçün büdcədən 2 milyard manatdan çox vəsait ayrılıb.

Yeri gəlmişkən, dövlət başçısı bu ilin mart ayında sosial paketin çox böyükgeniş konseptual sənəd olduğunu xatırladaraq bu addımların davamlı olacağını bəyan etmişdi. Məhz buna görə də sonradan imzalanan sərəncamlar bu siyasətin davamlılığını təsdiqlədi. Sentyabr ayından isə sosial paketin ikinci mərhələsinə başlanıldı. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlara əsasən, minimum əməkhaqqı, bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqları artırıldı. Həmin sərəncamlarla sentyabrın 1-dən etibarən Azərbaycanda minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata qaldırıldı. Bu isə 950 min nəfər insanın sosial həyatına öz mühüm təsirini göstərdi.

Onu da bildirim ki, minimum əməkhaqqının artırılması haqqında sərəncam təkcə 260 minə yaxın təhsil işçisini əhatə edib. Yeri gəlmişkən, iqtisadi fəaliyyət növünün təsnifatına görə, muzdla işləyənlərin 23 faizi təhsil işçiləridir. Onların ödəniş sistemi iki qrupa bölünür: diaqnostik qiymətləndirmədən keçən və vahid tarif cədvəli ilə əməkhaqqı alanlar. Bu baxımdan pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər, 100 min nəfərini vahid tarif cədvəli ilə əməkhaqqı alanlar təşkil edir. Birinci qrup üzrə orta aylıq əməkhaqqı 20 faiz, ikinci qrup üzrə 40 faiz artırılıb.

Әməkhaqqı artımları təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı, eyni zamanda, təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcəkdir. Bu, Azərbaycanda müəllimlərə, təhsil işçilərinə hər zaman göstərilən yüksək qayğı və diqqətin bariz nümunəsidir.

Diqqətçəkən bir məqama da toxunmaq istərdim. İkinci sosial paketin tətbiqi özəl sektorda işçi qüvvəsinin cəlb olunması üçün əlavə stimul yaradıb. Belə ki, son altı ayın statistikasına nəzər yetirəndə bu sahədə müsbət tendensiya nəzərə çarpıb. Bu, ilk növbədə, əmək müqavilələrinin sayının təqribən 7 faiz artmasında özünü göstərib. Digər tərəfdən, əməkhaqqı fondunda 18 faiz artım yaranıb. Belə hal isə özəl sektorda 23 faiz artım deməkdir.

Ümumilikdə dövlət başçısının bu il ərzində imzaladığı fərman və sərəncamlarla iki sosial paketin ümumi maliyyə məbləği 2019-cu il üçün 2,3 milyard manat, 2020-ci ildə isə daha 3 milyard manat təşkil edəcək. Nəzərə alsaq ki, hazırda ölkə əhalisinin sayı 10 milyon nəfərdir, bunun necə böyük sosial əhəmiyyətə malik olduğunu təsəvvür etmək çətin deyil.

Mövcud iqtisadisosial mənzərə də onu təsdiqləyir ki, dövlətin siyasi iradəsi bütün hədəfləri yerinə yetirməyə imkan verir. Ölkədə aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradır. Hökumət şəffaf iqtisadiyyat quruculuğunu dərinləşdirdikcə daha böyük maliyyə əldə etməyə və sosial proqramların əhatəsini genişləndirməyə qadirdir.

Məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən başlayaraq, iqtisadiyyatda yeni islahatların başlanması “kölgə iqtisadiyyatı”nın azalmasına və şəffaflığın təmin edilməsinə mühüm təsir göstərib. Cari il yanvarın 1-dən qüvvəyə minən vergi qanunvericiliyinə edilən yeni dəyişikliklər əmək bazarında qeyri-leqal məşğulluğun qarşısının alınmasına və qeyri-neft sektoru üzrə daxilolmaların həcminin artmasına səbəb olub. “Kölgədən çıxmanın” nəticəsidir ki, əmək müqavilələrinin sayı təkcə qeyri-neft sektorunda 70 minə yaxın artıb. Әn çox qeyri-leqal məşğulluq və vergidən yayınmanın təsadüf edildiyi pərakəndə ticarət, ictimai-iaşə, tikinti sahələrindən vergi daxilolmaları 25-30 faiz yüksəlib. Güzəştin tətbiqi və şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində cari ilin 6 ayında qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövrdə 101 mindən çox artan əmək müqavilələri sayının 75 faizini təşkil edib.

Xatırladaq ki, bu ilin ilk yarısında qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı ticarət sektorunda 20,2 min (ümumi artımın 26,3 faizi), xidmət sektorunda 14,6 min (ümumi artımın 18,9 faizi), sənayedə 14,4 min (ümumi artımın 18,7 faizi), tikintidə isə 8,9 min (ümumi artımın 11,6 faizi) artıb. Beləliklə, əmək müqavilələrinin sayının artması daha çox əmək müqavilələrinin bağlanmaması hallarının geniş yayıldığı iqtisadi fəaliyyət sahələrində müşahidə olunub.

Onu da vurğulayım ki, ötən ilin 6 ayı ilə müqayisədə cari ilin eyni dövründə daha çox toplanan 286 milyon manat verginin təxminən 70 faizi qeyri-neft bölmələrini əhatə edir. Bu, o deməkdir ki, qanunvericiliyə edilən dəyişikliklər, həqiqətən də, özəl sektoru, qeyri-dövlət neft sahələrini stimullaşdırıb, həmin bölmələrdə kiçik sahibkarlıq subyektlərinin vergi yükünün aşağı salınması isə onların hesabatlılığında müəyyən sadələşdirmələrin aparılması ilə müşayiət olunub. Sadələşdirilmiş vergi dərəcəsinin 2 dəfəyədək aşağı salınması, əhatə dairəsinin dəqiqləşdirilməsi bu verginin mahiyyəti üzrə tətbiq edilməsini, kiçik sahibkarlar arasında uçotun aparılması mədəniyyətinin formalaşdırılmasını şərtləndirib. Həmçinin, şəffaflığın artması, uçotun düzgün qurulması gizlədilən vergilərin üzə çıxmasına imkan yaradıb.

Aparılan islahatlar gömrük sektorunda da hesabatlılıq və şəffaflığın artmasında əsas rol oynayıb. Qanunvericilik bazasının təkmilləşdirilməsi, sərhəd-keçid məntəqələrində inzibati prosedurların sadələşdirilməsi, fiziki şəxslərin sərhəddə keçid tezliyinin təmin olunması, idxalixracla əlaqədar mal və nəqliyyat vasitələrinin qeydiyyatı, “Yaşıl dəhliz”in tətbiqi və digər tədbirlər gömrükdə şəffaflığın təmin edilməsini daha da gücləndirib.

İlin sonuna kimi büdcəyə vergigömrük orqanları xətti ilə əlavə vəsaitlərin də daxil olacağı proqnozlaşdırılır. Dövlət büdcəsinə əlavə daxil olan vəsaitlər isə 2019-cu ilin fevral ayından icrasına başlanılan sosial paketə daxil olan müxtəlif sahələrin maliyyələşdirilməsinə yönəldilir. Yəni büdcədə toplanan əlavə maliyyə mənbələri dövlətin sosial paketlə bağlı nəzərdə tutulan bütün xərclərin maliyyələşdirilməsini tam təmin etməyə imkan verir.

Dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Bu baxımdan hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü önə çəkmək və vətəndaşların sosial rifahını yaxşılaşdırmaqdan ibarətdir. Elə buna görə də Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görürbu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, bu kateqoriyaya aid olan insanlara mənzillər, avtomobillər verilir, onlar güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər. Azərbaycanda sosial sahə üzrə görülən işlər bir tərəfdən dövlətin gücünü, digər tərəfdən isə Prezidentin həyata keçirdiyi siyasətin səmərəliliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.

Ümumiyyətlə, son illərdə Azərbaycanda insanların rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bu da ölkəmizin dinamik iqtisadi inkişafından, maliyyə resurslarının artmasından və dövlətimizin vətəndaşın rifahına yönəldilən sosial siyasətindən qaynaqlanır. Son 15 il ərzində maaşların 7 dəfə, pensiyaların isə 9 dəfə artırılması deyilənlərin bariz ifadəsidir.

Hazırda dövlət büdcəsində sosial xərclərin payı 36 faizdən artıqdır. Bu, ölkəmizdə dövlətin əldə etdiyi əlavə maliyyə mənbələrinin birbaşa vətəndaşların sosial həyatının yaxşılaşmasına yönəldildiyini təsdiqləyir. Belə bir siyasət dövlət büdcəsinin sosialyönümlülüyünü daha da möhkəmləndirir.

Bu ilin əvvəlindən etibarən Prezident İlham Әliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırkı sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaqdır. Әmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi fəallığın daha da artmasına və beləliklə, iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcəkdir. Ancaq atılan addımlar Prezident İlham Әliyevin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Bütün bunlar ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılması üçün atılan növbəti addımdır və sosial rifahın yüksəldilməsinə dair həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin miqyasının getdikcə artdığını göstərir.

 

 

 

Qəzənfər ABBASOV

Xalq qəzeti.- 2019.- 16 noyabr. S. 6.