Azərbaycanda dini tolerantlıq və multikulturalizm dəyərləri

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

Azərbaycanın qədim dinlərarası əlaqələri, ənənələri var. Bu istiqamətdə bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan özünü nümunəvi ölkə kimi göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Bu, bizim böyük sərvətimizdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin II Bakı sammitindəki nitqindən

 

Azərbaycan nadir ölkələrdəndir ki, multikulturalizmi dövlət siyasəti kimi qəbul edib və etnik-mədəni, dini, həmçinin bir çox digər müxtəliflikləri multikulturalizm siyasəti vasitəsilə çox uğurla aradan qaldıraraq inkişaf edir. Buna misal olaraq, ölkəmizdə etnik-dini zəmində heç bir ayrıseçkiliyin olmamasını göstərmək olar. Bu gün fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan hazırda haqlı olaraq dünyanın multikulturalizm mərkəzlərindən biri hesab olunur. Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur.

 

Ulu öndərin hakimiyyətə qayıdışı və həyata keçirdiyi müdrik siyasəti tolerantlıq ənənələrinin qorunması və daha da geniş inkişaf etməsi üçün əlverişli şərait yaratdı. İndiki dövrdə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə daha da inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm bir istiqaməti kimi təqdim edir.

Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının əsas göstəricisi hesab etmək olar. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Buna uyğun olaraq, ölkəmizdə dini azadlıqların, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olması tam təmin edilir, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilir və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması prinsipi əsas götürülür.Azərbaycan hökuməti bütün dini konfessiyaların hər birinə lazımi köməyi, o cümlədən maliyyə dəstəyi göstərir. Dövlətin və ölkə rəhbərliyinin Azərbaycanda mövcud olan bütün dinlərə göstərdiyi bərabər münasibət, dinlərarası əlaqələrin təkmilləşməsinə və bu münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına səbəb olur.

Bununla bağlı Prezident İlham Əliyev 2014-cü ildə Bakıda Heydər məscidinin açılışında demişdir: “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.

Azərbaycanın coğrafi mövqeyi, əhalisinin etnik tərkibi, sosial və iqtisadi inkişafının xüsusiyyətləri burada müxtəlif dini təriqətlərin mövcudluğuna şərait yaratmışdır. Ölkəmizin ərazisində İslam, xristianlıq, iudaizm, bütpərəstlik, zərdüştilik və digər dini cərəyanlar yayılmışdır. Azərbaycan əhalisinin 95 faizindən çoxu islam dininə etiqad edir, lakin ölkəmizdə müxtəlif dini konfessiyalar da azad və sərbəst şəkildə fəaliyyət göstərirlər.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda xristianlığın tarixi Alban kilsəsindən başlayır və Qafqaz Albaniyasının ərazisi ilk xristian icmalarının yarandığı məkanlardan sayılır. XIX əsrin birinci yarısından başlayaraq çar Rusiyasından və imperiyanın digər bölgələrindən sürgün edilən, habelə başqa səbəblərə görə köçürülən xristianlığın pravoslav və katolik qollarına etiqad edən insanların Azərbaycanda məskunlaşması ölkəmizdə əsasən xristianlığın pravoslav, katoliklik və protestantlıq (lüteranlıq) qollarının daha geniş fəaliyyət göstərməsinə səbəb oldu. XIX əsrin ortalarında Bakıda artıq katolik kilsəsi fəaliyyət göstərməyə başlamışdır. Almanların və polyakların Cənubi Qafqaza köçürülməsi ilə ölkəmizdə lüteranlığa inam gətirənlərin sayı artdı.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq ənənələri zaman ötdükcə yeni xüsusiyyətlər qazanıb və bu məkanda məskunlaşan insanların başlıca keyfiyyətinə çevrilmişdir. Tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğu, bütün dünyanın qəbul etdiyi və məmnunluq duyduğu həqiqətdir.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də bu missiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından müxtəlifdir. Lakin, onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, müxtəlif dinlərin və dini təriqətlərin olduğu Azərbaycanda hər zaman etnik və dini icmalar arasında möhkəm tolerantlıq əlaqələri yaranmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməmişdir. Müxtəlif dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Müxtəlif dini konfessiyaların nümayəndələri daim Azərbaycan xalqı ilə həmrəy olmuş, vahid Vətənimizin azadlığı və müstəqilliyi naminə əzmlə mübarizə aparmışlar. Fərqli dinlərə mənsub və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə canından keçərək Şəhidlik məqamına yüksələn vətəndaşlarımızın son mənzili olan Şəhidlər xiyabanı indi bizim təkcə müqəddəs məkanımız yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur.

Azərbaycanda belə bir yüksək tolerantlıq və multikultural mühitinin hökm sürməsi xalqımıza məxsus olan özəl xüsusiyyətlərin və milli-mənəvi zənginliyin sübutudur. Ulu öndər Heydər Əliyev həm İslam dininin, həm də Azərbaycan xalqının bu keyfiyyətlərini belə ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.

Azərbaycanda bu gün təkcə kilsə, kirxa və sinaqoqlar sərbəst fəaliyyət göstərmir, hazırda ölkəmizdə bir sıra xristian və yəhudi dini tədris müəssisələri azad şəkildə öz fəaliyyətlərini qurublar. Bu gün Azərbaycanda yeddi yəhudi sinaqoqu, beş pravoslav kilsəsi, dörd gürcü pravoslav kilsəsi, bir lüteran kilsəsi (kirxa), bir katolik kilsəsi (kirxa) və iki Alban-udi kilsəsi mövcuddur. İbadət evləri ilə yanaşı, pravoslav kilsələri yanında bazar günü məktəbləri, protestant icmalarının bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları və s. fəaliyyət göstərir. Qeyd etmək yerinə düşərdi ki, bu qurumlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Dinlərə və müxtəlif dini fəlsəfi cərəyanlara tolerant münasibətilə hər zaman seçilən Azərbaycan xalqı bu keyfiyyətinə görə bütün dünyada fərqlənməkdədir.

Azərbaycan dövlətinin tolerantlıq prinsiplərinə hər zaman sadiq olması müxtəlif dini təriqətlərə, dini abidələrin və məbədlərin qorunması və bərpasına, bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfrans və tədbirlərə münasibətində, həmçinin milli qanunvericilik aktlarında da aydın görünür. Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri ­sırasındadır.

Ölkə Prezidenti cənab İlham Əliyev respublikada fəaliyyət göstərən bütün dini konfessiyaların bayramlarında və əlamətdar günlərində eyni olaraq müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, bayramlarda insanları təbrik edir, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.

Bu gün qloballaşma dövründə multikultural əlaqələr və təmaslar dünya siyasi mənzərəsinin vacib amillərindən birinə çevrilib. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilmiş Dünya dini liderlərinin Bakı sammiti öz əhəmiyyətinə görə xüsusi yer tutur və bu mötəbər tədbir ölkəmizi dini tolerantlıq zəminində əməkdaşlıq məkanı kimi müzakirə meydanına çevirib.

Qeyd etmək lazımdır ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirdi.

Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

Son zamanlar Azərbaycan iri nəqliyyat, idman, musiqi, humanitar layihələrə ev sahibliyi etməklə, eyni zamanda, regionun sanballı əməkdaşlıq mərkəzinə çevrilib.Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib.

 

 

 

Rafiq NOVRUZOV,

professor, Bakı Slavyan Universitetinin prorektoru

Xalq qəzeti.- 2019.- 16 noyabr. S. 7.